Azərbaycanda qadın vəkillərin sayı buna görə azdır - ARAŞDIRMA

Əsabəli Mustafayev: “Qadınların karyera qurması üçün xüsusi fəaliyyət planı lazımdır”

“Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”. Bunu bir neçə gün öncə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov  jurnalistlərə açıqlamasında deyib. Anar Bağırov bildirib ki, təhlillər qonşu ölkələrdə bu problemin mövcud olmadığını göstərir:

“Onlarda qadın və kişi vəkillərin sayı bərabərdir. 2018-ci ildə ölkədə qadın vəkillərin sayı 15 faiz idisə, son illərdə 20 faizə yaxındır. Hazırda Azərbaycanda 400 nəfərə yaxın qadın vəkil fəaliyyət göstərir. Ümumilikdə bu say müsbət dinamika ilə artır”.

Anar Bağırov həmçinin bildirib ki, Azərbaycanda bütün qadınların hüququ tanınır və gender bərabərliyi tam təmin olunur. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün də maraqlıdır: “Bizdə xanımlar ən yüksək vəzifələrdə təmsil olunur. Həm dövlətin idarə edilməsində, həm də qeyri-dövlət sektorunda geniş təmsil olunurlar”.

Qeyd edək ki, ötən il bu rəqəm 381 nəfər idi hansı ki, bu, ümumi vəkil sayının 18 faizi deməkdir.

Məlum olduğu kimi, tarix boyu hüquq müdafiəçiliyi, qanunların keşiyində durmaq güclü cinsin - kişilərin peşəsi hesab edilsə də, zaman keçdikcə başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də əsaslı dəyişikliklər baş verib və bu gün bütün dünya ölkələrində hüquqşünas kimi fəaliyyət göstərən qadınların sayı kifayət qədərdir.

Ölkəmizdə də hər il ali təhsil müəssisələrinin hüquqşünas fakültəsinə kifayət qədər xanım tələbə daxil olur. Statistikaya görə, ölkədə hüquqşünas tələbələr arasında xanım və kişilərin sayı bərabərdir. Lakin sonradan hansısa səbəblər ucbatından bir çox hüquqşünas xanımlar öz peşələri üzrə çalışmırlar. Halbuki cəmiyyətimizdə qadın vəkillərinə ciddi ehtiyac var. Vəkillər Kollegiyasına müraciət edən qadınlar əksər hallarda qadın vəkillərə üstünlük verməyə, onlara inam göstərməyə çalışırlar. Zərif cinsin nümayəndələri arasında müstəntiq, dövlət ittihamçısı kimi vəzifələrdə çalışanların da sayı kifayət  qədər azdır.

Bəs səbəb nədir? Ölkədə qadın vəkillərin sayı niyə hələ də kifayət qədər deyil?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən bu məsələyə toxunarkən, qeyd etmişdi: "Qadın vəkillərin sayı azdır. Buna səbəb onların bu peşəyə üstünlük verməmələridir”’.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Tanınmış vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Vəkil qeyd edib ki, ölkədə istər dövlət orqanlarında, istərsə də özəl sektorda vəzifədə olan qadınların faiz miqdarı kişilərlə müqayisədə çox aşağıdır. Eləcə də deputat, nazirlərin sırasında qadınların sayı azdır: “Məsələn, neçə nazir qadın var? Yalnız Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri var, başqa qadın nazirimiz yoxdur. Həmçinin baxaq, icra başcıları sırasında qadınların sayı neçə faiz təşkil edir? Bəlkə də heç 1 faiz təşkil etmir. Beləliklə, bu mövzu hər zaman müzakirə predmeti olub ki, nə üçün qadınların karyerasında bu cür geri qalmalar var.

Hesab etmirəm ki, müstəsna bir vəziyyətə görə Vəkillər Kollegiyasında qadın vəkillərin sayı azdır, bu, ümumi ölkədə olan vəziyyətlə bağlıdır. Hüquq fakültəsinə qəbul olunanları araşdıranda məlum olacaq ki, qəbul olunan qadın tələbələrin sayı kişilərlə nisbətdə çox aşağıdır. Məsələn, ola bilsin ki, 15 faiz təşkil etsin".

Əsabəli Mustafayev qeyd edib ki, keçmiş sovet dövründə də vəkil qadınların sayı azlıq təşkil edib: “Sovet dövründə, indi də vəziyyət bu cürdür. Bəlkə də çətin sahə olduğu üçün qadınlar bu peşə üzrə fəaliyyət göstərməkdən çəkinirlər. Elə sahələr var ki, orada qadınlar üstünlük təşkil edir və daha bacarıqlıdırlar. Məsələn, həkimlik, müəllimlik sahəsində. Və yaxud ola bilsin ki, qadınlarda mərhəmət hissi daha güclüdür deyə, onlar daha çox səhiyyəni, təhsili seçirlər. Digər sahələr ola bilsin ki, onların xarakterinə xas deyil. Misal üçün, müstəntiq, hakim, vəkil  olmaq. Yəni səbəblərdən biri peşənin xarakterlərinə uyğun gəlməməsi ola bilər.

Başqa bir səbəb: bir çox qadınlar ali məktəb bitisə də, sonradan işləmək istəmir, evdar qadın olmağa üstünlük verir və yaxud elə özünə elə bir rahat iş seçir ki, daim ailəsi, uşaqları ilə ünsiyyətdə olsun. Ona görə də hesab edirəm ki, qadınların karyera qurması üçün xüsusi fəaliyyət planı lazımdır. Yəni qadınlara dəstək olsun ki, onlar öz karyeralarında irəliləyə bilsinlər. O sırada bağça, məktəb sistemini inkişaf etdirmək, ailənin təminat məsələsini gücləndirmək lazımdır ki, qadınlar əmək fəaliyyəti ilə istədikləri kimi məşğul ola bilsinlər".

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.

Yazını hazırladı: Xalidə GƏRAY

17.06.2023 08:53
1269