2024-cü il yanvar ayının 1-nə Azərbaycanda pul bazası ötən ilin dekabr ayının 1-nə nisbətən 13.9% və ya 2.5 milyard manat artaraq 20 milyard 875.2 milyon manata yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankından xəbər verilib. Məlumata görə, ölkədə pul bazası ötən ilin əvvəli ilə müqayisədə 19.6% və ya 3.4 milyard manat artıb.
Pul bazasının artması heç də həmişə pozitiv olmur. Bu, inflyasiyaya gətirib çıxaran amil sayılır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.
Onu da qeyd edək ki, 2023-cü il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda pul bazası 18 milyard 116,9 milyon manat təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,8 % azdır. 2023-cü il noyabr ayının 1-nə olan məlumata görə isə Azərbaycanda pul bazası ötən aya nisbətən 2.8% və ya 505.8 milyon manat artaraq 18 milyard 402 milyon manata yüksəlib. Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 19.6, 5.4% və ya 941.7 milyon manat, son 1 ildə isə 19.6, 10.4% və ya 1 milyard 731 milyon manat artıb.
Burada iki sual aktualdır - pul bazası hansı mənbə hesabına artıb? İkinci sual isə inflyasiya riskləri nə qədər çoxdur və qarşısı necə alına bilər?
Natiq Cəfərli: “Ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşması və həyata keçməsi üçün...”
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, pul bazasının artması obyektiv səbəblərə görədir: “Çünki xərclər artıb. Əsasən də işğaldan azad olunmuş torpaqlarda təmir-tikinti işlərinin artması pul bazasının artmasına səbəb olur. Amma pul bazasının artması da inflyasiya basqısını artırır. Yəni pul bazası nə qədər artırsa, dövriyyədə olan vəsaitin artımı nə qədər çox olursa, bir o qədər də inflyasiya proseslərinin şahidi oluruq. Təəssüf ki, bu gün Azərbaycanda yüksək inflyasiya rəqəmlərinin səbəblərindən biri məhz pul bazasının artmasıdır”.
O da qeyd edilir ki, ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşması və həyata keçməsi üçün real sektor qarşılıqlı rəqabət, müvafiq stimullaşdırıcı mexanizm, mənfəət və səmərəlilik prinsipləri əsasında inkişaf etməli, maliyyə bazarı istehsal prosesi ilə əlaqəli şəkildə mövcud olmalıdır. Əks təqdirdə, pul bazasının artması və yaxud azalması kimi göstəricilər özünü elə həmişə səbəb yox, nəticə rolunda büruzə verəcək.
Eyyub Kərimli: “Pul bazasının genişlənməsinin daha çox müsbət effektləri olur, lakin...”
İqtisadçı Eyyub Kərimli də bizimlə söhbətdə bəzi məqamlara aydınlıq gətirdi: “Müşahidələr və təcrübə göstərir ki, pul bazasının artması real sektorda daha da aktivləşməyə səbəb olur. Lakin burada söhbət inflyasiyanın tənzimlənməsindən gedir. Bəzən pul bazasının genişlənməsi inflyasiya səviyyəsinin artmasına da səbəb olur. Real sektorun canlanmasına səbəb olsa da, bəzən tələbin artmasına səbəb olur. Bu baxımdan, inflyasiyanın artması, kreditlərin daha da çoxalmasını özündə əks etdirir. Sözsüz ki, kreditlər çoxaldıqca tələb artır, bu da inflyasiyanın artmasına öz təsirlərini göstərir. Ötən il də uçot dərəcələri Mərkəzi Bank tərəfindən tənzimlənib, bu gün də pul bazasının artması Mərkəzi Bank tərəfindən tənzimlənir. Hesab edirəm ki, Mərkəzi Bank tərəfindən daha optimal pul siyasəti həyata keçirilməlidir. Pul bazasının kəskin artması arzuolunan deyil. Amma pul bazasının kiçilməsi də arzuolunan deyil. Hətta biz ötən ilin dekabr ayına nəzər salsaq, dekabrda noyabr ayına nisbətən pul bazasında azalma müşahidə etmişdik. Yəni bu dinamik bir prosesdir. Hazırda sözsüz ki, pul bazasının genişlənməsinin daha çox müsbət effektləri olur, lakin bu proses mütləq tənzimlənməlidir”.
Vüqar Bayramov
Uçot dərəcələrindən söz düşmüşkən, millət vəkili Vüqar Bayramov öz sosial media hesabından bildirib ki, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib: “Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi. Adətən mərkəzi banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə, depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa da belə, unutmaq lazım deyil ki, bu, banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil.
Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir".
Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti” hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”