Azərbaycanda “LAW & CLİMATE” adlı beynəlxalq konfrans keçirəcək  

Bu ilin sentyabrında Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə Bakıda “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfrans baş tutacaq.

Musavat.com xəbər verir ki, konfrans bu il ölkəmizin təşkilatçılığı və ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 öncəsi keçiriləcək.
Konfransın məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Tədbirdə iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə müxtəlif ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən hakimlərin, alimlərin və digər hüquqşünasların iştirakı nəzərdə tutulur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

19.07.2024 12:27
626