Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb. Hesablamalara əsasən, işsiz qadınların sayının kişilərə nisbətən daha azdır.
Maraqlıdır, kişilər niyə iş tapa bilmir?
Mövzunu “Yeni Sabah”a şərh edən sosioloq Mail Yaqub səbəbi belə izah edib:
“Bunun müxtəlif səbəbləri ola bilər. Məsələn, bəzi işlərdə əməkhaqqı azdır deyə belə vakansiya olanda kişilərdən çox xanımlar həmin yerə müraciət edir. Azərbaycan məktəblərində qadın müəllimlərin də sayı kişilərə nisbətən daha çoxdur. Son illərdə müəllimlərin məvacibi artıb, onların sosial təminat məsələsində müəyyən qədər müsbət irəliləyişlər var. Amma yenə də bütün bunlar kişilərin müəllim olaraq məktəblərə cəlb edilməsinə kifayət edən səbəblər deyil. Ona görə də, orta məktəblərdə qadın müəllimlərin sayı artmağa davam edir. Bu sahəyə daha çox xanımlar gəlir”.
Sosioloq əsas səbəb olaraq təyin edilən əməkhaqqını göstərir:
“Başqa bir sahəni də bu mövzuya misal göstərmək olar. Elmlər Akademiyasında çalışan alimlərdən birinin müsahibəsində eşitdim ki, elmi iş müdafiə edənlərin əksəriyyəti qadınlardır.Niyə? Çünki Azərbaycanda alimlər cüzi maaş alırlar. Elə bir səviyyədə məvacib alırlar ki, bu onların sosial statusuna ümumiyyətlə uyğun gəlmir. Ona görə kişilər bu kimi sahələrə üz tutmaqdan imtina edirlər”.