Azərbaycanda inanılmaz hadisə - Yolda yanan TIR-ı oğurlayıb satdılar

Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qəzaya uğrayaraq yanan “Scania” markalı TIR-ın oğurlandığı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Gürcüstana məxsus olan TIR qəzaya uğradıqdan bir qədər sonra naməlum şəkildə yoxa çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini olan 1978-ci il təvəllüdlü Vüqar Məmmədov yol kənarında yanmış halda qalmış TIR-ı oğurlayaraq aparıb. O, daha sonra Gəncədə “Musayevin qarajı” adlanan ərazidə işləyən Sadiq adlı tanışına həmin TIR-ı metal qırıntısı kimi 3 min manata satıb.

Bir müddət sonra gürcüstanlı sürücü və çalışdığı şirkət TIR-ın ardınca Azərbaycana gəlib və nəqliyyat vasitəsinin qalıqlarını qoyduqları yerdə tapa bilməyib. Onlar konsulluq vasitəsilə polisə şikayət ediblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə cinayət işi açılıb. Vüqar Məmmədov polis tərəfindən saxlanılıb.

Şəmkir rayon Məhkəməsinin 14.05.2024-cü il tarixli hökmü ilə Vüqara 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.

24.05.2024 21:31
1575