Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

Azərkosmos İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) birgə ilk dəfə ölkəmizdə “Kosmik tibbin əsasları” mövzusunda beynəlxalq təlim keçirəcək.

Təlimdə Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin və ABŞ-nin tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmış professorları iştirak edəcəklər.

Bu unikal təlim iştirakçılara kosmik tibbin əsasları, mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb, psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skelet sistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri, nevroloji dəyişikliklər və digər mövzular üzrə dərin biliklər təqdim edəcək.

Təlim Azərbaycanda akkreditə olunub və beynəlxalq səviyyədə kosmik tibb üzrə sertifikatlaşdırılıb.

Təlim 19-21 dekabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcək.

Təlimə qatılmaq üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Son qeydiyyat tarixi: 22 noyabr 2024-cü il

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Qeyd edək ki, kosmik tibb kosmosda və mikroqravitasiya şəraitində insan sağlamlığını və fiziologiyasını öyrənən çoxşaxəli bir sahədir. Bu sahə astronavtların və kosmosda fəaliyyət göstərən mütəxəssislərin sağlamlığını qorumaq, onların tibbi ehtiyaclarını qarşılamaq və kosmosun insan orqanizminə təsirini anlamaq məqsədini daşıyır.

06.11.2024 16:58
178