Azərbaycanda hansı pensiyaçıların sayı azalıb?- İqtisadçı-alim aydınlıq gətirdi

Ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, bu, əhalinin 10.8 faizinin pensiyaçı olması deməkdir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Millət vəkilinin fikrincə, pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır: “DSK-nin Dövlət Sosial Müdafiə Fonduna istinadən paylaşdığı sonuncu məlumatda struktur üzrə dəyişiklik qeyd olunmasa da, digər mənbələrin statistikası ilə bu müqayisənin aparılması mümkündür. Belə ki, 2022-cü ilin yekunlarında yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub. 2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər olub. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb.

Vüqar Bayramov: "Nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda artım  tendensiyasının davam edəcəyindən xəbər verir"

Vüqar Bayramov

Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb.

Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi. Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb.

Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq, digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb. Ötən il ərzində əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayındakı 23 min 265 nəfər azalma yaşa görə pensiyaçıların sayındakı 5 min 65 nəfər artımın fərqi 18 min 200 nəfər ümumi azalma ilə nəticələnib”.

Millət vəkili hesab edir ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini və əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaçıların sayının azalma səbəblərinin tam araşdırılmasını aktuallaşdırır.

Musavat.com

22.03.2024 19:20
1185