Azərbaycanda “Halloween” bayramı olsun, ya olmasın?

Hər il oktyabrın 31-i müxtəlif ölkələrdə “Halloween” bayramı qeyd olunur. Qərb xristianlarının qeyd etdikləri bayramın kökləri müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşamış keltlərin adətlərindən götürür. Qədimlərdə ilin tünd (qaranlıq) vaxtının başlanmasının simvolu olan bayram xristianlığın gəlişi ilə mahiyyətini də dəyişib. Qloballaşma dövründə isə atributları və keçirilmə tərzi də yeni hal alıb. İndi o, daha çox şər qüvvələrin tərənnüm olunduğu tədbirdir.

Son dövrlərdə Azərbaycanda da qeyd olunması halları alıb. Bir qisim “Halloween”ə əyləncə gözü ilə baxsa da, bəzi valideynlər onun mədəniyyətimizə calaq olunması cəhdindən narahatlıq keçirirlər.

Bəs özgə bayramı “Halloween” Azərbaycanda da keçirilməlidirmi?

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, “Halloween”in müsbət tərəfləri də var və onlardan biri onun həm ailə daxilində, həm də geniş cəmiyyət arasında birləşdirici rol oynaması ilə bağlıdır: “Keltlər arasında "Samhain" adı ilə tanınan bu bayram xristianlığın yayılması ilə dini bir məzmun daşımağa başlayıb. Müasir dövrdə isə bu bayram ənənəvi simvolikasını dəyişərək, daha çox qloballaşmanın və əyləncənin bir hissəsinə çevrilib. Bu dəyişikliklə “Halloween”, özündə fantaziya, qorxu elementləri və vizual cəlbediciliyi birləşdirən, həm də böyük iqtisadi gəlir gətirən bir bayrama çevrilib. “Halloween”in müsbət tərəflərindən biri onun həm ailə daxilində, həm də geniş cəmiyyət arasında birləşdirici rol oynamasıdır. Uşaqlar və böyüklər müxtəlif geyimlər geyinərək “şirniyyat, yoxsa oyun?” (trick-or-treat) adlı əyləncəli oyunlar oynayır, müxtəlif maskalar taxaraq qorxu və fantaziya dolu şənliklər keçirirlər. Həmçinin “Halloween”in fərdi yaradıcılığı və özünüifadə azadlığını dəstəklədiyini də qeyd etmək olar. İnsanlar hər il bu günə öz xəyallarındakı fərqli obrazları canlandıraraq psixoloji rahatlıq tapır, rəngarəng kostyum və dekorasiyalarla estetik zövqünü nümayiş etdirirlər. Bayram həm də kütləvi marketinq, şirniyyat, geyim və dekorasiya kimi sektorlarda geniş iqtisadi fəaliyyətlər yaradır".

Bununla belə, ekspert hesab edir ki, “Halloween”in mənfi tərəfləri də nəzərə alınmalıdır: “Bayramın qorxu və şiddət elementləri xüsusilə uşaqlar üçün mənfi təsirə malik ola bilər. Uşaqlar bu günün ruhuna uyğun olaraq qorxunc obrazlarla tanış olur, bəzi hallarda onların psixologiyasında narahatlıq yaradan səhnələrlə qarşılaşırlar.   Azərbaycan cəmiyyətində isə "Halloween"in qeyd edilməsi ilə bağlı narahatlıq daha çox mədəniyyət və dəyərlərin qorunması istiqamətindədir. Bəzi valideynlər düşünür ki, bu bayramın təbliği milli-mədəni dəyərlərimizdən uzaqlaşma təhlükəsi yaradır. Bu kimi bayramların uşaqlara mənfi psixoloji təsir göstərdiyi və onların düşüncə tərzində qarışıqlıq yaratdığı da bildirilir. “Halloween”də qaranlıq, qorxu və qeyri-adi qüvvələrə yönəlmiş diqqət, xüsusilə kiçik yaşlı uşaqlar üçün qəddar və travmatik təsir göstərə bilər. “Halloween”in Azərbaycanda qeyd olunmasının artması ilə birlikdə məktəblərdə və bağçalarda bu bayramın təsiri daha geniş şəkildə hiss olunur".

Kamran Əsədov deyir ki, bu bayramın mədəniyyətimizə “calaq” edilməsi narahatlıq doğurur, çünki bu bayram Qərb mədəniyyətinə məxsus bir tədbirdir və özündə başqa bir dünyagörüşü, dinamik psixoloji təsir daşıyır: “Azərbaycan cəmiyyətində mədəni və dini baxımdan fərqli ənənələr üstünlük təşkil etdiyi üçün, bəzi valideynlər bu cür Qərb bayramlarının yerli adətlərə zidd olduğunu düşünür. Dünyada müxtəlif ölkələr "Halloween"in qeyd olunması ilə bağlı müxtəlif mövqelərə malikdir. Məsələn, İranda və bəzi müsəlman ölkələrində bu bayram qeyd olunmur, çünki onların mədəni və dini dəyərlərinə uyğun deyil. “Halloween”in qeyd edilməsinin həm fərdi, həm də cəmiyyət üçün bəzi faydaları olsa da, onun psixoloji təsiri və mədəniyyətin qorunması baxımından da ciddi yanaşılmalıdır. Təhsil müəssisələrində bu bayramın qeyd edilməsi zamanı psixoloqların və pedaqoqların xüsusi rolu olmalıdır. Çünki uşaqlar üçün qorxunc obrazların onların psixologiyasına təsiri nəzərə alınmalı, onların yaşlarına uyğun bayram proqramları təşkil edilməlidir".

Aydın Xan Əbilov: “Baboş”a ev bağışlayan şəxsdən soruşmaq lazımdır ki, nə  edib ki, ona birdən-birə ev bağışlayırsan?” Pravda.az

Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə mövzuya bu cür şərh bildirib: “XXI əsrdə, qlobal  dünyada yaşayırıq. Bu yuzilliyin özünəməxsus həyat tərzi, eyni zamanda inteqrasiya, qloballaşma dövrünün planetar düşüncəsinə cavab verən müəyyən estetik, məişət, mərasim və bayram formaları var ki, bu yalnız bir ölkənin, bir cəmiyyətin, xalqın deyil, bütövlükdə bütöv planetin bütün zəmanələrdə yaşayan insanların əlamətdar hadisəsi, günü, bayramına çevrilir. Belə hadisələrdən biri də "Halloween" bayramıdır ki, bu bayramı da artıq neçə ildir ki, dünyanın hər yerində, o cümlədən də Azərbaycanda qeyd edirlər. Müəyyən beynəlxalq günlər, bayramlar, müxtəlif dinlərin mərasimləri bir xalqın deyil, bütövlükdə müxtəlif cəmiyyətlərə aid olur. Eyni zamanda dünyəvi bayramlar var, məsələn Yeni il bayramı - biz bunu təqvimlə əlaqələndirsək də, əslində xristian bayramıdır, yəni İsa peyğəmbərin mövludu ilə bağlıdır, 8 Mart Beynəlxalq Qadınlar bayramı - məlum olduğu kimi, bu bayram ilk dəfə Amerikada feminist qadınların mitinqə çıxması ilə bağlıdır, Novruz bayramı - bu bayramı həm fars, həm də türkdilli dövlətlər keçirirlər və sairə. Onda belə çıxır ki, bu bayramların hər birinə bir “əmma” axtarıb tapaq, onu qaralayaq və ölkəmizdə keçirilməsinin əleyhinə çıxaq. Nədənsə beynəlxalq arenada qeyd olunan bayramların keçirilməsinə heç kəs heç nə demir, amma hər hansı subkontural qrupların ölkəyə gətirdiyi bayramlar haqqında o dəqiqə tənqidi fikirlər başlayır. Əgər bir beynəlxalq bayram Azərbaycanda insanlara sevinc gətirirsə, onda qaçmaq, yan keçmək olmaz və əvvəl-axır insanlara təsir edəcək. Biz onları qadağan etsək və yaxud ictimai qınağa tuş gətirsək, onda insanlar zirzəmilərə enəcək, klublar səviyyəsində onu qeyd edəcək".

Ekspert  “Halloween”in bağçalarda və məktəblərdə keçirilməsini normal hal hesab etdiyini deyib: “Onda gərək uşaqlara "Maşa və ayı", “Nu poqodi” cizgi filminə, eləcə də “Sehirli xalat” filminə baxmağı da qadağan edək. Əgər bir uşaq sağlam mühitdə yaşayırsa, ailəsi onu mənəvi estetik cəhətdən böyüdüb, intellektual səviyyəsini yüksəldirsə, hələ körpəlikdən, muzeylərə, konsertlərə aparırsa, uşaq mütaliə edirsə onun zövqünü heç nə, o cümlədən də hansısa bayramlarda rəngləmiş, qeyri-adi kostyumlar geyinmiş qəhrəmanlar poza bilməz. Ona qalsa bizim Novruz bayramında Keçəl və Kosa, Xan obrazı da uşaq psixologiyasına mənfi təsir etməlidir.  “Halloween” bayramının özünəməxsus gözəllikləri var. İnsanlar həftələrlə bu bayrama hazırlaşır, maraqlı, kreativ kostyumlar, paltarlar, maskalar hazırlayırlar, burada hərəkət, sosiallaşma, bayramlaşma, insanların bir-biri ilə canlı ünsiyyəti, hətta idmanın müxtəlif növlərindən, rəqslərdən istifadə var. Bunun nəyi pisdir?"

Xalidə GƏRAY,
“Yeni Müsavat”

01.11.2024 08:25
963