"Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirovun Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının məzarı 32 ildən sonra tapılıb.
Musavat.com xəbər verir ki, Ərşad Nadirovun məzarı Ağdam rayonunda, 4 il yarımdan sonra aşkarlanıb.
44 günlük Vətən müharibəsində Vüqar Nadirovun atasının məzarının olduğu Ağdam rayonunun Uzundərə ərazisi işğaldan azad edilsə də, ərazi təhlükəli hesab olunduğu üçün və işğal dövründə ermənilərin məzarlığı dağıtdıqlarına görə futbolçu tərəfindən məzarın yerini tapmaq və ora səfər etmək üçün müvafiq qurumlara müraciət edilib. Nəhayət, bu gün ailə üzvləri Ağdam rayonuna gedərək məzarı ziyarət ediblər.
Ərşad Zahid oğlu Nadirov 1950-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirib. Müharibənin ilk günlərində özü kimi vətənpərvər və döyüşkən oğulları başına toplayaraq “Koroğlu dəstəsi” adlı özünümüdafiə batalyonu yaradıb. Ağdam camaatı onun dəstəsinə həm də “Kötəl batalyonu” deyirdi. Bu batalyon əsasən Şelli tərəfdə döyüşürdü.
“General” Ərşad Nadirov Ağdamın işğalından bir gün əvvəl – 1993-cü ilin iyul ayının 22-də ermənilərin atdığı raketin partlaması nəticəsində döyüşçü dostları ilə birlikdə həlak olub. Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisində, yeni salınmış Şəhidlər xiyabanında dəfn edilib.
Şahanə Rəhimli
Musavat.com