Sumqayıtda evə silahlı basqın edərək üç nəfəri öldürüb, üç nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin məhkəməsi başlayır.
Cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüblər.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev saxlanılıb.//Report