"Gələn il ətin qiymətində təxminən 25-30 faiz bahalaşma gözlənilir".
Bunu İqtisadiyyat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib.
Onun sözlərinə görə, hər il ət istehsalı getdikcə azalır: "Bu il isə ət istehsalının azalması xüsusilə hiss olundu. Ona görə də ətin qiymətində bahalaşma baş verir. Bu il ətə tələbatın az olduğu yay aylarında və eyni zamanda Məhərrəmlik ayında ətin qiymətində 1 manat bahalaşma baş vermişdi".
Ekspert bildirib ki, bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə ət idxalı 93 faiz artıb. Bu da ölkə daxilində ət istehsalının azaldığını göstərir: "Təəssüf ki, idxal əti ilə daxildə ətə olan tələbatı ödəmək bir qədər çətindir. Çünki ölkə daxilində bazarın konyukturası buna imkan vermir. Bazarlarda qəssabların satdığı ətin içərisində idxal ətinin sayı çox azdır. Yəni bazarlarda satılan ətin əksəriyyəti yerli istehsaldır".
A.Nəsirli hesab edir ki, gələn il ət və ət məhsulları, quş və quşçuluq məhsullarının bahalaşacağı gözlənilir:
"Son 3 ildir ki, ölkədə heyvandarlığın yem bazasına ciddi zərbə dəyib. Belə ki, fermerlər yonca sahələrindən məhsul götürə bilmirlər. Qış aylarında havaların mülayim keçməsi zərərvericilərin inkişafına səbəb olur. Ona görə də ot sahələri məhv olub. Bu vəziyyətin qarşısını almaq üçün ciddi addımların atılmaması təəssüf doğurur. Çünki yaranan vəziyyət ət istehsalında maya dəyərinin bahalaşmasına səbəb olur".
Ekspert xatırladıb ki, 2024-cü il 1 yanvar tarixinədək ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar təsdiq üçün Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməli və öz məhsullarını bəyan etməlidirlər: "Əks halda qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Əldə etdiyim məlumata görə, idxal şirkətlərinin əksəriyyəti hələ də qeydiyyatdan keçməyiblər. Bu isə həmin şirkətlərin məhsullarının ölkəyə idxalına məhdud qoyulacağını göstərir. Nəticədə ölkədə ət və ya quş ətində qıtlıq yarana bilər. Təxminən 6 ay müddətində ölkədə ət məhsullarının qiymətində bahalaşma baş verəcək".
A.Nəsirlinin söyləyib ki, işğaldan azad olunmuş ərazilər əsasən heyvandarlıq üçün əlverişlidir. Onun sözlərinə görə, bu ərazilərdə kütləvi şəkildə heyvandarlıq inkişaf etdirilərsə, ölkənin ətə olan tələbatı əsaslı şəkildə təmin olunacaq: "2015-ci ildən etibarən heyvandarlıq üçün nəzərdə tutulan ərazilər pambıqçılıq üçün ayrıldı. Ona görə də heyvandarlıq inkişafdan geridə qaldı".