Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.
Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir.
"Business Ready" - dünyanın əksər iqtisadiyyatlarında biznes və investisiya mühitini müqayisə edən Dünya Bankının yeni qabaqcıl hesabatıdır. Həmin hesabatın indikatorlarından biri "İşçi qüvvəsi" adlanır.
Qeyd edək ki, bu təcrübə bir çox ölkələrdə, o cümlədən ABŞ-də tətbiq edilir. Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən saatlıq minimum əməkhaqqından aşağı işçiyə maaş ödəyə bilməz.
Bəs ölkəmizdə də bu sistem tətbiq olunarsa, bunun müsbət və mənfi tərəfi nə ola bilər?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Ölkədə minimum əmək haqqı 345 manatdır, indiki rəqəmi, 8 saatlıq iş gününü, 5 günlük iş həftəsini nəzərə alsaq, bir saatı 2 manat 15 qəpiyə düşür, 6 günlük iş həftəsi olanlar üşün isə bir saatlıq ödəniş 1 manat 79 qəpik edir. Amma ABŞ-da bir saatlıq minimum əmək haqqı 7,25 dollar, 12 manat 32 qəpikdir, yəni, işçiyə bundan aşağı maaş ödəmək olmaz. İsraildə isə bir saatlıq minimum əmək haqqı 8,41 dollar, 14 manat 29 qəpikdir.
Tutaq ki, hökumət xoş niyyətlə bu addımı atmaq istəyir, o zaman bu suallar yaranır:
1) İndiki sistemdə 345 manatdan aşağı aylıq maaş vermək olmaz, məsələn, bir saatlıq minimum əmək haqqını artırıb 3 manat etdilər. İşəgötürən işçiyə dedi ki, sənin 2 saatlıq işinə ehtiyacım var – günə 6 manat, 5 günlük iş həftəsinə 30 mant, aya da 120 manat ödədi, belə olan halda işçi nə etməlidir, kim udacaq, kim uduzacaq?
2) DSMF ödənişləri (özəl sektorda) işəgötürən və işçi üçün ağır yükdür, indi sövdələşib minimum aylıq əməkhaqqına yaxın müqavilə bağlayırlar ki, hər ikisi DSMF-yə az ödəsin, çünki, hər ikisi DSMF-yə inanmırlar. Saathesabı ödənişə keçsələr hər bir işçi ilə 3-4 saatlıq iş rejimi müqaviləsi bağlasalar, bu zaman legal ödəniş azalacaq. Bəs DSMF ödənişləri necə hesablanacaq?
3) Biz illərdir deyirdik ki, VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum maaşa bağlılığı ləğv edilməlidir, çox mənasız bağlantıdır – yəni, minimum əməkhaqqı artan kimi VÖEN-lə işləyənlərin DSMF-yə ödənişləri də avtomatik olaraq artırdı. Bəs indi saathesabı minimum ödəniş sisteminə keçsələr fərdi sahibkarların DSMF ödənişi necə hesablanacaq? Saatlıq minimum ödənişi 8 saat, 30 günə vuracaqlar? Bu zaman, zatən beli "bükülmüş kiçik-orta sahibkarlar "bankrot" olacaqlar. Bəs hansı müxanizmlər düşünülüb?
4) Minimum əməkhaqqı ilə bağlı onlarla qanunda müdəalar var, bəs o qanunlar da dəyişəcəkmi?
5) Elə ay olur ki (məsələn, yanvar, mart), bir həftə, və ya daha çox istirahət günləri olur, bəs o zaman saathesabı ödənişlər necə olacaq, necə hesablanacaq – ümumiyyətlə, bayram günləri məsələsi necə həllini tapacaq?
6) Ölkədə Həmkarlar Təşkilatı formallıqdır, hətta işçi üçün “vergi” növüdür, bəs Həmkarlar bu məsələyə necə baxacaq, nə deyəcəklər?
Hər dəfə qanunda dəyişikliklər olanda sonda ziyan camaata olur, ona görə də, bu suallara aydınlıq gətirilsin ki, biz də predmetli müzakirə edək".
Onu da xatırladaq ki, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Belə ki, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir.
Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Xalidə Gəray
Musavat.com