Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub.
Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.
Musavat.com iqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova istinadən xəbər verir ki, işçilərin sayının azalması həm dövlət, həm də özəl sektorda müşahidə edilir:
“Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub. Dövlət sektorunda işçilərin sayının azalması daha çox institusional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir. Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmiləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hamısı ilə əmək müqavilələri bağlanılmır və deməli, bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir.
Son statistika sosial haqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir. Məşğulluğun rəsmiləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu, xüsusən məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir”.
Musavat.com