Uşaqpulunun bərpası yenidən gündəmə gəlir; ekspertlər həyəcan təbili çalır; Sahib Məmmədov: “Vaxtında tədbirlər görülməsə, əhalinin həm yaş, həm də cins tərkibinin dəyişməsi baş verə bilər”
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkədə 1 milyon 347 min 534 uşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır.
Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır.
İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür.
Üçuşaqlı ailələrə gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır.
Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır.
Altı uşağı olan ailələrə gəlincə, 9332 ailə bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayır.
Həmçinin 7 və daha çox uşağı olan ailələrin sayı da bildirilib. Belə ki, ölkədə 6837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır. Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayır.
Göründüyü kimi, uşaqlı ailələrin üçdə ikisi, 1 milyon civarında ailə 1 və 2 uşaqlıdır. Təxminən 430 min ailədə cəmi 1 uşağın olması isə daha düşündürücü məsələdir.
Təbii, bu, sırf sosial məsələ ilə bağlı yaranmış tendensiyadır. Ortaya çıxan reallıqlar uşaqpulunun bərpasının vacib olduğunu göstərir. Bu tendensiya davam edərsə, çox da uzaq olmayan illərdə ölkədə demoqrafik vəziyyət təhlükəli ola bilər.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan əhalisinin sayı 2 milyon nəfərdən çox azala bilər. Bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında qlobal analitika hazırlayıb. İnandırıcı görünməsə də tendensiya azalmaya doğrudur. Bu baş versə, proses yalnız say azalması ilə deyil, cins və yaş tərkibinin dəyişməsi ilə müşahidə olunacaq: “Azərbaycanda 1950-ci illərdən başlayaraq əhalinin doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bir qadına düşən uşaqların sayı ötən əsrin 60-cı illərinin əvvəllərində 6 nəfərə yaxın (5.0748) olub. 2024-cü ildə bu göstərici 2 nəfərdən daha aşağıdır (1.6467). Son 62 ildə azalma ümumilikdə - 67.55% təşkil edir.
Ümumdünya səviyyəsini götürəndə Azərbaycanda ümumi əhali artımında hələ ciddi bir problem yoxdur. Bir sıra Avropa ölkələri ilə müqayisə etsək, müsbət dinamika davam edir. Hətta MDB üzrə də bizdə müsbət tendensiya qalır. Amma ümumi demoqrafik proqnozlar ürəkaçan deyil. Vaxtında tədbirlər görülməsə, əhalinin həm yaş, həm də cins tərkibininin dəyişməsinə gətirib çıxara bilər. Bu da çoxsaylı ciddi problemlər yaradacaq. Hazırda İtaliyada əhalinin 22-23 faizinin yaşı 70-dən yuxarıdır. Bunun iki səbəbi var: orta ömrün daha uzun olması və əhali artımının azalması fonunda yaş tərkibinin dəyişməsi. Azərbaycanda isə İtalyadan fərqli olaraq bu rəqəm 4 faizi keçmir.
Bizdə əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Bu çox yaxşı göstəricidir. Gənclər əhali içərisində üstünlük təşkil edir. Amma uzunmüddətli planda bu dəyişə bilər. Onun dəyişməsi əhalinin yaş tərkibinin dəyişməsinə gətirə bilər".
Üzeyir Şəfiyev
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev deyir ki, təbii artımın azalması təkcə Azərbaycanda deyil dünyada yaşanır: “Bu gün qlobal miqyasda bu proses gedir. Azərbaycan həm SSRİ-yə qədər, həm də o dönəmdə çoxuşaqlı ailələrin olması ilə seçilib. SSRİ dağılandan sonra hər şey tamamı ilə dəyişdi. Sərhədlər açıldı, insanlar xarici ölkələrə üz tutdular, seriallar, xarici xəbərlər əlçatan oldu. Avropanın həyat tərzi ilə tanış olmağa başladılar. Və anladılar ki, daha komfort həyat sürmək mümkündür.
Eyni zamanda keçid dövrü başladı, sosial vəziyyət çətin oldu. Bu da doğumların ailələrdə sayının azalmasına səbəb oldu. İnsanlar düşündü ki, çox uşaqdansa, az uşaq olsun, amma əvəzində kefiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər vəs. Həmçinin insanların mədəni və təhsil səviyyəsinin artması da bu prosesə təsirsiz ötüşmədi. Mədəni səviyyə artdıqca çox uşağa deyil, az uşağa üstünlük verildi.
Uşaq pullarının kəsilməsi ilə demoqrafik siyasəti təşviq edən motivasiya qalmadı. Çətinliklər artıq gənc ailələri qorxutmağa başladı.
İndi elə gənclər var ki, evliliyin ilk iki ilində uşaq istəmirlər, sonra isə boşanırlar. Bu gün ailənin məzmun və strukturunda da dəyişikliklər edilib. Gənclər sanki sosial varisliyi təmin etmək üçün deyil, hansısa bir tələbatlarını reallaşdırmaq üçün sosial sifarişlə ailə qururlar. Ancaq ailə çox ciddi bir institutdur. Cəmiyyətin genofondu və milli təhlükəsizliyi ilə bağlı olan məsələdir. Qərb və Avropa ölkələri ənənəvi cəmiyyətləri dağıtmaq üçün ilk növbədə ailə təsisatını laxladırlar. Bu bizim cəmiyyətə də hədəflənən bir tendensiyadır.
Təbii artımı təşviqi etməsək, bizi Avropada mövcud olan və Avropanı narahat edən mexaniki artım ola bilər. Yəni miqrantlar bura axın edə və əmək bazarını tuta bilərlər.
Təbii artımın düşməsinə səbəb həm də boşanmaların nikaha nisbətən saldosunun qalxmasıdır. Boşanmalar Azərbaycanda heç vaxt olmadığı qədər artıb".
Sosioloq deyir ki, Azərbaycanda da Türkiyədə olduğu kimi ailə fondu yaradılmalıdır: “Bu fond yeni ailə qurmuş gənclərə faizsiz kreditlər verir. Bu kreditlər tədricən və güzəştli şərtlərlə gənc ailələr tərəfindən ödənilir. Oxşar layihələri Azərbaycanda da tətbiq etmək olar.
Gənclərin məşğulluğu da təmin edilməlidir. Çünki onlar təhsil alıb, karyera qurandan və mənzil alandan sonra ailə qurmaq istəyirlər. Gənclərin mənzil -məişət şəraitini yaxşılaşdırmaq üçün güzəştli kreditlər vermək lazımdır. Bizdə güzəştli mənzil fondundan çox az gənc ailə yararlana bilir.
Azərbaycanda ahılların sayı son 22 il ərzində təqribən 99, 4 faiz artıb. Ümumi əhalinin sayı 26, 4 faiz artıb. Bu o deməkdir ki, ahıllar artıb, yeni doğulanlar azalıb. Ölkədə 65 yaşdan yuxarı əhali 11 faiz təşkil edir. Beynəlxalq meyara görə, ölkə əhalisi içərisində ahılların sayı əgər 7-8 faizi keçirsə, bu, artıq qocalmış əhali sayılır. Azərbaycan artıq Avropa ölkələrinin çəkdiyi o əziyyətin astanasındadır.
Bunun da sadaladığımız mənfi tərəfləri var. 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu, o deməkdir ki, doğumlar azalır, ahıllar çoxalır.
Müavinətlər artırılmalı, gənclərin məşğulluğu üçün tədbirlər görülməli və gənc ailələrə əlavə dəstək göstərilməlidir ki, təbii artımda maraqlı olsunlar".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”