Azərbaycanda DEVALVASİYA OLACAQ? - BƏDBİN PROQNOZ

İqtisadçı Asif İbrahimov Azərbaycan hökumətinin ya COP29-dan əvvəl, ya da ən geci 2025-ci ildə yeni devalvasiyaya gedəcəyini proqnozlaşdırır.

O, cütrəqəmli inflyasiyanın qaçılmaz olduğunu düşünür:

“Ən önəmli səbəb Azərbaycanın xarici ticarət balansında yaranan azalmadır. Digər səbəb Azərbayan tipli ölkələrin hər 10 ildən bir öz monetar siyasətlərinə yenidən baxmaq məcburiyyətidir. Devalvasiya qərarlarının verilmə tarixlərinə baxsaq, görərik ki, 2015-ci ildə Avropa Oyunları keçirilib, həmçinin 2017-ci ildə keçirilən İslam oyunlarında dollar 1,95 AZN-ə qədər qalxıb. Azərbaycan əlavə dəyər yaratmağı bacarmır. Demək olar ki, hər şeyi idxal etdiyimizə görə cütrəqəmli inflyasiya qaçılmazdır”.

Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə hesab edir ki, 2015-ci ildə hökumətin bütün imkanları tükəndiyi üçün devalvasiyaya gedildi, lakin hazırda imkanlar daha genişdir:

“2015-ci ildəki devalvasiya zamanı hərraca çıxarılan valyutaların həcmi artmışdı. Elə vəziyyət yaranmışdı ki, 1 milyard dollara yaxın vəsait hərraca çıxarıldı. Cari ilin fevral ayında 922 milyon dollar hərraca çıxarılıb. Bu proses sonrakı aylarda nisbətən səngiyərək, 400, 500, 600 milyon dollara enib. 8 ayda toplam 5 milyard dollara yaxın valyuta hərraca çıxarılıb, lakin ölkəyə 20 milyard dollardan çox valyuta daxil olub. 2015-ci ildə neftin qiyməti 18-20 dollara qədər ucuzlaşmışdı, hökumət xaricdən valyuta cəlb edə bilmirdi, digər tərəfdən Milli Bankın valyuta ehtiyatlarının yarıdan çoxu azalmışdı. Belə bir şəraitdə Azərbaycan çıxış yolunu devalvasiyada gördü. Hazırda neftin qiyməti o dövrdən 5-6 dəfə bahadır. Ölkəyə kifayət qədər valyuta daxil olur. Mərkəzi Bankın valyuta ehtiyatı yanvar ayı ilə müqayisədə 8 ayda az da olsa artıb. Yanvar ayında valyuta ehtiyatı 11,6 milyard dollar idisə, 8-ci aya olan məlumata görə, bu rəqəm 11,7 milyard dollara çatıb. Və bu deməyə əsas verir ki, Azərbaycan manatını sabit saxlamaq üçün kifayət qədər imkanlar var. Eyni zamanda manatın dollara nisbətini hökumət tənzimləyir, onun qərarından asılıdır. Bunun öncədən proqnozunu verə bilmərik”./KONKRET.az

03.09.2024 18:55
10781