Azərbaycanda dəniz nəqliyyatı ilə neft daşınması azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 164,2 min ton yük daşınıb.

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalma deməkdir.

Musavat.com-un DSK-nın məlumatları əsasında apardığı hesablamalar göstərir ki, azalma əsasən neft yükləri hesabına olub.

Belə ki, ilin on ayında dəniz nəqliyyatı ilə daşınan 7 milyon 651,1 min ton yükün 55,6 faizini – yəni 4 milyon 254,01 min tonunu neft yükləri təşkil etmişdi. Bu il isə Komitənin məlumatına əsasən on ayda daşınan yüklərin 47,6 faizini – yəni 3 milyon 410,2 min tonunu neft yükləri təşkil edib. Bu, illik müqayisədə 19,9 faiz azalma deməkdir.

Hesabat dövründə dəniz limanları tərəfindən 11 milyon 704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Bu yüklərin 9 milyon 360,2 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib. 

2024-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub.

Yanvar-oktyabrda bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı isə 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq 24,2 min nəfər təşkil edib.

Musavat.com

18.11.2024 19:04
239