Azərbaycanda “dayəlik institutu” niyə iflasa uğrayır - faktlar

Biri evdən oğurluq edir, o biri uşağa ana dilində danışmağı qadağan edir, bir başqası...

Son zamanlar ölkədə "dayəlik institutu" ilə bağlı qalmaqallı xəbərlərin sayı artır. İşini itirməmək üçün azyaşlı uşağına dayə tutan analar, buna razılıq verən atalar son anda peşman olurlar. Çünki uşağını dayəyə etibar etmək həm də evini dayəyə etibar etmək deməkdir. Bu isə bir çox hallarda uşağa qarşı zorakılıq, evdən oğurluq edilməsi, digər neqativ hallarla müşayiət olunur. Amma hər zamanmı belədir?

Hər bir ana istəyir ki, öz azyaşlı övladının tərbiyəsi ilə özü məşğul olsun, onun gözəl anlarını izləsin, böyüdüyünü müşahidə etsin. Lakin bir çox hallarda həyat şərtləri buna imkan vermir. Analar işləmək məcburiyyətində qaldıqları üçün dayə xidmətinə müraciət edir. Ümumiyyətlə, dayəlik Azərbaycanda son 10-15 ildə yaranmış, ənənəsi olmayan yeni sahədir. Ölkəmizdə təxminən 30-40 min belə işçi var. Aidiyyəti orqanlar onlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, bu, mümkünsüzdür. Çünki qanunvericilik buna imkan vermir. Biz bununla bağlı təklif etmişik ki, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı gətirilsin.

Ev qulluğunda çalışan işçilərlə əmək münasibətinin tənzimlənməsi üçün Əmək Məcəlləsində xüsusi bir fəsil olmalıdır. Vergi orqanları bununla razılaşmayacaq. Amma biz hətta təklif edirik ki, ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, ev işlərini qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın.

Dayə ilə böyüyən uşaqlar ailəyə bağlı olmur

Psixoloq Afaq Verdiyeva hesab edir ki, dayə yanında böyüyən uşaqlarla valideyn nəzarətində olan uşaqlar arasında xeyli fərq var. Sonunculardan fərqli olaraq “dayə uşaqları” ailəyə çox bağlı olmur: “Onlar ata-anasını axşamlar evə gedib-gələn qonaq kimi görür. Valideynlə uşaqlar arasında dayə bir vasitəçi, bəzən isə sədd rolunu oynayır. Uşaq valideynindən daha çox dayəsinin xasiyyətini, vərdişlərini mənimsəyir. Bu isə onların arasında bir qədər yadlıq yaradır”.

3 ildir uşağını dayəyə etibar edən bank işçisi Səbinə Ağayeva üçünsə dayə ən yaxşı seçimdir. Dediyinə görə, bağçalardakı epidemiya, tərbiyəçilərin xoşagəlməz rəftarı, qidalanma problemi onu bu variantı seçməyə məcbur edib: “Evimdə gizli kamera sistemi var. Hər şey nəzarət altındadır. Üzbəüz qonşum isə bacı kimidir mənə. Gündə 3-4 dəfə evə gəlib, dayəyə nəzarət edir. Onun gün ərzində nə yediyini, neçə dəfə gəzintiyə çıxdığını da bilirəm. Ürək rahatlığı ilə qoyuram uşağı dayəyə. Rəfiqələrimə də tövsiyə edirəm. Əsas odur ki, adamın qabağına pis dayə çıxmasın. Mən bu dayəni bir rəfiqəmin məsləhəti ilə tapmışam. Ayda 400 manat verirəm, amma ürəyim rahatdır. Bilirəm ki, uşaq nə yeyir, kim baxır, saat neçədə yatır. Düzdü, bir az məsrəfli işdir, amma valideyn kimi ürəyim rahatdır”.

S.Ağayevanın dediyinə görə, uşağına özü baxmayan ananın bir mənfi cəhəti var ki, o da uşağına “yox” deyə bilməməsidir: “Uşağa özümüz baxmırıq deyə həmişə içimdə yarımçıqlıq olur. Həmişə fikirləşirəm ki, mən bu uşağa yaxşı ana ola bilmədim. Ona görə də nə istəyirsə, alıram. Hara deyirsə, aparıram. Amma bilirəm ki, uşağı belə ərköyünləşdirmək olmaz”.

Dayəlik xüsusi elmdir, kurslara yazılmaq lazımdır

Araşdırmalar sübut edir ki, müəllim olmaq da hələ uşaq psixologiyasına bələd olmaq, uşaqla davranış qaydalarını bilmək demək deyil. Dayəlik xüsusi bir peşədir. Belə olmasaydı inkişaf etmiş ölkələrdə dayələrin hazırlanması üçün xüsusi təlim kursları, məktəblər təşkil edilməzdi. Apardığımız araşdırma zamanı əldə etdiyimiz məlumatlar bizi bu qənaətə gətirdi. Belə ki, hazırda əksər ölkələrdə dayələr agentlik vasitəsilə tapılır və bu agentliklər dayələrə xüsusi dərslər kecirlər. Məsələn, Moskvada xüsusi agentliklərin təklif etdikləri dayələr hazırlıq kursu keçmiş, metodik bilgilərə malik olan, ingilis dili bilən dayələrdir. Avropanın bir çox ölkəsində isə dayələri hazırlamaq üçün 1-2 aylıq kurslar təşkil olunur. Burada onlar psixologiya, pedaqogika, tibbi bilgilər əldə edirlər. Dayələrə uşaqla davranış qaydaları, körpənin saxlanması, ilkin tibbi yardım kimi qaydalar öyrədilir. Kurslar basa çatandan sonra isə kurs iştirakçıları test üsulu ilə imtahan verir, yalnız uğur qazananlara sertifikat təqdim olunur.

Hansı liseylərdə dayə hazırlanır?

Ölkəmizdə hansı peşə məktəbində dayə ixtisasının tədris edilməsi də məlumdur. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hələ ki bu ixtisas regionlardakı peşə liseylərində tədris olunur. Bakıda peşə liseylərində buna tələbat olmadığından bu ixtisas qəbul planına salınmır. Qeyd edilib ki, hazırda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Beyləqan Peşə Məktəbində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dayə ixtisasları tədris olunur.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə artıq üçüncü ildir ki, dayə ixtisası tədris olunur.

“Gəncə Regional Təhsil İdarəsinin sifarişi əsasında hər il qəbul planı müəyyən edilir. Hər il bu ixtisas üzrə 20 tələbə təhsil alır. Bizim Mərkəzdə dayə ixtisası üzrə təhsil bir və iki illikdir. Onlar təhsil aldıqları dövrdə Gəncə Körpələr Evi və şəhərdə yerləşən uşaq bağçalarına təcrübəyə gedirlər”, - deyə mərkəzdən bildiilib.

Mərkəzdən həmçinin onu da qeyd ediblər ki, dayə ixtisası üzrə təhsil alanlar əldə etdikləri təhsil sənədi ilə uşaq bağçalarında, körpələr evində dayə peşəsi üzrə fəaliyyət göstərirlər.

Xarici dayələrdən uşaqlara ciddi təhlükə - Azərbaycan dili qadağandır

Araşdırmalar zamanı o da meydana çıxıb ki, bəzi elitadan olan ailələr isə uşaqlarının tərbiyəsi üçün xaricdən dayə gətizdirirlər. İllər öncə bu məsələ Milli Məclisdə belə müzakirə olunmuşdu. Həmin vaxt deputat Tahir  Rzayev gələcəkdə xaricdən övladlarının tərbiyə edilməsi üçün dayə gətirən valideynlərə qarşı cəzalar tətbiq edilməsini təklif etmişdi: “Yəni bu gün Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli- mənəvi dəyələrimiz ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu olduqca təhlükəli tendensiyadır və bunun qarşısı vaxtında alınmalıdır”.

Yazını hazırladı: Sevinc TELMANQIZI

 

19.10.2023 08:00
778