Azərbaycanda da Solovyovun verilişləri qadağan oluna bilərmi? - İLGİNC CAVABLAR

Ermənistan Rusiyanın “RTR-Planeta” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” proqramlarının ölkədə yayımını qadağan edib.

Musavat.com xəbər verir ki, məlumatı Ermənistan mətbuatı Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə istinadən yayıb.

Qərara səbəb kimi son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular göstərilir.

Vladimir Solovyov Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Onun verilişlərində dəfələrlə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qərəzli yanaşması, ermənipərəst mövqeyi özünü büruzə verib. Bu qərəz Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsini əsaslı şəkildə həll etməsindən sonra da davam etdi. Hətta Solovyov federal kanalın efirinə artıq tarixin arxivinə göndərilmiş qondarma rejimin hazırda Bakıda həbsdə olan nümayəndəsi David Babayanı çağırdığına görə 2022-ci ilin iyununda canlı yayımda Azərbaycan dövlətindən üzr istəmişdi.

Yaxın günlərdə isə Solovyov “Krokus”dakı terror olayında terrorçulardan birinin soyadını azərbaycanlıya “səhvən” bənzədəndən sonra Azərbaycanın terrorda əli olması ehtimalını da irəli sürəcək qədər irəli getdi və ölkəmizə ənənəvi nifrətini nümayiş etdirdi. Əlbəttə, bütün bunlar onun azərbaycanlılara və Azərbaycana qarşı qərəzindən doğan addım idi.

Azərbaycanda da Solovyovun verilişlərinin yayımına qadağa qoyulmalıdırmı?

MECİD .png (595 KB)

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

“Bu günlərdə də Solovyovun “Krokus” terroru ilə bağlı Azərbaycana qarşı işlətdiyi ifadələr, dolayısı yolla Azərbaycanı günahlandırmağı, eyham vurmağı Mətbuat Şurasının da etirazına səbəb olmuşdu. Biz bununla bağlı bəyanat imzaladıq. Ümumiyyətlə, Azərbaycanın media ictimaiyyəti də, siyasətçiləri də Solovyovun kimliyini yaxşı bilirlər. Onun ermənipərəst mövqeyi ilə tanışdırlar. Hər fürsətdə Azərbaycanı aşağılamaq cəhdini dəfələrlə görmüşük. Bu baxımdan biz onu daha çox ermənipərəst kimi tanıyırıq. Amma obyektiv görünmək xatirinə bəzən görürsən ki, ermənilərə qarşı da bəzi fikirlər səsləndirir. Lakin Ermənistanın onun proqramlarını qadağan etməsi mənə də təəccüblü gəldi. Hər halda Azərbaycan tərəfindən belə bir addımın atılmasına lüzum görmürəm. Hesab edirəm ki, düşmənin də fikirlərini dinləmək və ona yerində cavab vermək lazımdır. Onun qərəzli fikirlərinə Azərbaycan ictimaiyyəti tərəfindən cavab verilir. Son günlərdə də onun əvvəlki fikrini malalamağı göstərdi ki, bu mövqe daha yaxşıdır, məsələn, Azərbaycana qarşı dediklərinə obyektiv reaksiyalar daha yaxşı nəticələr doğurar”.

MİRZEBEYLİ.jpg (298 KB)

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli isə mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib ki, Ermənistan siyasi hakimiyyətinin Solovyovun verilişlərinə qadağa qoymasının əsas səbəbi bu proqramlarda ölkə hakimiyyətinə qarşı təbliğatın aparılmasıdır:

“Bu, Ermənistan adlanan ölkəyə və erməni toplumuna qarşı yönəlmiş bir siyasət deyil. Kampaniya siyasi hakimiyyətə qarşı aparılır. Çünki siyasi hakimiyyətin məqsədi Rusiyadan uzaqlaşmaqdır. Şübhəsiz ki, bu da Solovyov kimiləri, erməni diasporunun bəzi nümayəndələrini məcbur edir ki, Rusiyada yaşadıqları üçün məhz indiki geosiyasi proseslər çərçivəsində Nikol Paşinyana qarşı müəyyən sərt ittihamlar səsləndirsinlər. Amma Azərbaycanla bağlı məsələ başqadır. Erməni diasporunun de-fakto üzvü olan və ölkəmizə qarşı aqressiv münasibət sərgiləyən Solovyov Azərbaycan dövlətçiliyinə və xalqına qarşı təbliğat aparır, hədəf olaraq dövlətçiliyi və Azərbaycan xalqını seçib. Bu aspektdən, əslində onun proqramlarının Azərbaycanda qadağan edilib-edilməməsindən asılı olmayaraq, Solovyovun dediklərinin Azərbaycan vətəndaşlarına hər hansı bir təsiri yoxdur. Bu şəxsin və onun yan-yörəsinə yığışan simonyanların və digərlərinin xalqımızın düşməni olduğunu çox yaxşı bilirik. Ermənistanda situasiya fərqlidir. Ona görə ki, orada erməni xalqına mesajlar var. O mesajlar erməni toplumunun Paşinyan hakimiyyətinə qarşı çıxış etməsinə yönəlib. Bu baxımdan Ermənistan siyasi hakimiyyəti elə düşünür ki, bu cür təbliğat hakimiyyəti dəyişmək istəyən qüvvələrə müəyyən dərəcədə təsir göstərə bilər. Ermənistanda Vladimir Solovyovun verilişlərinin qadağan edilməsi bu aspektdən ola bilər. Azərbaycanda isə Solovyovun hətta tərifinin də əsl mahiyyəti çox yaxşı başa düşülür”.

Afaq Mirayiq,
Musavat.com

29.03.2024 14:27
1072