Azərbaycanda cinayətkarlıq azalıb - quru rəqəmlərin arxasındakı gerçək

Şəmsəddin Əliyev: “Cinayətkarlığa meylli olan qruplar ölkədə nəzarətdə olmayan sahəni, obyektləri çox gözəl görə bilirlər və...”

2024-cü ilin ilk 7 ayında Azərbaycanda cinayətkarlığın azalması qeydə alınıb. Bu, ölkədə ictimai təhlükəsizliyi artırmaq və hüquq-mühafizə orqanlarının səmərəliliyini yüksəltmək istiqamətindəki səylərinin əhəmiyyətli bir nailiyyəti hesab olunur.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında 18,518 cinayət qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır. Nazirlik cinayətkarlığın azalmasını hakimiyyətin ağır cinayətlərlə mübarizə üzrə birgə səyləri ilə əlaqələndirib. Ən diqqətçəkən irəliləyişlər arasında ağır və xüsusilə ağır cinayətlərin 21,7%, əmlak cinayətlərinin 11,4% və oğurluqların 38,9% azalması qeyd olunur. “Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının artan imkanlarını və onların yerli icmalarla daha sıx əməkdaşlığını əks etdirir. Cinayətkar şəbəkələrin ləğvi üzrə səylərimizi gücləndirməklə və ictimai məlumatlılığı artırmaqla, cinayətkarlığın əhəmiyyətli dərəcədə azaldığı bir mühit yaratmışıq”, - DİN nümayəndəsi bildirib.

Hüquq-mühafizə orqanları qeydə alınmış bütün cinayətlərin 94,5%-nin açıldığını bildirib ki, bu da bir çox regional tərəfdaşlarla müqayisədə əhəmiyyətli bir uğur göstəricisidir. Xüsusi diqqət təşkil olunmuş cinayətkarlığa qarşı mübarizəyə yönəldilib və nəticədə 119-u ağır cinayət törədən olmaqla, 356 cinayətkar qrup ləğv edilib.

Bu səylərlə yanaşı, hakimiyyət orqanları narkotik cinayətlərlə mübarizəni də gücləndiriblər. Bu dövr ərzində 2,844 kiloqramdan çox qeyri-qanuni narkotik maddə müsadirə edilib və 296 tondan çox narkotik tərkibli bitkilər məhv edilib.

Yuxarıdakı statistika Azərbaycanın cinayətkarlığı azaltmaq və təhlükəsizliyi artırmaq strategiyasının nəticə verdiyini göstərir. Lakin bəzi analitiklərə görə, bu irəliləyişi davam etdirmək üçün hüquq-mühafizə orqanlarına və daha geniş məhkəmə islahatlarına davamlı investisiyalar tələb olunacaq. Yəni bu tendensiya nə dərəcədə davamlı olacaq?

Yeri gəlmişkən, zaman-zaman ekspertlər ölkədə cinayətkarlığın sürətlə artmasının  narkoticarətin və narkomaniyanın genişlənməsi ilə əlaqədar olduğunu bildiriblər. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhbəs həyatı yaşayan 28 min 200 nəfər məhbusun 10 min 200 nəfəri məhz narkotiklə əlaqəli cinayətlərə görə (234-cü maddə ilə) cəza çəkdiyi bildirirlir. Oğurluq, qəsdən adamöldürmə, quldurluq, eləcə də dələduzluq hallarının sayının artmasının məhz bu amillə bağlı olduğu deyilir.

O da qeyd edilir ki, hazırda oğurluqla əlaqədar (177-ci maddə) 2500 nəfər, qəsdən adamöldürmə (120-ci maddə) ilə bağlı 2400 nəfər, quldurluq maddəsi ilə (181-ci maddə) 1250 nəfər, dələduzluqla (178-ci maddə) əlaqədar 1150 nəfər məhbus həyatı yaşayır.

Şəmsəddin Əliyev: “Polislərə xəbərdarlıq edilmədən atəş açmaq səlahiyyəti  verilməlidir”

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a məsələ ilə bağlı fikirlərini bölüşüb: “Bəli bu ilin əvvəlində DİN-in kollegiya iclasında 2023-cü ildə cinayətlərin sayı azalması diqqətə çatdırılıb. Bu tendensiya son 7 ayda da davam edib. 2023-cü ilin 7 ayı ilə müqayisədə ağır növ cinayətlər, mülkiyyət əleyhinə olan cinayətlər, hətta əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı azalma ilə müşahidə edilir. Bu o deməkdir ki, Penitensiar xidmətdə əvvəllər məhkum olunmuşlarla bağlı həyata keçirilmiş tədbirlər öz səmərəsəni verir. Həm də tam məsuliyyətlə deyərdim ki, cəzanın əsas məqsədi sayılan sosial ədalətin bərpası, məhkumların islah olunması və təkrar baş verəcək cinayətlərin qarşısının alınması üçün həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verib. Amma belə baxanda cinayətkarlıqla mübarizə bütün cəmiyyətlərdə var. Cəmiyyəti canlı orqanizmə bənzətsək, cinayətlərin kökünü kəsmək, onun qarşısını tam almaq xülyadan başqa bir şey deyil. Dövlət yarandığı gündən bu günə qədər hər bir cəmiyyətdə cinayətkarlıq olub, onu tamamilə ləğv etmək heç bir dövlətə müyəssər olmayıb. Amma bu cinayətkarlıqla mübarizədə bütövlükdə sabitliyin təmin olunması, bunun dayanıqlı olması, diplomatik korpusların Bakıda ictimai asayişin təmin olunması məsələsindən məmnunluqlarını ifadə etməsi dünyaya nümunə olacaq bir haldır. Ona görə düşünürəm ki, burada daha çox diqqət çəkən, bir az narahatlıq doğuran narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan əməliyyat-axtarış fəaliyyətidir. Daxili İşlər Nazirliyində bu sahədə aparılan mübarizə səngimir. Sistemli şəkildə davam edir. Bəzən cəmiyyətdə birmənalı qarşılanmır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı artım müşahidə edilir. Var, təbii ki, bu mübarizə də unudulmur. Bu durum DİN-in nəzarətində olduğuna görə açıqlamalar da çoxdur. Burada daha çox önəm kəsb edən məqam ondan ibarətdir ki, qeyri-aşkar, yəni cəmiyyətə bəlli olmayan şəraitdə törədilən cinayətlərin açılması da yüksək faizlə təmin edilib. Hətta hüquq-mühafizə orqanlarının, prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində keçmiş illərdə bağlı qalmış 246 cinayətin üstü açılıb. Burada daha çox diqqətçəkən isə 119 kriminal qrupun zərərsizləşdirilməsi olub. Bu elə-belədən başa gəlmir. Misal üçün, 2023-cü ildə bu 254 kriminal qrup zərərsizləşdirilmişdi. Amma 7 ayda 119 olubsa, ilin sonuna qədər bu say azala bilər. Çünki cinayətkartlığa meylli olan qruplar ölkədə nəzarətdə olmayan sahəni, obyektləri çox gözəl görə bilirlər deyə buna meylli olan insanlar çox rahatlıqla bu sahədə öz fəaliyyətlərini davam etdirə bilirlər. Amma son illərdə kriminal qrupun nəzarətində olan bəzi ərazi DİN-in peşəkar əməliyyat-axtarış işçilərinin nəzarətində olduğundan və o bunların şəbəkəsində olan insanların məlumatları ilə qapandığından bunların aşkar olunması, zərərsizləşdirilməsi faktları da artımla müşahidə edilir. Bunun özü kriminal aləmə bir mesajdır ki, hər yerdə polis var. Düşünməsinlər ki, kimsə gözə dəymir, ərazi nəzarətdən çıxa bilər. Bağlı qalan cinayətlərin açılmasında vətəndaşların da polis orqanlarına dəstəyi var. Ümumiyyətlə, təhlükəsizliyin təmin olunması ölkədə nəzarətdədir. Bu məsələdə hətta diplomatik korpusların nümayəndələrinin öz ölkələrinə təqdim etdiyi arayışda da qeyd edilir və bildirilir ki, Bakıda tam sakitlik hökm sürür”. 

Ekspert cinayətlərin sayını Avropa ölkələri ilə də müqayisə dib: “Azərbaycanda əhalinin 100 min nəfərinə düşən cinayətlərin sayı Avropa ölkələrindən qat-qat azdır. Bizdə 10 milyondan çox əhaliyə əvvəllər 26600 cinayət işi düşürdüsə, indi 36800 cinayət qeydə alınır. Amma təqribən əhalinin 100 min nəfərinə düşən ümumi cinayətlərin sayı 300-dür. Qəsdən öldürmələr 2 faiz, oğurluqlar 75 faiz, soyğunçuluqlar 3.8-4 faiz, quldurluqlar 2 faizə yaxındır. Amma Danimarkada (6 milyon əhalisi) 100 min nəfərə düşən cinayət sayı 8500 cinayət işi düşür. Qəsdən adam öldürmə 5 faizdir. 80 mindən çox əhalisi olan Almaniya 100 min nəfərinə düşən cinayətlərin sayı 8 mindən çoxdur.  Qəsdən adam öldürmə 3-4 faizə yaxındır.

Yunanıstanın 10 milyondan çox əhalisi var, burada əhalinin 100 min nəfərinə düşən cinayətlərin sayı 2000-dir. Qəsdən adam öldürmə 2 faizdir. Bütün hallarda Azərbaycan cinayətkarlarla mübarizənin vəziyyətinə görə Avropa ölkələrindən müsbət mənada irəlidədir". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

17.09.2024 12:07
455