İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurub.
Bu barədə Musavat.com-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, iyunun 23-də Müsabiqə Komissiyası iddiaçıların təklif zərflərini açıb, təklifləri qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən "Glass Vay" MMC müsabiqənin qalibi elan olunub. Avqustun 2-də müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manatlıq İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində soba və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.
Xatırladaq ki, "Qaradağ Şüşə Zavodu" "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Şüşə" MMC-nin bazasında yaradılıb. Bu müəssisə isə vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə girov qoyulmuş "İnterGlass" ASC-nin bazasında təşkil edilib. Onun İdarə Heyətinin sədri olmuş İlal Əhmədov hazırda qalib şirkətin qanuni nümayəndəsidir.