Azərbaycanda bu sistem İLK olaraq Laçında qurulub: 5 rayon sakini... - FOTOLAR

“Akvaponika Laçın” balıq və bitki yetişdirilmə müəssisəsidir. Bu sistem Azərbaycanda ilk olaraq Laçın rayonunda Həkəri çayının sahilində qurulub. Sistemi yaratmaqda əsas məqsəd ekoloji cəhətdən təmiz bitkilər yetişdirməkdir.

Bu barədə Musavat.com-a Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Burada istifadə olunan maddələr balıqları qidalandırır. Balıqların filtirasiya olunmuş gübrəli suyu isə sistemdə dövr edərək bütün bitkiləri qidalandırır.

Sistemin üstünlüyü suyun itkiyə getməməsidir. Müəssisə içməli su ilə yox, Həkəri çayından götürülən su ilə təmin olunub. Tam təbii şəkildə yetişdirilən bitkilər həm də sərfəli şərtlərlə başa gəlir.

Hazırda müəssisədə 300-ə yaxın sazan balığı saxlanılır. Yaxın zamanlarda farel və nərə balığının da gətirilməsi planlaşdırılır.

Burada balıqlarla bitkilərin paralel şəkildə inkişafı vacibdir. Balıq çox olarsa, gübrəsi də çox olar. Bu zaman bitkilər tələf ola bilər. Balıq az olduğu halda da bitkilər tələf ola bilər. Ona görə də sistemdə balıq sayı artdıqca, bitkilərin də sayı əkilib artırılır.

2023-cü ilin iyul ayından istehsalata başlayan müəssisədə ilk olaraq üç növdə - qırmızı, qırmızı-yaşıl, yaşıl kahı və isbanaq əkilib. Həmçinin Çin kələmləri də yetişdirilir. Artıq 2023-cü ilin dekabr ayından etibarən pomidor şitilləri də əkilib. Növbəti mərhələdə çiyələk, kök, göyərti və digər bitki çeşidlərin əkilməsi də nəzərdə tutulub. Artıq burada yetişdirilən bitkilərin satışı təşkil olunur.

Hazırda 270 kvadratmetr ərazidə yerləşən müəssisədə 5 rayon sakini işlə təmin olunub.

Musavat.com

12.02.2024 13:54
2899