Sürücülər arasında ən çox törədilən qayda pozuntularından biri də manevr etmədir. Xüsusilə tıxac zamanı bu hala sıx rast gəlmək mümkündür. Belə ki, sağ, yaxud sol zolaqda hərəkətin mümkün olduğunu görən sürücü həmin zolağa keçməyə cəhd edir. Hətta bəzi avtomobil idarəçiləri dönmə işığını yandırmadan manevr edir. Bir qismi də zolağa keçdikdən sonra lüzumsuz şəkildə dönmə işığını yandırır. Təbii ki, qəza təhlükəsinin baş verməməsi üçün öncədən sürücüyə xəbərdarlıq etmək və ehtiyac yaranmadığı halda manevr etməmək lazımdır. Bunu normal qarşılayıb yol verən sürücülərlə yanaşı qəbul etməyənlər də var. İstənilən halda bu qayda pozuntusunu törətmək qəbuledilməzdir.
Qeyd etdiyimiz qayda pozuntusuyla bağlı Sabunçu rayonu Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, qəza dekabrın 20-də saat 17:39 radələrində qeydə alınıb. Belə ki, "Mercedes" markalı maşın, "Hyundai Accent" markalı avtomobillə toqquşub. Qəzaya səbəb "Mercedes" sürücüsünün manevr qaydasını pozması olub. Videodan göründüyü kimi, o, sağ zolağa keçmək istəyərkən hərəkətdə olan "Hyundai"a dəyib. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib.
Qeyd edək ki, zərərçəkmiş bu ərazidə sürücülərin manevr qaydasını tez-tez pozduğunu və bu səbəbdən hər il qəzaya düşdüyünü vurğulayıb.