Loqistika şirkətlərinin xidmətlərinin bahalaşması səbəbindən Azərbaycana yeni idxal olunan avtomobillərin dəyəri artıb.
Bunu "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
“Avtomobil istehsalçıları qiymət artımını daşınma xarclərinin yüksəlməsi və ehtiyat hissələrinin bahalaşması ilə əlaqələndirirlər. Avtomobil bazarında bu gün fəallıq azalıb, "ikinci əl" maşın bazarında 2-3 ay əvvəlki vəziyyətlə müqayisədə qiymətlər stabildir. Bazarda yeni avtomobillər arasında daha çox “Crossover” və “Mini Crossover”lərə üstünlük verilir. "İkinci əl" avtomobil bazarında isə hazırda daha çox satılan sedan seqmentində olan 1500 – 2000 kubsantimetr mühərrik həcmli avtomobillərdir”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Report”a bildirib ki, avtomobil bazarında durğunluğun əsas səbəbi istehsalçı şirkətlərin tələbi qarşılaya bilməməsidir, nəticədə isə alıcıların seçimi məhduddur:
“Ölkədə tələb var, amma istehsalçı zavodlar yerli dilerləri avtomobillə təmin edə bilmirlər. Pandemiyadan sonra yaranan bu vəziyyət hələ də davam edir. Hibrid avtomobillərə kifayət qədər tələb var, sadəcə ölkəyə məhdud sayda göndərilir. Təklif az olduğu üçün də bu modeli almaq istəyən alıcılar gözləmək məcburiyyətində qalırlar”.
E.Əliyev bazara yeni idxal olunan avtomobillərin bahalaşmasını istehsalçı tərəfindən qiymətlərin artırılması, gömrük və logistika xərclərinin yüksəlməsi ilə əsaslandırır:
“Logistika xərclərinin az qala hər ay artması bazardakı qiymətlərə təsir edir. Amma bəzi rəsmi dilerlər öz marjalarını azaldaraq avtomobillərin qiymətini stabil saxlamağa çalışırlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda "ikinci əl" avtomobillər utilizasiya rüsumundan asılıdır: "İkinci əl" bazarındakı durğunluğun bir səbəbi də ölkədə köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesin aktuallaşması və utilizasiya haqqında qanunun parlamentdə müzakirəyə çıxarılmasıdır. "İkinci əl" avtomobil almaq istəyən vətəndaşlar hələlik bu barədə veriləcək yekun qərarı gözləyirlər".
Ekspert ümid edir ki, yaxın illərdə Azərbaycanda istehsal tarixi köhnə avtomobillərin üçüncü ölkələrə satışı təşkil olunacaq: "Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu məsələ ilə bağlı hökumət üçün bir layihə üzərində işləyirik. Hazırda Azərbaycanın avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarət olduğu üçün yenilənməyə çox ehtiyac var. İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu, elektromobillərin təşviqatı da bazarda alıcılıq qabiliyyətinə təsir edir. Son zamanlar köhnə avtomobillərlə bağlı olan qərarlar insanların "ikinci əl" maşın bazarına olan marağının azalmasına səbəb olub. Alıcılar daha əlverişli şərtlərlə təzə maşın almaq istəyirlər".