Azərbaycanda bitməyən kredit problemi - yüksək faiz, gecikən ödənişlər və...

Ekspert: “İqtisadiyyatda meh əssə, bank sektorunda qasırğa qopar”

Uzun illərdir Azərbaycanda kredit faizlərinin yüksəkliyi, kredit şərtlərinin ağırlığı mütəxəssislərdən tutmuş sahibkara, adi fəhləyə qədər bütün cəmiyyəti narahat edən problemlərdən biridir. Sahibkar, işçi yüksək faiz-ağır şərt üzündən kredit ala bilməməkdən, banklar nə qədər qəribə də olsa, kredit verməyə tələblərə cavab verən müştəri tapa bilməməkdən şikayətlənir. Hökumətin narahatlığı isə əsasən biznes kreditlərinin ümumi kredit portfelində payının azlığındandır...

2015-ci ildə neft bazarında qiymətlərin düşməsi nəticəsində ölkədə baş verən kəskin devalvasiyalardan sonra aldığı krediti qaytara bilməyənlərin sayı bir neçə dəfə çoxaldı, 10-dan yuxarı bankın qaytarılmayan kreditlər üzündən fəaliyyəti dayandırıldı. Bir müddətdən sonra dövlət devalvasiyadan zərər çəkən kreditorların zərərini qarşılamaq üçün külli miqdarda vəsait ayırmalı oldu. Bu acı təcrübədən sonra Azərbaycanda kredit şərtləri daha da ağırlaşdırıldı...

Dövlətin problemli kreditlərə görə zərəri qarşılamasından sonra belə növ kreditlərin həcmi azalsa da, hələ də yarım milyard manatdan aşağı düşməyib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu il iyulun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 2,5 faiz çoxdur. Aylıq artıma baxmayaraq, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 15,4 faiz, son 1 ildə isə 24 faiz azalıb. Bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 faiz təşkil edib. Bu nisbət mayın sonuna 2,3 faiz, ötən ilin sonuna 2,9 faiz, ötən il iyunun sonuna isə 3,5 faiz olub.

Oxu.az - Azərbaycanda problemli kreditlərin yaratdığı problemlər - EKSPERT  RƏYİ

Bir çox mütəxəssislər kredit faizlərinin depozit faizlərindən ikiqat yüksək olmasını bankların yüksək gəlir əldə etmək istəyi ilə bağlayırlar. Hazırda Azərbaycanda bir neçə bankın kampaniya çərçivəsində qısa müddət ərzində yerləşdiriləcək əmanətlərə tətbiq etdiyi 10-11,5 faizdən kənarda, bütün böyük banklar üzrə əmanət faizləri 6,5-dən yuxarı qalxmır. Söhbət sistem əhəmiyyətli ABB, KapitalBank, XalqBank və digərlərindən gedir. Bu bankların verdiyi istehlak kreditləri üzrə ən aşağı faiz isə 11 faizdən başlayır.

Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımovun fikrincə, kredit faizlərini aşağı salmaq üçün ilk növbədə depozit faizləri aşağı salınmalıdır: “Azərbaycanda kredit faizlərini azaltmaq üçün depozit faizlərini aşağı salmalıyıq. Amma etiraf edək ki, depozit faizləri 4-5 faiz olsa, banklara pul qoyan olmayacaq”.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, hazırda gün kredit faizləri 4 amildən asılı olaraq formalaşır: “İlk növbədə depozit faizləri 6-8  faizdirsə, bu, bankın verdiyi kreditin maya dəyərinin azı 6-8 faizini təşkil edir. Sonra həmin borcaların kredit riski bunun üzərinə gəlir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2 faiz arası olanda ümumi kredit faizləri artır. Üstəgəl, bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm ki, ölkədə kredit faizləri yüksəkdir. Keçən dəfə ABŞ-la müqayisə aparıldı. Halbuki ABŞ-da biznesin illik gəlirliliyi bizdəki kimi 15 faiz deyil, aşağıdır”.

Baş bankir qeyd edib ki, Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10.1 faiz, fiziki şəxslər üçün isə 16.1 faizdir. Onun sözlərinə görə, Gürcüstanda hüquqi şəxslər üçün 14 faiz, fiziki şəxslər üçün 18.6 faizdir: “Bizdə kredit faizləri qonşu ölkələrdən çox aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil”.

Elman Sadıqov: Almaniyadan gətirilən avtomobillər iki ciddi problemə səbəb  ola bilər – DİZELLƏ GƏLƏN TƏHLÜKƏ - FED.az

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, Azərbaycanda bank sektorunun həcmi iqtisadiyyatın miqyasına uyğun deyil: “Azərbaycanda bank sektorunun ümumi həcmi 45 milyard manat civarındadır. Bu, 2022-ci ilin ümumu daxili məhsulunun cəmi 34 faizini təşkil edir. Bu o deməkdir ki, iqtisadiyyatda bir meh əssə, bank sektorunda qasırğa baş verər. ÜDM-in artım tempini nəzərə alsaq, bank sektorunun ümumi həcmi indikinin ikiqatına bərabər olmalıydı. Bankların nağd vəsaitləri, Mərkəzi Bankdakı ehtiyatları və xarici banklarda müxbir hesablarındakı vəsaitlərin cəmi həcmi 8,9 milyard manatdır. Yəni 45 milyardlıq bir bank sektorunun 8,9 milyardlıq vəsaiti  gəlir gətirməyən hesablardadır.  Bank sektorunda ən çox gəlir gətirən balans hesabı kreditlərdir. Bankların ümumi kreditlərinin həcmi 20,4 milyard manatdır. Bunun 11 milyard manata yaxını biznes, 3,2 milyard manatı ipoteka, 6 milyard manatı istehlak kreditləridir. Banklar köhnə qaydalarla kredit verməyə, xüsusilə biznesə kredit verməyə ehtiyat edirlər. Mən 2019-cu ildə banklar üçün yeni kredit mexanizmləri hazırlamışdım. Təəssüf ki, ortaya pandemiya düşdü, sonra da mən bank sektorundan uzaqlaşdım”.

Ekspertə görə, bankların biznes krediti verməyə həvəsli olmamasının əsas səbəblərindən biri sahibkarların onları aldatmasıdır: “Sahibkarların bəziləri biznes adı ilə krediti alıb istehlak məqsədilə xərclədilər: təzə maşın, ev və sair aldılar. Bir çox hallarda aldıqları kreditləri qaytara bilmədilər. Bunun nəticəsində onlar banklar qarşısında etibarlarını itirdilər. Köhnə kredit qaydaları belə aldatmaların davam etməsinə gətirib çıxarır. Buna görə də yeni kredit mexanizmlərin tətbiqi zəruridir. Köhnə mexanizmlə krediti verən şəxs nə qədər analitik təfəkkürə malik olsa da, o mexanizm sahibkarın sui-istifadəyə yol verməsinə şərait yaradır. İndiki halda bank köhnə mexanizmlə kredit verməyə qorxur, yeni mexanizmlər yoxdur hələ, beləliklə də biznes kreditlərinin həcmi azdır. Bir növ ətalət var bu sahədə. Bu ətalətin davam etməsi iqtisadiyyatla bank sektoru arasındakı uçurumu daha da dərinləşdirəcək. İqtisadiyyat və bank sektoru ikisi də eyni vaxtda inkişaf etməlidir. Onlardan birinin daha sürətlə inkişafı özü üçün problem yaradır. Bu gün Azərbaycanda iqtisadiyyatla bank sektorunun inkişafı arasında çox böyük fərq var - iqtisadiyyatın xeyrinə. Bank sektoru həcmcə o qədər kiçikdir ki, iqtisadiyyatdakı xırda bir problem bank sektorunda böyük təlatümə gətirib çıxara bilər”.

Ekspert diqqəti bank kreditlərinin həcmindəki artım dinamikasına yönəldir: “Mərkəzi Bankın M1, M2, M3 pul kütlələri, əhalinin nominal gəlirləri, bank depozitləri və digər göstəricilərdə son 10 ildə 70-98 faiz arasında artım var. Bəs bankların kredit portfeli nə qədər artıb? 2014-cü ildə portfelin həcmi 18,5 milyard manat olub, 2022-ci ilin sonuna 21 milyard civarında olub. Yəni cəmi 13 faiz artım var. Bu, o deməkdir ki, kredit portfelindəki belə zəif artım qarşılığında iqtisadiyyatda böyümə gözləmək üçün möcüzəyə inanmaq lazımdır. Çünki iqtisadiyyatın maliyyələşməsi belə aşağıdırsa, onun inkişafına yalnız möcüzə sayəsində nail olmaq mümkündür. İqtisadiyyatda pulun yaranma mexanizmi zəifləyir. ÜDM artımının əhalinin nominal pul gəlirlərindəki artımdan yüksək olması bundan xəbər verir”.

Bank sektoru təmsilçiləri bir qayda olaraq, kredit faizlərinin yüksək olmasına gətirən əsas səbəb kimi inflyasiyanın yüksəkliyini önə çəkirlər. E.Sadıqovun sözlərinə görə, inflyasiyanı istehlak kreditləri artırır: “Biznes kreditləri istehsalı və təklifi artırır. Bu isə rəqabət yaradır ki, sonucda o da qiymətləri azaldır. İnflyasiyanı azaltmaq üçün istehlak kreditlərini azaltmaq lazımdır. İstisna daxildə istehsal olunan məhsullar üçün verilən istehlak kreditləridir. Türkiyədə, məsələn, yerli istehsal məhsullarına istehlak kreditlərinin stimullaşdırılması istehsalın inkişafına gətirib çıxartdı. Buna görə də idxal olunan məhsullar üzrə istehlak kreditlərini azaltmaq, biznes kreditlərini genişləndirmək vacibdir”.

Mərkəzi Bankın məlumatına görə, 30 iyun 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 218,3 milyon manata bərabər olub. Bu, ilin əvvəlindəki 47 milyard 54,9 milyon manatdan 3,9 faiz azdır.

Bu dövrdə bankların kredit portfeli 21 milyard 296,2 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə  8,7 faizlik artım deməkdir.

2023-cü ilin yanvar-iyun aylarında bankların biznes kreditləri portfeli 7,3 faiz artaraq 11 milyard 650,5 milyon manata çatıb. Bu, bütün kredit portfelinin 54,7 faizinə bərabərdir.

Hesabat dövründə bankların istehlak kreditləri portfeli 9,9 faiz böyüməklə 6 milyard 324,7 milyon manat olub. Bu kredit növünün ümumi portfeldəki xüsusi çəki 29,7 faizdir.

İlin birinci yarısında bankların ipoteka kreditləri portfeli 11,2 faiz böyüyərək 3 milyard 321 milyon manat təşkil edib. Bu isə bankların bütün kredit portfelinin 15,6 faizi deməkdir.

Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 563,3 milyon manat təşkil edib (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 40,5 faiz).

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 668,7 milyon manat (artım 32,6 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 234,7 milyon manat (artım 19,1 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 598,5 milyon manat məbləğində (artım 12,1faiz) olub.

Bu dövrdə bankların faiz xərcləri 405,5 milyon manat (artım 36,3 faiz), o cümlədən depozitlər üzrə 288,5 milyon manat (artım 40,1 faiz), qeyri-faiz xərcləri 1 milyard 60,6 milyon manat (artım 23,6 faiz) təşkil edib.

Yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 772,3 milyon manat (artım 25,7 faiz) təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

27.07.2023 09:09
1681