Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Səlim qısqanclıq zəminində yaranan mübahisə zamanı bacısı Floraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə Sumqayıt şəhəri, 16-cı mikrorayonda baş verib.
Səlim bacısı Floranın həyat yoldaşıyla mütəmadi olaraq mübahisə eləməsi, başqa oğlanlarla münasibət saxlamasından xəbər tutması, Bakı şəhərində yaşayıb-işləmək istəyində israr etməsi səbəbindən onunla aralarında münaqişə yaradıb.
Mübahisə zamanı Səlim Floranın qarnından bıçaqla vurub. İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailədə 3 uşaq olublar, ondan başqa iki bacısı da var, hər iki bacısı evlidir:
“Böyük bacım Flora 2010-cu ildə Pərvizlə ailə həyatı quraraq Sumqayıt şəhərində yaşayır, üç övladı var. Bacımla ailələrimizin icazəsi olmadan qaçaraq evlənib. Onlar evləndikdən sonra mütəmadi olaraq aralarında mübahisələr olub. Gah Flora uşaqları götürüb rayona gəlib, gah da mən və ya atam Sumqayıta gələrək onları barışdırıb.
Flora 2020-ci ilin yanvar ayında Pərvizdən boşanaraq Bakı şəhərində yaşayan digər bacım Vəfagildə qaldı. Vəfa bizə Floranın boşanaraq onlara köçdüyünü, mağazada satıcı işlədiyini, uşaqların isə Pərvizdə qaldığını dedi. Biz də əsəbiləşərək Flora ilə telefonla danışdıq. Dedik, uşaqları da götürüb rayona gəlsin, işdən də çıxsın. Flora isə gəlməyəcəyini dedi”.
“Oğlanlarla münasibətdə olduğunu eşitdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddətdən sonra başqa-başqa adamlardan bacısının ayrı-ayrı oğlanlarla münasibətdə olduğunu eşidib: “Həmin söhbət kəndə yayıldığından yenə bacıma rayona gəlməsini dedim. Lakin bacım rayona qayıtmayacağını söylədi.
Bir müddətdən sonra Vəfadan Floranın bir oğlanı sevdiyini, hətta onunla evlənmək istədiyini eşitdim. Mən də, atam-anam da Floraya bu fikirdən dönməyini, uşaqları olduğunu, təzə boşandığını söylədik. Flora isə öz bildiyini etdi.
Bundan sonra Flora bir müddət də Bakıda yaşayan bibimgildə qaldı. Sonra atam və əmim Bakıya gələrək bacımı uşaqlarla birlikdə rayona gətirdi. Bacım rayonda olduqda buarada da adına sözlər gəzdiyini, ona görə də telefon işlətməməsini, evdən bayıra çıxdıqda mən və ya atamla bir yerdə çıxmasını dedik. Bacım bir müddət bizim dediklərimizi etdi.
Lakin sonradan atamın telefonu ilə gah Pərvizlə, gah da rəfiqələri ilə danışmağa başladı. Ondan nə səbəbə yenidən danışdığını dedikdə, bildirdi ki, uşaqların alimenti ilə bağlı danışır”.
“Bizdən xəbərsiz evdən qaçdı”
Səlimin ifadəsinə görə, 2020-ci ilin axırlarında o və atası olmadan Flora uşağı məktəbə apardığı üçün ona əsəbiləşib və şillə ilə sifətindən vurub: “Flora da həmin vaxtı uşaqları evə qoyaraq bizdən xəbərsiz evdən qaçdı. Əvvəlcə hara getdiyini bilməsək də, sonradan eşitdik ki, Pərvizin yanındadır, barışıblar. Biz də uşaqları Sumqayıta göndərdik.
Həmin ərəfələrdə Pərviz zəng edərək Floranın uşaqları da götürərək evdən getmək istədiyini, hansısa sığınacaqda yerləşəcəyini söylədi. Atam Sumqayıta gedərək Floranı fikrindən döndərməyə çalışsa da, bacarmadı. Mənə zəng edərək Floranın öz fikrindən dönmədiyini, evdən getmək istədiyini dedi. Mən də atama Floranın evdən bayıra qoymamasını, özümün də oraya gələcəyimi dedim”.
“Bacım boğazını kəsdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, səhərisi gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə Pərvizgilin yaşadığı evə gəlib: “Mən və atam Floraya nə qədər danışsaq da, fikrindən dönmədi. Bizə işinə qarışmamağımızı, öz həyatını yaşamaq istədiyini söylədi. Biz də onun Pərvizlə tam barışıb bir yerdə yaşamasını, yaşamaq istəməsə də bizimlə rayona gəlməyini, burada tək qalmasına icazə verməyəcəyimizi dedik.
Flora həmin gün özünü öldürəcəyini deyərək bıçaqla boğazını azca kəsdi ki, onu rayona aparmayaq. Lakin sonra rayona getməyə razılıq verdi. Mən, atam, Flora və bacımın 3 uşağı ilə rayona getmək üçün Bakı şəhəri, "20 Yanvar" metrosunun yanına gəldik. Fikirləşdik ki, oradan Saatlıya gedən taksiylə rayona gedəcəyik. Flora tualetə getmək istədiyini söylədi. Biz də etiraz etmədik”.
“Özünü polis maşının qabağına atdı”
Səlim bildirib ki, daha sonra Flora özünü yol polisi avtomobilinin qabağına ataraq polislərə onu məcbur rayona apardığımızı, onun başına oyun açacağımızı, sığınacağa getmək istədiyinideyib: “Biz daha Floranı apara bilməyəcəyimizi düşünərək rayona getdik. Flora təxminən 2021-ci ilin yanvar ayının əvvəllərinə kimi sığınacaqda qaldı. Sonra onun sığınacaqdan çıxdığını, yenidən Pərvizlə barışaraq Sumqayıt şəhəri, 16-cı mikrorayonda fərdi evdə kirayə yaşadığını eşitdim”.
Səlimin ifadəsinə görə, fevralın əvvələrində Pərviz yenə atasına zəng edib və Floranın onunla yaşadığını, yenə öz bildiyini etdiyini və işləmək fikrinə düşdüyünü söyləyib: “Mən bu münasibətin uzun müddət davam edə bilməyəcəyini fikirləşdim. Özüm də kənddə biabır olduğumdan bacımla ətraflı danışmağı, ya ailəsiylə yaşamasını, ya da, boşanaraq bizimlə yaşamasını təklif etməyi düşündim. Bu səbəbdən Bakı şəhərinə, digər bacımıgildə gəldim”.
“Nikaha girəcəklərini söylədilər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün səhər saatlarında Pərvizə zəng edərək Sumqayıt şəhərində görüşmələrini deyib: “Həmin gün görüşüb, Sumqayıt şəhərində yerləşən kafelərdən birində söhbət etdik. Pərvizdən bundan sonrakı münasibətlərinin necə olacağını soruşdum. O da Flora ilə danışdığını, uşaqlara görə barışacaqlarını və bir yerdə yaşayacaqlarını, yenidən nikaha girəcəklərini söylədi. Pərvizə bu barədə bacımla da danışmaq istədiyimi dedim.
Pərvizgilə gedib Flora ilə də danışdım. O da mənə uşaqlara görə Pərvizlə yenidən nikaha girəcəyini, heç yerdə işləməyəcəyini, mübahisə etməyəcəyini dedi. Biz bir yerdə ASAN xidmətə getdik. Mənim gözümün qabağında nikaha girəcəklərini söylədilər”.
“Polisə təslim oldum”
Səlim bildirib ki, növbəti dəfə Pərviz ona zəng edərək Floranın fikrindən döndüyünü, nikaha getmək istəmədiyini söyləyib: “Mən də əsəbiləşdim və Pərvizə onlara gələcəyimi dedim. Təxminən saat 16 radələrində onlara gedərək bacımla xeyli söhbət etdim.
Bacım dedi ki, hələlik nikah lazım deyil, özü də işləyəcək, onun işinə heç kəsin qarışmasın. Axşam saatlarına kimi bacımla danışaraq onu fikrindən döndərməyə çalışdım, amma xeyri olmadl, Flora öz həyatını yaşamaq istədiyini dedi. Saat təxminən 20 radələrində bacımla eyni otaqda olduğumuz vaxt yenə öz bildiklərini dediyindən, fikrindən dönmədiyindən əsəbiləşdim. Aramızda mübahisə yarandı.
Flora öz həyatını yaşamaq istədiyini dedikdə, daha da əsəbiləşərək arxa cibimdən Saatlıdakı evdən gətirdiyim bıçağı çıxarıb, otaqda taxtın üzərində oturmuş bacımın qarnından vurdum. Flora əlini qarnına tutaraq qışqırdı. Mən də əsəbi halda evdən bayıra çıxdım.
Pərviz Floranı xəstəxanaya aparmağa çalışdı. Mən Daxili İşlər Nazirliyinin ”102” xidmətinə zəng edərək bacımı bıçaqla vurduğumu söylədim və polis əməkdaşlarına hər şeyi səmimi deyərək bıçağı da təhvil verdim”.
İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, Pərvizlə 2010-cu ildə evlənib, 3 uşaqları var: “Valideynlərim məni Pərvizə vermədiklərindən onunla razılaşaraq məni qaçırdı. Biz evlənərək əvvəlcə Pərvizin anasıgilin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qaldıq.
Pərvizlə aramızda tez-tez mübahisə olurdu. O, həm məni evə baxmır, həm də səbəbsiz yerə evdə mübahisələr edib mənə nalayiq sözlər deyirdi. Sonra da valideynlərimə zəng edərək məndən gileylənirdi.
Mən də bir neçə dəfə evdən çıxaraq atamgilə getmişəm. Lakin sonradan Pərviz mənimlə barışaraq evə gətirib”.
“Qardaşım məni hər kəsə qısqanırdı”
Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin yanvarında Pərvizlə boşanıblar: “Uşaqlar bir müddət Pərvizlə qaldı. Özüm isə həmin müddətdə Bakı şəhərinə, bacımgilə köçdüm. Orada qaldığım müddətdə mağazada iş taparaq bir müddət işlədim. İşdən çıxdığından sonra bir neçə gün bibimgildə qaldım. Daha sonra atam əmimlə gələrək bibimgildən məni, uşaqları da Pərvizdən götürərək rayona apardılar.
Təxminən 3-4 ay atamgildə qaldım. Həmin ərəfələrdə evdə qardaşım və atamla aramızda mütamadi mübahisələr olurdu. Qardaşım yerli-yersiz məni hər kəsə qısqanırdı. Boşandığımdan və mağazada işlədiyimdən mənim kimlərləsə münasibətdə olmağımdan şübhələnirdi.
Haqqımda kənddə yalan-yalan sözlər danışıldığından qardaşım əsəbiləşərək mənimlə tez-tez mübahisə edirdi”.
“Pərvizlə barışdıq, amma...”
Floranın sözlərinə görə, qardaşının hərəkətlərinə dözə bilmədiyindən evdən qaçıb: “Pərvizə zəng etdim. Onun yanına gələcəyimi evdən heç kəsin bilmədiyini, kim soruşsa, yanında olmağımı gizlətməyini xahiş etdim.
Pərvizlə görüşərək onların yaşadığı H.Z.Tağıyev qəsəbəsinə gəldik. Pərviz uşaqlarıyanıma gətirdi və atamgilə burada olduğumu bildirdi. Aramızda yenidən mübahisələr başladığından Pərvizə uşaqları da evdən götürərək gedəcəyimi, sığınacaqda qalacağımı dedim. Pərviz mənə icazə verməyərək münasibətlərin düzələcəyini dedi.
Amma onun düzəlmədiyini gördüm və evdən getmək istədim. Həmin ərəfədə atamla qardaşım bizə gəldi və məni rayona aparmaq istədilər. Mən isə nə rayona getmək, nə də Pərvizlə yaşamaq istəmədiyimi dedim. Atamgil məndən əl çəkmədiyindən onlarla getməyə razılıq verdim”.
“Hər mübahisə etdikdə atamgilə xəbər verirdi”
Flora qeyd edib ki, "20 Yanvar" metrosunun yaxınlığında uşaqları da götürüb və atasıgildən xəbərsiz qaçıb, uşaqlarla birlikdə Bakı şəhərində yerləşən sığınacaqların birində qalıb:
“Pərviz dəfələrlə uşaqları götürmək istəsə də, uşaqları ona vermədim. Sığınacaqdan çıxdıqda Pərvizə zəng etdim. Ondan uşaqları aparmasını, sığınacaqdan çıxdığımızı dedim. Pərviz uşaqlarla birlikdə məni Sumqayıt şəhərinə apardı. Qərara gəldik ki, barışaq və birlikdə Sumqayıt şəhəri, 16-cı mikrorayonda fərdi evdə kirayə yaşayaq.
Bir müddət hər şey qaydasında oldu. Daha sonra aramızda yenə mübahisələr başladı. Pərviz evə vaxtı-vaxtında baxmadı. Hər mübahisə olduqda Pərviz zəng edərək atamgilə məlumat verirdi”.
“Əlimi qarnıma tutaraq ağrıdan qışqırdım”
Zərərçəkmiş qeyd edib ki, uşaqlarla evdə olduğu vaxt qardaşı Səlim Pərvizlə evə gəlib: “Səlim mənimlə söhbət edərək vəziyyəti soruşdu. Mən də uşaqlara görə yenidən nikaha girəcəyimizi, heç yerdə işləməyəcəyimi, mübahisə etməyəcəyimi söylədim. Pərviz də hər şeyin qaydasında olacağına söz verdi. Səlim bizə bir yerdə ASAN xidmətə getməyi, orada onun gözü qabağında nikaha girməyimizi təklif etdi. Biz də etiraz etmədik.
ASAN xidmət 6-cı gün işləmədiyindən qardaşım bizə zəng edərək 1-ci gün getməyi təklif etdi. Mən isə indi qaçaqaç olmadığını, sonra nikaha girəcəyimi söylədim. Qardaşım Pərvizə zəng vurdu. O da nikaha girmək üçün ASAN xidmətə sonra gedəcəyimizi bildirdi.
Növbətu gün qardaşım bizə gəldi, mənimlə xeyli söhbət etdi. Ona tezliklə nikaha girəcəyimizi, ailə işlərimizə çox qarışmamasını, başqa-başqa adamların sözləriylə qızışıb məndən şübhələnməməsini xahiş elədim. Səlim özü burada olduqda nikaha girməyimizi istədikdə razılaşmadım.
Mən yataq otağında taxtın üzərində oturub, əlimdə olan paltarları səliqəyə saldıqda birdən qardaşım əsəbiləşərək əlində bıçaq üzərimə gəldi. Bıçaqla qarnımdan bir dəfə vurdu. Əlimi qarnıma tutaraq ağrıdan qışqırdım.
Pərviz otağa gəldi, qardaşım əsəbi halda evdən bayıra çıxdı. Pərviz məni xəstəxanaya apardı”.
Məhkəmənin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 7 ay 2 gün müddətinə şərti cəza təyin olunub./Teleqraf.com