Azərbaycanda bələdiyyə sədrinə və bacısına hökm oxunacaq - 1 milyonluq dələduzluq

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkuta hökm oxunacaq.

Musavat.com xəbər verir ki, 2 həftə öncə keçirilən iclasda prokuror çıxış edib.

Prokuror çıxışında Aytac Əliyevanın 9 il, İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror İlknur Turkut barəsində seçilmiş ev dustaqlığının ləğv edilərək, zalda həbs edilməsini də istəyib.

Xatırladaq ki, bacılar 2021-ci ildə saxlanılaraq istintaqa cəlb olunublar. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Hazırda Aytac Əliyeva həbsdə, İlknur Turkut isə ev dustaqlığındadır.

İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib və zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.

E.Məmmədəliyev,
Musavat.com

27.11.2023 18:40
1143