Azərbaycanda avtomobil istehsalı: kimə xeyir, kimə zərər?

Daha bir ölkə ilə avtomobil yığımı müəssisəsi yaradılır

Azərbaycanda avtomobil istehsalı müstəqillik əldə etdiyimiz müddətdə daim gündəmdə olan, bəzən ümidverici addımlar atılan, sonradan isə yenidən başlanğıc nöqtəsinə qayıdan bir prosesə çevrilib. Biz müzakirələr apardığımız dövrdə bir sıra postsovet ölkələri real addımlar atıb, dünya avtomobil sənayesinin nəhənglərini öz ərazilərində istehsal müəssisəsi yaratmağa sövq edə bildilər. Belə ölkələrdən biri olan Özbəkistan hazırda elektromobil istehsalına köklənib, qabaqcıl Çin şirkəti ilə əməkdaşlığa başlayıb. Rəsmilərin açıqladığı məlumatlara əsasən, Özbəkistanda yığılan avtomobillərin komponentlərinin 30 faizə yaxını elə ölkənin özündə istehsal olunur.

Azərbaycanda isə iki dəfə İranın, bir dəfə Çinin şirkətləri ilə hazır komponentlərdən burada yığımla bağlı işlər başladılıb. “İran Khodro” ilə razılaşmalar çərçivəsində ilk olaraq “AzSamand” avtomobillərinin yığımına başlandı, lakin tezliklə uğursuzluğa düçar olundu. Daha sonra Naxçıvanda Çin şirkəti ilə “Lifan”, “FAW”, “Changan” modellərinin yığımı təmin edildi. Qısa müddət ərzində dövlət qurumlarından müəyyən sifarişlər olsa da, tezliklə onlar dayandı, müəssisədə avtomobil yığımı səmərəsiz hala gəldi. Hazırda müəssisə demək olar ki, istehsalı tam dayandırmaq üzrədir. 

2018-ci ildən Neftçalada “İran Khodro” ilə “Xəzər” və “Peugeot” markalı avtomobillər yığılır. Neftçala sənaye məhəlləsində yerləşən zavodun illik istehsal gücü 10 min ədəd avtomobil təşkil edir. 2018-ci ildə zavodda 1500 avtomobil istehsal olunması nəzərdə tutulsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Müəssisə rəhbərliyi 2020-ci ildə istehsalı 5 min avtomobilə çatdırmağı hədəfləsə də, həmin il heç 1500 avtomobil yığılmadı.

2019-cu ilin fevral ayından zavodda “Peugeot” markalı avtomobillərin istehsalına başlanıb. Şirkət tərəfindən “Peugeot”un 9 modelinin istehsalı nəzərdə tutulduğu deyilirdi. Bundan əlavə, 2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına da başlanmalı idi.

İlk illərdə “Khazar” avtomobillərinin də əsas alıcısı dövlət qurumları oldu:  İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu, Dövlət Statistika Komitəsinin yerli idarələri və digər qurumlar. 2018-ci ilin ikinci yarısından etibarən ƏƏSMN də müharibə əlillərinə avtomobillərin mühüm bir qismini məhz bu zavoddan əldə edir. Hazırda dövlət qurumlarından yalnız ƏƏSMN-in alışları davam edir. 2023-cü ildə nazirlik Qarabağ müharibəsi qazilərinə 474 avtomobil verib.

Azərbaycanda daha bir ölkə ilə avtomobil yığımı müəssisəsi yaradılır. Ötən ilin mayında Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılacaq Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməli qoyulub. Müəssisə Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti ilə birgə yaradılır, onun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. Təməlqoyma mərasimində verilən məlumata görə, iki il ərzində zavodun inşasına və burada istehsal prosesinə başlanmasına 88 milyon manat investisiya yönəldiləcək. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunmaqla, “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” markalı minik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bütövlükdə isə zavod işə salındıqdan sonra layihə çərçivəsində burada il ərzində 30 min ədəd avtomobilin istehsal olunacağı gözlənilir. Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində ehtiyat hissələrinin istehsal olunacağı da gözlənilir. Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov bildirib ki, artıq avtomobil istehsalı üzrə birgə müəssisənin tikintisinə start verilib. Avtomobil yığımını təmin edəcək ilk addımdan sonrakı mərhələdə zavodun inkişafı və əlavə istehsalat imkanlarının işə salınmasına hazırlıq işləri görüləcək. Üçüncü mərhələdə isə ehtiyat hissələrinin istehsalı planlaşdırılır.

Xatırladaq ki, Neftçalada İran avtomobillərinin yığımı müəssisəsi işə salınarkən də təxminən eyni hədəflər qarşıya qoyulmuşdu: komponentlərin yerli istehsalının yaradılması. Lakin bu hədəfə hələ də nail olunmayıb...

İndi isə Azərbaycanda “Lada”nın istehsalına başlanılır. Rusiyanın “AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. ASC-nin rəhbəri Maksim Sokolovun verdiyi məlumata görə, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib.

Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər Tolyattidən olan mütəxəssislərdən lazımi təlim keçiblər. Onun sözlərinə görə, Azərbaycanda “Lada”nın illik istehsal həcmi növbəti bir neçə ildə 4-5 min avtomobilə çata bilər. Maksim Sokolovun dediyinə görə, ilkin olaraq “Lada Granta”, ilin sonuna kimi “Lada Niva” ailəsinin avtomobillərinin iki modelini - Legend və Travel, eləcə də Vesta ailəsinin avtomobillərini yığmağa başlamaq niyyətindədirlər. “AvtoVAZ” rəhbərinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması şirkətə bu ölkədə bazar payını bərpa etməyə və brendin mövcudluğunu artırmağa kömək edə bilər.

2023-cü ilin dekabrında “AvtoVAZ”ın xarici bazarlarda satış və biznesin inkişafı departamentinin rəhbəri Andrey Vladimirtsev bildirmişdi ki, şirkət Azərbaycana “Lada Vesta”, “Lada Granta” və “Niva Travel” avtomobillərini ixrac etməyi planlaşdırır. Belə görünür ki, ixrac planı burada yığımla əvəz olunub. 

2020-ci ilin fevralında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə" qərar qəbul edib. Qərarla minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin Azərbaycana idxalı gömrük rüsumlarından azad olunub. Qurum bunu ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə etdiyini açıqlayıb. Belə şəraitdə “Lada”ların burada yığılması idxalından daha sərfəli ola bilər. 

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bazarın həcmi və ekosistem baxımından Azərbaycanda avtomobil sənayesinin inkişafı çox məhduddur: “Düzdür, Dünya Bankının hesabatında Azərbaycanda avtomobil istehsalı sənayesinin qurulması iqtisadiyyatın şaxələndirilməsi baxınmından mümkün hesab olunur. Lakin faktiki qiymətləndirmələr göstərir ki, bu sahədə inkişaf potensialı elə də yüksək deyil. Əvvəla, yeni bir avtomobil modeli yaradıb istehsalı qurub, onun bazarını təmin edəcək elmi-texniki nailiyyətlər əldə olunmayıb. İkincisi, hətta belə nailiyyət olsa da, uzunmüddətli sərmayə qoyuluşu üçün maliyyələşməni təmin edəcək kreditləşmə imkanları mövcud deyil. Digər tərəfdən, dünya iqtisadiyyatı ilə inteqrasiya o səviyyədə deyil ki, istehsal olunacaq yeni avtomobili xaricə ixrac edib, gəlir əldə olunsun. Nəhayət, yerli bazar belə müəssisənin gəlirliliyini təmin edəcək həcmdə deyil. hazırda Azərbaycan bazarında xarici avtomobil markalarının çoxsaylı çeşidi var, seçim imkanları genişdir. Bu şəraitdə yerli istehsalın davamlılığını təmin etmək mümkün deyil. İndiyədək qurulan müəssisələrin taleyi sübut edir ki, daxili bazarın tələbi yüksək olmadığı üçün Azərbaycanda avtomobil istehsalının inkişafı real deyil”.

Ekspertə görə, “Lada”nın istehsalı mövcud infrastrukturun ayaqda saxlanmasına hədəflənib: “Azərbaycanda "Lada" avtomobillərinə tələblə bağlı köhnədən qalma ənənə var. Yeni modellərin burada yığılmasını həyata keçirən müəssisənin istehsal imkanlarının müəyyən dövrdə davam etməsi mümkündür. Lakin bu dövr uzunmüddətli olmayıb,  daxildəki tələbatın ödənməsinə qədər - yəni bir neçə illik müddəti əhatə edə bilər". 

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Rusiyada “Lada” avtomobillərinin satışı 42,5 faiz artaraq 91,563 min ədəd təşkil edib. “AvtoVAZ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, mart ayında şirkət Rusiya bazarında 42,84 min avtomobil satıb (illik 83,6 faiz, aylıq 53,6 faiz artım). Bu, avtomobil istehsalçısının hesablamalarına görə, 11 il ərzində rekord aylıq nəticədir. Sonuncu dəfə “Lada”nın daha yüksək satış nəticəsi 2012-ci ilin aprelində qeydə alınıb, o zaman Rusiya bazarında 44,1 min “AvtoVAZ” avtomobili satılıb.

Məlumatdan aydın olur ki, birinci rübdə Tolyattidə avtomobil istehsalı 170 faizdən çox artaraq, demək olar ki, 116 min avtomobil təşkil edib.

“AvtoVAZ”ın 2024-cü il üçün istehsal planı 500 min avtomobil, Rusiyada satışları 450 min avtomobildir. Lakin bu planların reallaşması ciddin sual altındadır. Belə ki, bu ilin fevralında ABŞ Maliyyə Nazirliyi “AvtoVAZ”a qarşı sanksiya tətbiq edib. Müəssisəyə məhsul, məsələn, hansısa detalları satan hər hansı xarici tərəfdaş  sanksiyalara məruz qala bilər. Rusiya ekspertlərinə görə, ABŞ-ın bu addımı “AvtoVAZ”ın istehsal üçün kəskin asılılıqda olduğu Çin komponentlərini əldə etməsini qat-qat çətinləşdirəcək. Hətta bir çox ekspertlər sanksiyalardan sonra Çindən avtomobil komponentlərinin idxalının 80-90 faizədək dayanacağını gözləyirlər. Onların fikrincə, Rusiyaya hazır avtomobil satmaqda daha maraqlı olan Çin şirkətləri sanksiyaları bəhanə  edə bilərlər.

Azərbaycanda qurulan birgə müəssisə bu baxımdan bir müddət daha əlverişli şərtlər əldə edə bilər: Detallar Çindən sanksiya təhlükəsi olmadan idxal oluna, hazır avtomobillər isə Rusiyanın öz bazarına ixrac edilə bilər. Yaxud lazım olan detallar Azərbaycandakı müəssisə adına alınıb, buradan Rusiyaya çatdırıla bilər. Lakin aydın məsələdir ki, bu sxemlə də uzun müddət işləmək mümkün olmaya bilər: ABŞ Azərbaycandakı müəssisəni ikincili sanksiyalara daxil edə bilər. Bu isə Azərbaycanın beynəlxalq imici baxımından heç də arzuolunan hal olmayacaq. 

Dünya SAKİT,
“Yeni Müsavat”

03.04.2024 08:37
2360