Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib.
Sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:
"Martın 24-də evim yandırıldı. Hansı ki, o mənzildə anam, bacım və 4 yaşlı oğlum var idi. Bu hadisədən bir həftə əvvəl tanımadığımız bir şəxs həyətimizə girirdi. Bu cinayəti törədən də, bu cinayətin sifarişçiləri də öz cəzalarının alacaqlar. Mən düşünürəm ki, bu mənim ailəmin canına qəsd, mənə isə gözdağı idi".
Naiblinin yayımladığı görüntülərdə yanan evin videosu da yer alıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı BAKU.WS-ə bildirib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində vətəndaş Ş.Axundzadəyə məxsus evin qarşısında olan köməkçi tikilidə baş vermiş yanğın hadisəsi ilə əlaqədar aparılan araşdırmalardan sonra aidiyyəti dövlət qurumunun rəyi əsasında hadisənin qısaqapanma nəticəsində baş verdiyi müəyyən edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Onu da qeyd edək ki, bir müddət əvvəl Şəbnəm Naiblinin ailə quracağı xəbərəri yayılmışdı. İş adamı olduğu bildirilən şəxs aparıcıya evlilik təklifi etmişdi.