Azərbaycanda 3 ildən sonra neft-qaz hasilatı necə artacaq? - proqnoz

İlham Şaban: “Bu sahədə işlər başlanarsa, qısa müddətdə hasilata başlamaq mümkün ola bilər”

Azərbaycan hökumətinin ortamüddətli dövr üçün proqnozlarına əsasən, 2026-2029-cu illərdə ölkə ÜDM-də neft-qaz sektorunun payı azalacaq, qeyri-neft-qaz sektorunun payı isə artacaq. Bu günlərdə açıqlanan proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcminin 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-nin həcminin 129,1 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.

2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat(28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat(25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat(23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat(21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat(20,6 faiz) təşkil edəcəyi gözlənilir.

Maliyyə Nazirliyinin açıqladığı ortamüddətli büdcə çərçivəsində qeyd olunur ki, neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.

Buna uyğun olaraq 2029-cu ildə qeyri-neft/qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 6,9 faiz bənd artaraq 61,9 faiz, mütləq ifadədə isə 19,4 faiz artaraq 25,8 milyard manat təşkil edəcək. Eyni zamanda dövlət büdcəsinin neft-qaz gəlirləri 2026-cı illə müqayisədə 10,3 faiz azalaraq dövrün sonunda 15,8 milyard manata qədər enəcək.

Bildirilir ki, dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2026-2029-cu illər üzrə orta qiyməti olaraq 65 ABŞ dolları, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınıb.

Qeyd edək ki, ABŞ-ın başlatdığı tarif siyasəti dünya neft bazarında qiymətləri qısa müddətdə 80 dollar ətrafından 64-65 dollara qədər ucuzlaşdırıb. Birinci rübün yekununda Azərbaycan neftinin orta qiyməti 77 dollar təşkil edib. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 7 dollar yuxarıdır. Apreldən isə qiymət 65-67 dollar arasında dəyişir.

Rəsmi statistikaya əsasən birinci rübdə Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Beləliklə, birinci rübdə Azərbaycanda neft hasilatı illik ifadədə 400 min ton azalıb. Bunun 200 min tonu “Azəri-Çıraq-Günəşli”də, 100 min tonu (kondensat) “Şahdəniz”də,  100 min tonu isə SOCAR üzrə qeydə alınıb. İxracda 300 min ton AÇG, 100 min ton SOCAR üzrə azalma var. 

Neft ixracını həcm və dəyər baxımından azalması ölkənin valyuta gəlirlərində açıq hiss olunur. Belə ki, birinci rübdə Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 1 milyard 177,406 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 270,4 milyon ABŞ dolları və yaxud 18,7 faiz azdır.

2029-cu ildə hökumətin neft-qaz sektorunda gözlədiyi hasilat artımı hansı mənbələr hesabına mümkündür? Bu proqnozun reallaşması ehtimalı nə qədər yüksəkdir?

Bizim Barrel" - Ölkədə və dünyada baş verən karbohidrogen prosesləri İlham  Şabanın TƏQDİMATINDA

İlham Şabanın

Suallara cavab verən enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, hökumətin açıqladığı ortamüddətli çərçivə sənədi Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun payının azalacağını nümayiş etdirir: “2029-cu ildə bu sektorun ümumi daxili məhsulda payı 20,6 faizə qədər azalacaq. Amma hökumət 2029-cu ildə həm neft, həm də qaz hasilatında artım gözləyir. Bu artım haradan ola bilər? 2025-ci ildə Böyük Britaniyanın BP şirkətinin ”Qarabağ" yatağının işlənməsi layihəsinə qoşulması gözlənilir. Haradasa sentyabr ayı üçün şirkətlə yatağın işlənməsinə dair kommersiya sazişinin imzalanması gözlənilir, bir qədər tez də ola bilər. Bundan sonra yataqdan ilkin neft hasilatının başlanması üçün təxminən 3-4 il vaxt lazım gələcək. Qaz hasilatı sahəsində yaxınmüddətli dövrdə Azərbaycan hökuməti “Abşeron” qaz-kondesat yatağının işlənməsinin ikinci mərhələsinə başlanmasına dair kommersiya sazişini təsdiq etməyi planlaşdırır. Bu isə yataqdan hasilatı mövcud 1,5 milyard kubmetr qaz və 500 min ton kondesatdan 4,5-5 milyard kubmetr qaz, 1,5 milyon ton kondesata çatdırılmasını nəzərdə tutur. Bu iki yataq hesabına 2029-cu ildə neft-qaz hasilatı 2028-ci illə müqayisədə artacaq. Reallaşması mümkün olan daha bir layihə 2021-ci ilin yanvarında Azərbaycanla Türkmənistan arasında imzalanan və parlamentdə ratifikasiya edilən “Dostluq” yatağının işlənməsini nəzərdə tutur. Dörd il keçib, amma bu layihə ilə bağlı hərəkətlilik yoxdur. Amma bu sahədə işlər başlanarsa, qısa müddətdə hasilata başlamaq mümkün ola bilər".

Yazını hazırladı: Dünya SAKİT

19.04.2025 10:24
135