Deputat Hikmət Babaoğlu: “Ulu öndər bütün xalqı tək dövlət, tək bayraq, tək vətəndə birləşdirən ideologiya ilə dövləti xilas etdi”
İyun ayı tarixdə həm də 1993-cü ildə qiyamçı Surət Hüseynovun Əbülfəz Elçibəy hakimiyyətinə qarşı Gəncədə başlatdığı hərbi qiyam, bu qiyam nəticəsində ölkəmizin vətəndaş müharibəsi, bölünməsi təhlükəsi ilə üz-üzə qalması və son anda böyük siyasi lider Heydər Əliyevin Azərbaycanı bu təhlükəli ssenaridən xilas etməsi ilə xatırlanır. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar, hakimiyyətin istefası tələbi qoyulub.
Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, 11 nəfər qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb.
Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Qiyamı yatırmaq mümkün olmadığından gərginlik get-gedə yüksəlib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıb.
Bu arada ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəlib.
Heydər Əliyev həyatını riskə ataraq Gəncəyə hadisə yerinə gedib. Baş verənləri yerində araşdıran təcrübəli siyasətçinin uzaqgörənliyi və peşəkarlığı ilk günlərdəncə öz sözünü deməyə başlayıb. Heydər Əliyev bütün Azərbaycan xalqına arxalanaraq ölkənin gələcəyinin məsuliyyətini öz üzərinə götürdü. 15 iyunda Ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycanı vətəndaş müharibəsinin və bölünmənin astanasından geri döndərmiş oldu.
Heydər Əliyev olmasaydı, bu qiyam ölkəmizi sonu böyük fəlakətlərlə nəticələnən faciəvi vəziyyətlə üz-üzə qoyacaqdı.
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu bu barədə “Yeni Müsavat”a bildirdi ki, 1993-cü ilin iyununda baş verən hadisələr təkcə Əbülfəz Elçibəy hakimiyyəti ilə Surət Hüseynov arasında olan qarşıdurma deyildi: “Bu, əslində başlamaqda olan vətəndaş müharibəsi idi. Çox təəssüf ki, bu hadisə baş verdi. Azərbaycanın tarixinə Surət Hüseynovun timsalında etnik separatçılıqdan başqa regional separatçılıq hadisəsi yazılmış oldu. Çünki Surət Hüseynov Gəncəbasarda özünün hakimiyyətini qurmaqla faktiki olaraq Azərbaycanda ikihakimiyyətlilik yaratmış oldu. Şübhəsiz ki, burada Azərbaycanı zəiflətməkdə maraqlı olan xarici qüvvələr var idi, ermənilərin bu və ya da digər şəkildə rolu, o dövr Boris Yeltsin Rusiyasının bu vəziyyətin yaranmasında əli var idi. Azərbaycanı zəiflətməkdə məqsəd o idi ki, bir daha Qarabağ haqqında düşünə bilməyək, Azərbaycanda etnik və regional separatçılığı ruhlandırmaqla bütövlükdə Azərbaycan dövlətinin mövcudluğu sual altına alınsın. Belə bir çətin vəziyyətdə Ulu öndər Heydər Əliyevin proseslərə müdaxiləsi Azərbaycanı formal dövlətçilikdən həqiqi müstəqil dövlətçiliyə qaytardı. Bu, dövlətçilik tariximizdə ən kritik mərhələlərdən biri idi. Düşünün ki, əgər Surət Hüseynovun rəhbərlik elədiyi regional separatçılıq, Ələkrəm Hümmbətovun rəhbərlik etdiyi etnik separatçılıq, SADVAL-ın rəhbərlik etdiyi yenə etnik separatçılıq baş tutmuş olsaydı, biz Azərbaycanı indiki qüdrətli dövlət kimi görə və Qarabağı azad edə bilərdikmi? Əsla mümkün olmazdı. Ona görə düşünürəm ki, biz bir daha tariximizin ibrət səhifəsi olan o dövrə nəzər salmalı, onu dərindən təhlil etməli və Azərbaycan dövlətçiliyinin bu günə gəlib çatmasında böyük dövlət xadimi Heydər Əliyevin nə qədər uzaqgörən, dərin, strateji qərarlar qəbul etdiyini özümüz üçün izah etməli, gənc nəslə çatdırmalıyıq. Tarixi zəfərimizin əsasları məhz həmin dövrdən Heydər Əliyev tərəfindən qurulub. Təsadüfi deyil ki, xalqımız Heydər Əliyev haqda danışanda onu Ulu öndər, ümummilli lider adlandırır. Heydər Əliyev Azərbaycanı xilas etdi və dövlətçiliyini əbədi etdi. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının prinsipləri, Azərbaycanda yaşayan bütün vətəndaşları bu ideologiya ətrafında birləşdriməklə, qətiyyəti ilə ölkəmizi ağır böhrandan xilas yoluna, inkişaf yoluna çıxarmağı bacardı.
Ulu öndər bütün xalqı tək dövlət, tək bayraq, tək vətəndə birləşdirən ideologiya ilə dövləti xilas etdi. Ölkədə xalq-iqtidar, xalq-ordu birliyinə nail oldu.
Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq".
Hazırladı: Etibar SEYİDAĞA