“Azərbaycançılıq ideologiyasının alternativi yoxdur” - deputat

Musa Qasımlı: “Bu ideologiyadan imtina edilməsi etnik millətçilikdir”

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir. Azərbaycançılığın dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur. Heydər Əliyev ronstitusiyamızda ilk dəfə bunu nəzərə aldı.

Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi və qeyd etdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. 2023-cü il-Heydər Əliyev İli Ulu öndərin müəllifi olduğu bu ideologiyanın təbliği üçün yeni imkanlar açdı. 

Professor Musa Qasımlı: Qüdrətli rəhbər və güclü dövlət hər şeyə qadirdir -  AZƏRTAC

Musa Qasımlı

Təəssüflər olsun ki, Azərbaycanda özünü müxalifət adlandıran bəzi marginal siyasi qruplar var ki, hətta bu cür müstəsna əhəmiyyət daşıyan ideologiyaya qarşı da çıxmaqdan çəkinmirlər. Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib. Musa Qasımlı həmin marginal siyasi qruplara, şəxslərə azərbaycançılıq ideologiyasının mahiyyəti, əhəmiyyəti barədə öyrənməyi və yalnız bundan sonra fikirlər dilə gətirməyi tövsiyə edib: “Bilməyənlər bilsin ki, azərbaycançılıq məfkurəsi sadəcə bir ifadə deyil, dərin siyasi-ictimai, mənəvi və strateji hədəflər güdən bir məsələdir. Bu ideologiyanın kökləri bizim milli kimliyimizin formalaşmasına, muxtariyyət qurmağımıza çalışmağımıza, müstəqil dövlət qurmağımıza gedib çıxırsa, onun sistem halına salınması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq tək vətən, tək millət, tək dövlət, tək bayraq deməkdir. Azərbaycançılıqda milli birlik, köklərinin müxtəlif olmasına baxmayaraq bütün azərbaycanlıların tək dövlət, tək bayraq, tək vətəndə birləşməsidir. Azərbaycançılıq ideologiyası ilə Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütün vətəndaşlar hamısı işğalçıya qarşı çiyin-çiyinə döyüşdülər. Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz həm də azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı separatçı ermənilərin başına endirdiyimiz "dəmir yumruq"la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı.

Azərbaycançılıq millətimizin bu günü və gələcəyidir. Çox təəssüf edirəm ki, bəzən mediada bir neçə adam azərbaycançılığın əleyhinə çıxır. Mən isə onlardan soruşmaq istərdim; Azərbaycançılığın alterantivi nədir? Azərbaycançılıq olmasa on milyondan çox Azərbaycan vətəndaşını nə gözləyir? Bu sualların cavabı aydındır. Azərbaycançılıqdan imtina edilməsi etnik millətçilikdir. Etnik millətçilik isə tək dövlətin, tək millətin, tək vətənin parçalanması təhlükələri ilə üz-üzə qalmaq deməkdir. Azərbaycançılıqdan imtina etnik qarşıdurmalar deməkdir".

Millət vəkili qeyd etdi ki, bu gün Azərbaycana düşmən olan xarici dövlətlər və mərkəzlər dini birliyimizi pozmağa çalışdıqları kimi, milli birliyimizi də pozmağa çalışırlar: “Bu bəd niyyətlərin qarşısının alınmasında azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət daşıyır. Azərbaycançılıq hamını birləşdirən bir siyasi, iqtisadi, ideoloji mənəvi məfkurədir. Azərbaycançılığın əleyhinə çıxmaq müstəqil Azərbaycan dövlətinin əleyhinə çıxmaq deməkdir, milli birliyimizin köklərini qazmaq deməkdir. Hesab edirəm ki, bu barədə danışanlar ideyanın, ideologiyanın partiyaların ideologiyalarının, milli ideyanın və milli idealın nə demək olduğunu aydın bilməlidirlər. Azərbaycançılıq dünyadakı bütün Azərbaycanlıları dövlətimiz, vətənimiz, bayrağımız ətrafında birləşdirən bir məfkurədir”. 

Yazını hazırladı: Etibar SEYİDAĞA

30.04.2024 12:08
506