Əziz Əlibəyli: “Önəmli məqamlardan biri də budur ki, ideologiyaların simvolları olmalıdır”
“Milli ideologiya ictimai-siyasi, sosial davranışların əsasında ortaya çıxan ümumi vəziyyətdir. Bunu əldə edə bilmişikmi? Tarixi nöqteyi-nəzərdən baxsaq, bir neçə mərhələnin adını çəkə bilərik”.
Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a açıqlamasında milli ideologiya məsələsini tarixi kontekstdən şərh etdi: “20-ci əsrdə demokratik cəmiyyət qurulduqdan sonrakı dövrdə, 1930-cu ilə qədər milli bütövlük mövzusunda axtarışlar gedib. Ədəbiyyat onu hər formada türk, tatar adı ilə, müxtəlif etnik topluluqların adı ilə idarə edib. Elmi əsaslandırma isə 1930-cu illərdən başlayıb. Bu bir qədər də Stalinin göstərişi ilə olub. Azərbaycan üçün yeni milli kimlik inşa ediblər. Buna Azərbaycan milli kimliyi deyiblər. Ondan sonra isə Qarabağ müharibəsini yaşadıq, SSRİ süqut etdi, Vətən müharibəsində isə qalib gəldik. 90-cı illərə qədər ümumiləşdirilmiş azərbaycançılıq ideologiyası ilə yol davam etdik. Vətən müharibəsindən sonra məlum oldu ki, əslində azərbaycançılıq ideologiyadan daha çox, ideyadır. Milli ideologiyaya ümumi baxış bundan ibarətdir ki, axtarış davam edir. Bu məsələyə azərbaycançılıq üzərindən baxmaq düz gəlmir. Müharibə ölkənin milli təhlükəsizlik mövqeyinin müdafiə xarakterli olmasından çıxması üçün bizə imkan verdi. Biz artıq ictimai instinktləri cəmləşdirə biləcək ideologiyaya keçid mərhələsini ortaya qoymuşuq. Bundan başqa, müharibə ilkin ideolji riski ortaya çıxardı. Xalq qalib gəldikdən sonra hansı ideologiya ətrafında birləşməli olduğu sualı yarandı. Bu, etnik ideoloji baxışı özündə əks etdirərmi? Azərbaycanın bütövləşməsi uğrunda yalnız türk əsilli şəxslər şəhid olmayıb. Digər etnikləri də nəzərə almaq lazımdır”.
Ə.Əlibəyli vurğuladı ki, ilk dəfədir ki, hakimiyyət ideoloji konsepsiyada çıxış edir: “İlk dəfədir ki, hərbi, siyasi və ideoloji güc özünü təsdiq etdi və dərhal ölkənin birinci şəxsinin dilindən hədəf müəyyən edildi, ideoloji savaşın konkret hədəfləri göstərildi. Bundan sonra milli ideologiyanın ilkin işartılarını tapmağa başladıq. Millətin mədəni, tarixi və siyasi konteksti ideoloji proqnozlar hazırlanarkən ideoloji reytinq kimi nəzərə alınmalıdır. Çünki milli ideoloji təhlükəsizlik vəziyyəti bunlar olmadan həll oluna bilməz. Bundan başqa, qanunvericilikdə boşluq var. Yeni ideoloji baxışlara dair milli təhlükəsizlik kontekstindən yanaşma yenilənməlidir. Dini cərəyanların radikallaşması, terrorçuluq, eyni zamanda müxtəlif formalarda qonşu ölkələrin hərbi gündəmində iştirak edən dini hərbi məktəblərdə fəaliyyət göstərən şəxslər var. Maraqlıdır ki, biz bunları terror təşkilatlarının tərkibində nəzərdən keçirmişik. Azərbaycanlı olub ideologiyasını başqa dövlətdən alanlarla bağlı kontekst müəyyən edilməlidir. Milli ideologiyanı formalaşdırmadan öncə alt bazası - iqtisadi, siyasi və sosial amillər həll olunmalıdır. Cəmiyyətin ümumi yaşam səviyyəsi yüksək olmalıdır, çünki adətən yad ideologiyaların təsiri altına düşən şəxslərin əksəriyyəti maddi sıxıntıdan əziyyət çəkir. Başqa məsələ bundan ibarətdir ki, dövlətin idarəetmə və yönləndirici alətləri təhlükələri aydın şəkildə ifadə etməlidir. Dövlət təhlükənin adını dəqiq deməlidir. Vətəndaş üçün ictimailəşdirilməli, onu bütün təhlükələrə qarşı səfərbər edəcək hansı vəzifə dayanır? Bu, aydınlaşdırılmalıdır.
Mədəni millətçilik də önəmlidir. Siyasi millətçilik siyasi muxtariyyət əldə etməyə yönəlirsə, mədəni millətçilik millətin mədəni baxımdan yetişdirilməsinə yönəlir. Biz bunu da ayırd etməliyik. Düşünürəm ki, yol mədəni millətçilikdən başlamalıdır. Vətən müharibəsində mənəvi-psixoloji keyfiyyətlər üzə çıxmağa başlayanda bunu yeni milli ideoloji baxış adlandırdıq. Hətta Zahid Oruc "Dördüncü Respublika" kimi konseptual ad da verib. Yeni milli kimlik, Prezidentin dediyi kimi, azərbaycançılıq ideologiyasına söykənir və Azərbaycanda bərqərar olub. Ölkə başçısı “yeni dövr başlayır” sərlövhəsi ilə bu mesajı verir. Prezident İlham Əliyev Türkiyədəki səfəri zamanı da bu məsələni gündəmə gətirmişdi ki, biz Türk dünyası ilə ortaq dəyərlərə, eyni kökə malik olan, qəhrəmanlıq hekayələrini bölüşən bir millətik. Azərbaycanın birləşdirici funksiyasını qlobal siyasətə tətbiq edəndə türkçülüklə toqquşma yaradır. Yeni kimlik formalaşdırılanda qərar verə bilmək üçün bunu da həll etmək lazımdır. Önəmli məqamlardan biri də budur ki, ideologiyaların simvolları olmalıdır. Ölkə başçısının çağırışları var, amma elm, siyasət, ictimai rəy bunu ortaya necə qoyacağını müəyyən etməlidir".
Yazını hazırladı: Nigar HƏSƏNLİ