“Azərbaycana dekorativ sülh lazım deyil” - ermənişünas alim

“Bu Əsasnamə Qazax rayonuna aid kəndlərin geri verilməsi və həmin ərazidə demarkasiya prosesinin aparılmasından sonra razılaşdırılmış sənəddir. Onun Ermənistan Konstitusiya Məhkəməsində ratifikasiya edilməsindən sonra parlamentdə təsdiqi gələcəkdə digər sərhəd xətlərininin də müəyyənləşməsi üçün əsaslar yaradır”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a, sərhəd komissiyaları, razılaşdırılan Əsasnamə ilə bağlı dövlət başçıları səviyyəsində imzalanan sənədləri şərh edərkən bildirdi.

Qafar Çaxmaqlı: “Sərhəddəki insidentdə Rusiyanın izi var”

Q.Çaxmaqlı vurğuladı ki, Ermənistanın parlament müxalifəti səsvermədə iştirak etmədi: “Amma əsasnamə təsdiqləndi. Bu iş davam etdiriləcək. Yaxın zamanda delimitasiya və demarkasiya işinin başa çatacağını düşünmək yanlış olardı, bu, uzun bir prosesdir”. Politoloq sülhün “qapıda” olduğunu zənn etmir: “Bu prosesin Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə əlaqəsi yoxdur. Sülh anlaşması ayrı bir fəaliyyətdir. Amma Kazandakı görüşdən sonra sülh sazişini də imzalağı gözləyənlər var. ABŞ prezidentinin hər iki ölkə başçısına müraciəti də ciddi irəliləyiş üçün qərarlılıq vəd edir. Ermənistan iddia edir ki, təkliflər paketinin 16-sından 13 maddəsi razılaşdırıb və bunları əsas alaraq müqaviləni imzalamaq olar. Amma həm razılaşdırılmamış üç maddə və Ermənistan Konstitusiyasındakı Azərbaycana ərazi iddiaları qalırsa, müqaviləni imzalamağın bir anlamı olarmı? Çünki imzalanan hər hansı sənəd konstitusiyaya uyğun olmalıdır ki, təsdiq olunsun. Ermənistana o lazımdır ki, hansısa sənədin imzalanması havası əsdirsin və bundan da istifadə edib daxili problemlərini həl etsin”. Q.Çaxmaqlının sözlərinə görə, rəsmi İrəvan destruktiv mövqeyini davam etdirəcək: “Məsələ bunun üstündədir ki, Ermənistan Konstitusiya dəyişikliyinə belə tezlikə getmək istəmir.

Referendumun iki il sonra keçiriləcəyi bəhanəsini işə salır. Ən azından Ermənistan bunu edəcəyinə dair təminat vermir, bəzi etməni politoloqlar belə hesab edirlər ki, Ermənistan parlamenti toplaşıb konstitusiya ilə bağlı dəyişikliyin olacağı qərarı ala bilərlər”. Belə bir qərar Azərbaycanı təmin edərmi? Q.Çaxmaqlı: “Bu, məsələnin başqa tərəfidir. Amma fakt faktlığında qalır ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli Bəyannamədəki öhdəliklərini yerinə yetirməyib. Həmin məsələ sülh danışıqlarından çıxarılsa da, Zəngəzur dəhlizinin açılması ilə bağlı vahid qərar yoxdur. Bu səbəblərdən sülh sazişi ilə bağlı maneələr qalır. Əlbəttə, Azərbaycana dekorativ sülh lazım deyil, imzalanan sənəd bölgədə təhlükəsizliyi təmin etməlidir. Təzyiqlə sülh əldə edilməz. Belə halda tezliklə sülh sazişinin imzanacağını söyləmək məntiqli deyil”.

E.Paşasoy,
Musavat.com

26.10.2024 12:00
1006