Azərbaycan xalqı bu şanlı tarixi öz qanı ilə, gücü ilə yazıb

Bir neçə gündür ki, xalqımız böyük bayramların sevinci ilə yaşayır. Necə deyərlər, ölkəmizdə bayram-bayrama, şənlik-şənliyə, sevinc-sevincə qarışıb. 8 Noyabr Zəfər Günü, elə həmin gün Bakının mərkəzində Zəfər Parkının açılışı və Prezident İlham Əliyevin öz ailə üzvləri ilə həmin tədbirdə iştirakı və xalqa müraciəti, ertəsi gün milli qürurumuz olan Bayraq Gününün təntənəli qeyd edilməsi. Həmin gün də Prezident İlham Əliyev öz ailə üzvləri ilə bərabər Bayraq meydanında olub və dövlətimizin başçısı Azərbaycanın üçrəngli Bayrağınlı ucaldıb. Bütün bu uğurları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuzun qüdrəti sayəsində qazandıq. 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevin Zəfər Parkının açılışı zamanı xalqa müraciərtinə münasibət bildirərkən daha sonra bildirib ki, xalqımız bu şanlı tarixi öz qanı ilə, gücü ilə yazıb. 

Hüquq müdafiəçisi dövlət başçımızın 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladaraq deyib ki, ölkə rəhbəri o zaman bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Son illər bütün sahələr üzrə qazanılan uğurlr da bunu göstərdi. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində ərazisnin 10 hektara yaxın olduğu Zəfər parkının, Zəfər abidəsinin açılışının reallaşması, Zəfər muzeyinin inşa edilməsi tarixi Qələbəmizin növbəti nümunələridir. Dövlətimizin başçısı qeyd etdi ki, şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Müasir üslubda inşa edilən əzəmətli Zəfər tağının hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Ç.Qənizadə ölkə Prezidentinin xalqa müraciətindən bəzi məqamları da xatırladıb: ”Prezident dedi ki, biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Komitə sədri Ali Baş Komandanın dediklərinə istinadən bildirib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci, həm  də İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Dünya birliyi də şahid oldu ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər.

Hüquq müdafiəçisi  deyib ki, müharibə başlayanda ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatların, həmçinin ermənipərəst dövlətlərin təzyiqlərinə baxmayaraq, heç kim bizi dayandıra bilmədi. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı, demək olar ki, düşmənin belini qırdı. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Həmin gündən Azərbaycan dünyada rəsmən Qalib, Ermənistan isə məğlub dölət kimi tanındı: “ Möhtərəm Prezidentimizin dediyi kimi, indi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi”. Ölkə başçısı dedi ki, biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

“Bu gün dünya birliyi də “Qarabağ Azərbaycandır”! reallığını qəbul edib.  Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində dünyanın bir sıra dövlətlərinin yaxından iştirakı, həmçinin işğaldan azad edilmiş ərazilərdə nüfuzlu beynəlxlaq tədbirlərin keçirilməsi də bunu təsdiqləyir” –deyə tanınmış hüquqşünas bildirib.

10.11.2024 16:29
311