Azərbaycan və Rusiyanın eyni maraqları: Putinin budəfəki səfəri nələr vəd edir?

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdədir. 

Ukrayna müharibəsi başladıqdan sonra xarici səfər planını məhdudlaşdıran Putinin məhz Bakıya üz tutması ölkələrimiz arasında siyasi-iqtisadi və ticari əməkdaşlıqların daha sıx olacağından xəbər verir.

Liderlərin görüşdə həmçinin təhlükəsizlik məsələlərini də müzakirə edəcəyi gözlənilir. Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri politoloq Xəyal Bəşirov Musavat.com-a açıqlamasında deyir ki, Azərbaycanla Rusiyanı birləşdirən bir sıra ciddi məqamlar var.

Onun sözlərinə görə, Vətən müharibəsinə qədər Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində çoxlu hadisələr olub:

“1997-ci ilin 3 iyulunda  Azərbaycanla Rusiya arasında qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyə dair müqavilə imzalandı. Daha sonra hər iki ölkə 2008-ci ildə  qarşılıqlı dostluq və əməkdaşlıqla bağlı bəyannaməni imzaladı. 2018-ci ilin 1 sentyabr tarixində Prezident İlham Əliyevlə həmkarı Vladimir Putinin Soçidə bəyanatı oldu.  Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişaf etdirilməsi baxımından önəmli bir bəyanat idi. 2020-ci ildə Vətən müharibəsində Rusiyanın sərgilədiyi mövqe  çox qaneedici idi. Rusiyanın sülhməramlı missiyanı öz üzərinə götürməsi Azərbaycan- Rusiya əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərdi. 2022-ci ilin 22 fevral tarixində Azərbaycanla-Rusiya arasında strateji müttəfiqlik haqqında bəyannamə imzalandı. Həmin o bəyannamə ilə Azərbaycan və Rusiya öz üzərinə öhdəliklər götürdülər. Beləliklə, bir -birinin ərazisində təhlükənin yaranacağı təqdirdə bu təhlükənin aradan qaldırılması üçün addımlar atılacaq. Və ən əsası orada Azərbaycan üçün həmişə aktual olan bərabərhüquqlu əməkdaşlıq məsələləri öz əksini tapmışdı. Mən düşünürəm ki, bu sənəd, Azərbaycanla-Rusiya arasında növbəti mərhələdə sülhməramlı missiya ilə bağlı addımların atılması ondan xəbər verir ki, Azərbaycanla -Rusiya arasında bərabərhüquqlu qonşuluq və müstəqil dövlətlər arasında olan münasibətlər fonunda yaranıb.

Burada iqtisadi maraqları da qeyd etmək lazımdır. Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər günü -gündən inkişaf edir, ticarət dövriyyəsi böyüyür. Burada şimal-cənub dəhlizinin rolunu mütləq şəkildə qeyd etmək lazımdır. Bu dəhlizin yaradılması məsələsində Rusiya və Azərbaycan konkret mövqe ortaya qoyublar. Bu, gələcəkdə Azərbaycanla Rusiya və digər dövlətlər arasında iqtisadi münasibətlərin və  ticarət dövriyyəsinin inkişaf etdirilməsinə gətirib çıxaracaq. Təsadüfi deyil ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycana səfər edərkən onunla birlikdə  Rusiya Prezidentinin müşaviri İqor Levitin də Azərbaycana gəlmişdi. Bu səfər bir daha ondan xəbər verir ki, Azərbaycanla Rusiya arasında hazırkı məqamda prioritet olan iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələsidir. Ümumilikdə, Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik, sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq siyasətini ortaya qoyub”.

Siyasətçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Azərbaycan Rusiyaya qarşı aparılan sanksiyalara qoşulmur.  Eyni zamanda Ukraynanın ərazi bütövlüyünü tanıyır:

“Bu da razılaşdırılmış siyasətin tərkib hissəsidir. Uzun müddətli sanksiyalar Rusiyanın iqtisadiyyatına müəyyən təsir göstərib. Rusiya çalışır ki, yaxın qonşuları ilə əlaqələri yeniləməklə böhran vəziyyətindən çıxmış olsun. Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Düzdür, o saziş rəsmən təsdiq olunmayıb və hüquqi qüvvəsi yoxdur, lakin davam etdirmək lazımdır. Qarşılıqlı ticarət əlaqələrində, enerji resurslarının ötürülməsi ilə bağlı yüksələn xətlə getmək lazımdır.

Putinin ölkəmizə gəlişi Rusiyanın blokada vəziyyətindən çıxmağa hesablanmış səfərdir. Əlbəttə dövlət başçılarının bir-biri ilə görüşüb belə bir söhbət etməyi, müəyyən məsələlər barədə razılıq əldə olunması gözləniləndir. Bu səfər həm Azərbaycan, həm də Rusiya üçün sərfəlidir. Biz isə bu görüşlərdən  öz maraqlarımıza uyğun yararlanacağıq”.

Şahanə Rəhimli
Musavat.com

19.08.2024 14:36
902