Dəyişən şərtlər rəsmi Bakının qısamüddətli deyil, uzunmüddətli perspektivi nəzərə alaraq addım atmasını zəruri edir
Qlobal ticarət yollarının yenidən çizilməsi beynəlxalq güclərin yeni yolların üzərində yerləşən ölkələrə diqqətini birə-beş artırıb. Xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra Asiyadan Avropaya alternativ ticarət yolunun təmini baxımından, nəzərlər Mərkəzi Asiya və Cənubi Qafqaza yönəlib. ABŞ başda olmaqla Qərb dünyası bu ərazilərdən keçməklə Asiyadan Avropaya yüklərin daşınmasını nəzərdə tutan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə(Orta Dəhliz) nəzarəti təmin etməyə çalışır. Bunun üçün müxtəlif beynəlxalq təşkilatların imkanlarından bəhrələnmək üçün addımlar atılır. Belə təşkilatlardan biri də Ümumdünya Ticarət Təşkilatıdır(ÜTT).
Qlobal ticarət qaydalarını tənzimləyən bu təşkilat son vaxtlar Mərkəzi Asiya və Cənubi Qafqaza diqqətini artırıb. Arxada qoyduğumuz həftə ərzində təşkilatın baş direktoru Nqozi Okonyo-İveala hər iki bölgəyə səfər edib. Mərkəzi Asiyada Özbəkistanda müxtəlif görüşlər keçirən baş direktor əsasən Daşkəndin ÜTT-yə üzvlüyü məsələsinə xüsusi diqqət yetirib. 1994-cü ildən üzvlük üçün müraciət edən Özbəkistan yalnız 2019-cu ildən aktiv danışıqlar mərhələsinə başlayıb. Ölkə prezidenti Şavkat Mirziyoyev Özbəkistanın ÜTT-yə üzvlüyü prosesinin maksimum qısa müddətdə yekunlaşmasında maraqlı olduğunu açıqlayıb, işçi qruplar səviyyəsində ardıcıl görüşlər, müzakirələr aparılır.
ÜTT baş direktoru Daşkənddən Bakıya gələrək, burada Prezident İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib. Rəsmi məlumata görə, ÜTT rəhbərini Prezident İlham Əliyev qəbul edib: “Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğulayıb. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə facebook hesabında ÜTT baş direktoru ilə görüşün mövzusunun üzvlüklə bağlı olduğunu yazıb: “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşdə Azərbaycanın təşkilata üzvlük prosesi müzakirə edilib.vAzərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik”.
Qeyd edək ki, ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (TTBS) bazasında 1995-ci ildə yaradılıb. Dünya ticarətinin 98 faizdən çoxu ÜTT-yə üzv ölkələr tərəfindən həyata keçirilir. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət əlaqələrinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılmasıdır ki, bu da iqtisadi inkişafın sürətlənməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxarır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Hazırda ÜTT-nin üzvü olan 164 ölkə dünya ticarətinin və qlobal ÜDM-in təxminən 98 faizini təşkil edir. Bu gün ÜTT-nin 5 əsas prinsipi var. Birinci prinsip bərabər hüquqlardır. Bütün ÜTT üzvlərindən tələb olunur ki, bütün digər üzvlər üçün ən əlverişli dövlət (MFN) ticarət rejimini təmin etsinlər. MFN prinsipi o deməkdir ki, ÜTT üzvlərindən birinə verilən üstünlüklər istənilən halda avtomatik olaraq təşkilatın bütün digər üzvlərinə şamil edilir.
İkinci prinsip qarşılıqlılıq. İkitərəfli ticarət məhdudiyyətlərinin yüngülləşdirilməsində bütün güzəştlər qarşılıqlı olmalıdır.
Üçüncü prinsip şəffaflıqdır. ÜTT üzvləri öz ticarət qaydalarını tam şəkildə dərc etməli və digər ÜTT üzvlərinə məlumat vermək üçün məsul orqanlara malik olmalıdırlar.
Dördüncü prinsip mövcud öhdəliklərin yaradılması. Ölkələrin ticarət tarifi öhdəlikləri ölkələr arasında münasibətlərlə deyil, ilk növbədə ÜTT orqanları tərəfindən tənzimlənir. Və əgər hər hansı bir ölkədə müəyyən sektorda ticarət şərtləri pisləşərsə, imkansız tərəf digər sektorlarda təzminat tələb edə bilər.
Beşinci prinsip təhlükəsizlik klapanlarıdır. Bəzi hallarda hökumət ticarət məhdudiyyətləri tətbiq etmək hüququna malikdir. ÜTT Sazişi üzvlərə təkcə ətraf mühiti qorumaq üçün deyil, həm də ictimai sağlamlıq, heyvan və bitki sağlamlığını dəstəkləmək üçün tədbirlər görməyə imkan verir.
Keçmiş SSRİ məkanında ÜTT-yə üzvlüklə bağlı ən qısa danışıqlar Qırğızıstanla (2 il 10 ay), ən uzun danışıqlar isə Rusiya ilə (19 il 2 ay) olub.
Artıq 26 ildir ki, Azərbaycan ÜTT ilə müşahidəçi qismində əməkdaşlıq edir. Bur müddət aktiv danışıqlar, işçi qrup formatında müzakirələr aparılsa da, 2016-cı ildən bu proses tam dayandırılmışdı. Həmin dövrdə Azərbaycanda aqrar sektorun inkişafına dövlət dəstəyinin yeni mexanizmləri işə salınırdı və bunun ÜTT prinsipləri ilə uyğun olmadığı əsas gətirilirdi. 2023-cü ilin iyulunda 6 illik fasilədən sonra Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi yenidən gündəmə gəldi. Belə ki, Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 6 illik fasilədən sonra iclası keçirildi. İclasla bağlı rəsmi məlumatdan aydın olur ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib. Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildiriblər, onların bu barədə sualları cavablandırılıb.
İndi prosesin daha da aktivləşməsi müşahidə olunur. ÜTT-nin timsalında Qərb Orta Dəhliz ölkələrinin vahid qaydalar üzrə fəaliyyətinə nail olmağa çalışır. Layihəyə milyardlarla yatırım qoymağa başlayan Avropa İttifaqı da dəhliz ölkələri ilə münasibətlərin ÜTT kimi sabit müstəvidə qurulmasında maraqlıdır.
Orta Dəhliz ölkələrini nəzarətə almaq istəyində olan Çin və Rusiya da boş dayanmır. Çin son iki ildə Mərkəzi Asiya ölkələrinə diqqəti dəfələrlə artırıb, çoxmilyardlıq layihələrə vəsait ayırır. Rusiya da bölgədə təsir imkanlarını genişləndirmək üçün Avrasiya İqtisadi İttifaqı mexanizmindən yararlanmağa çalışır.
Bu baxımdan, Azərbaycan üçün ÜTT ilə Aİİ arasında seçim perspektivinin formalaşması ehtimalı da artır. ÜTT-nin əsas prinsipi azad, açıq və şəffaf rəqabətdir. Azərbaycan təşkilata üzv olarsa, dünya ticarətinin “oyun qaydalarına” uyğun olaraq, tədricən proteksionizmdən əl çəkməli olacaq. Bu, ilk növbədə, gömrük tariflərini aşağı salmaqla istehlakçıların ucuz və keyfiyyətli mal və xidmətlərə çıxışını təmin edəcək. Xammalın qiymətinin aşağı düşməsi ilə əlaqədar yerli məhsulların da qiyməti aşağı düşəcək, beynəlxalq bazarda rəqabət qabiliyyəti yüksələcək. Logistika ilə bağlı xərclər əhəmiyyətli dərəcədə azalacaq.
Xaricdən gətirilən xammalın qiyməti nə qədər ucuz olarsa, yerli istehsalın hazır məhsulları da bir o qədər aşağı olur. Bu, rəqabət qabiliyyətini artırır. Bu, ilkin dövrdə milli istehsala mənfi təsir göstərsə də, uzunmüddətli perspektivdə rəqabət mühitinin yaradılmasında müsbət amildir.
ÜTT-yə üzvlüklə daxili bazarda daxili inhisarların hökmranlığına son qoyulacaq, azad rəqabət mühiti yaradılacaq. Eyni zamanda Azərbaycan bazarına investor axını da artacaq. Bu, yeni iş yerləri, yerli istehsalın artması deməkdir. Bundan əlavə, ortamüddətli perspektivdə təşkilata üzvlük inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasına zəmin yaradacaq: bazarda qiyməti inhisarçılar deyil, məhz bazar prinsipləri tənzimləyəcək.
Aİİ-yə üzvlük Azərbaycanın təşkilatın xarici ticarət qaydalarını qəbul etməsi deməkdir. Bu, ÜTT-yə daxil olmaq üzrə danışıqları məntiqsiz edər və xarici ticarət siyasətini müstəqil müəyyən etməkdən imtinaya gətirib çıxarar. Bundan əlavə, Aİİ-yə qoşulmaq Azərbaycanın üçüncü ölkələrlə azad ticarət zonaları yaratmaq imkanlarını məhdudlaşdıracaq. Bir qayda olaraq, əgər ölkə azad iqtisadi zona yaratmaq istəyirsə, vahid gömrük rüsumunun müəyyən edildiyi digər inteqrasiya təşkilatlarına qoşulmamalıdır.
ÜTT-yə üzvlük isə Azərbaycana digər iştirakçılarla razılaşaraq öz maraqlarına əsaslanaraq xarici ticarət tariflərini təyin etməyə imkan verəcək.
Qeyd edək ki, ÜTT-yə qəbul mürəkkəb prosedurdur. Bu proses üç ildən 15 ilədək çəkə bilər. Lakin Azərbaycanla bağlı prosesin çox uzanmasının başqa səbəbləri olduğu deyilir. Əsas səbəb ölkəmizin buna o qədər də maraq göstərməməsi hesab olunur. Azərbaycan hökuməti quruma üzvlüyün müsbət tərəflərinin olduğu kimi, mənfi tərəflərinin də olduğunu bildirir. Bu zaman əsas diqqət kənd təsərrüfatına dövlət dəstəyinə yönəldilir: rəsmilər bildirirlər ki, ÜTT qaydaları Azərbaycanda dövlətin aqrar sektora dəstəyini məhdudlaşdıracaq.
Ekspertlərə görə, ÜTT-yə üzvlük vacibdr. Çünki hazırda beynəlxalq ticarətin 95 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. İddialara görə, ÜTT-yə üzvlük şəraitində liberal iqtisadi siyasətin həyata keçirilməsi monopolistlər üçün sərfəli deyil. Çünki iri şirkətlərin çoxunun fəaliyyəti beynəlxalq, müasir standartlara uyğun deyil. Sadəcə, indiki şərtlərdə bazarda böyük paya sahib ola biliblər. Rəqabətli mühit yarandıqda onların bir çoxu sırada çıxacaq. Bu kimi məqamlar ÜTT-yə üzvlüyü yubadır. Bundan əlavə, gömrük sisteminin şəffaflaşdırılması əhəmiyyətli məsələdir.
Lakin yuxarıda da qeyd etdik ki, beynəlxalq səviyyədə proseslər çox sürətlə gedir, şərtlər dəyişir. Bu dəyişən şərtlər Azərbaycanın qısamüddətli deyil, uzunmüddətli perspektivi nəzərə alaraq addım atmasını zəruri edir.
Dünya SAKİT,
“Yeni Müsavat”