Cənubi Qafqaz əsl geopolitik poliqona çevrilib. Dünya nəhəngləri bu regionda amansız qarşıdurmanı intensivləşdirməkdə davam edirlər. Üstəlik, dünya nəhənglərinin geopolitik savaşı ümumilikdə bütün Cənubi Qafqazı real təhlükə qarşısında buraxmağa başlayıb. Və bu baxımdan, regional geopolitik məkana kənar müdaxilə indi ən yüksək həddə çatmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, dünya nəhəngləri Cənubi Qafqazda sülh prosesi üzərindən siyasi manipulyasiyaları da geopolitik qarşıdurma faktoruna çeviriblər. Xüsusilə də, Ermənistandan "geopolitik alət" kimi istifadə cəhdləri regional sülh prosesini risk altına salmağa başlayıb. Hər halda, bu məzmun və keyfiyyətinə aktiv kənar müdaxilə hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl rolunu oynayır. Və dünya nəhənglərinin geopolitik manevrləri sülh prosesi ətrafında ziddiyyətli situasiyanı daha da qəlizləşdirir.
Məsələ ondadır ki, Fransa Cənubi Qafqazda sülh prosesinin pozulmasında əsas maraqlı dövlət ünvanını qoruyur. Rəsmi Paris Cənubi Qafqaz siyasətinin təməlindən yanlış olduğunu anlayır. Ancaq Fransa ermənipərəst mövqeyində o qədər uzun məsafə qət edib ki, indi geriyə dönüb, səhvlərin düzəldilməsi az qala qeyri-mümkün xarakter daşıyır. Və bu səbəbdən də, rəsmi Paris ermənipərəst mövqe üzərindən geopolitik səhvlərini davam etdirmək məcburiyyətində qalıb.
Rusiyanın maraqları bu məsələdə Fransa ilə böyük ölçüdə üst-üstə düşür. Belə ki, Kreml ABŞ və Qərb qarşısında Cənubi Qafqaz uğrunda mübarizəni uduzmaq istəmir. Kremldə hesab edirlər ki, bu region əbədi olaraq, Rusiyanın təsir dairəsində qalmalıdır. Bu səbəbdən də, Rusiya da əslində, Fransa kimi, regional sülh prosesinin uğursuzluğunda maraqlıdır. Və yeganə fərq ondan ibarətdir ki, Kremlin müəyyən istisnalar üçün manevr məkanı hələ də qalmaqdadır.
Kreml ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlı olmasa da, bu məsələnin məhz Rusiyanın orbitrliyi çərçivəsində həll edilməsinə pozitiv yanaşmaya da meyilli görünür. Belə ki, Kremldə hesab edirlər ki, əgər, Azərbaycan və Ermənistan yekun sülh sazişini imzalayacaqlarsa, bunu mütləq Moskva platformasında Rusiyanın vasitəçiliyi ilə etməlidirlər. Və bu, birmənalı şəkildə Rusiyanın geopolitik maraqlarından qaynaqlanır.
Belə ki, əgər, yekun sülh sazişi Moskvada imzalanarsa, Kreml də qarantor ölkə qazanarsa, bu, Rusiyanın Cənubi Qafqazda itirəcəyi geopolitik mexanizmlərin yenisi ilə əvəzlənməsi anlamı daşıyacaq. Yəni, bu halda, Kreml Rusiyanın Cənubi Qafqaz üzərində təsir mexanizmlərini hüquqi müstəviyə daşımaq və regionda möhkəmkənmək şansı qazanmış olacaq. Və bu baxımdan, Kremlin regional sülh prosesi barədə mövqeyini gündəmə gətirərkən dərhal münaqişə tərəfləri arasında Rusiyanın da iştirakı ilə imzalanan üçtərəfli anlaşmaları ön plana çıxarmağa çalışması qətiyyən təsadüfi deyil.
Ancaq Rusiya və Fransadan fərqli olaraq, ABŞ-Avropa Birliyi cütlüyünün hədəfləri bir qədər başqa geopolitik prioritetlərə yönəlib. Belə ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqaza nüfuz etmək üçün Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına ehtiyac duyur. Çünki həm Ağ Evdə, həm də Brüsseldə tam dəqiqliyi ilə anlayırlar ki, bu iki ölkə arasında hərbi münaqişə vəziyyəti mövcud olduqca, Rusiya Cənubi Qafqaza müdaxilə mexanizmlərini aktual halda saxlaya biləcək.
Ona görə də, Rusiyanın bu regiondan tamamilə sıxışdırıb çıxarmaq üçün ilk növbədə onun maraqlarına bağlı faktorları ortadan qaldırmaq lazımdır. Bunun üçün isə ilk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması əsas şərtlərdən biridir. Bu məsələ Kremlin birbaşa iştirakı olmadan reallaşarsa, Rusiyanın Cənubi Qafqazdakı geopolitik dayaqları ciddi şəkildə sarsıdılmış olacaq. Və Rusiyanın digər regional təsir mexanizmlərinin sıradan çıxarılması üçün münbit şərait yaranacaq.
Göründüyü kimi, regional sülh prosesi hazırda Cənubi Qafqazda maraqları olan dünya nəhənglərinin geopolitik savaşında əsas "düyün nöqtəsi"nə çevrilib. Bu "geopolitik düyünü" öz maraqları çərçivəsində açmağı bacaran tərəf Cənubi Qafqazda regional situasiyaya nəzarət şansı qazana bilər. Və bu səbəbdən də, hazırda regional sülh prosesi üzərindən siyasi manipulyasiyalar intensiv xarakter daşıyır.
ABŞ və Avropa Birliyinin hazırda əsas hədəfi Orta Asiyaya daha rentabelli və birbaşa çıxış marşrutu qazanmaqdan ibarətdir. Çünki Ağ Ev və Brüssel bu regionda Rusiya və Çinin hegemonluğunu zəiflətməyin vaxtının çatdığına artıq əmindirlər. Orta Asiyanın enerji resursları, uran qaynaqları, eləcə də, geostrateji önəmi ABŞ və Avropa Birliyi üçün cəlbedici hədəfdir. Və bu hədəfin reallaşdırılması üçün isə Zəngəzur dəhlizinin açılması olduqca vacib şərtdir.
Təbii ki, bütün bunlar ABŞ və Qərbi regional sülh prosesinə yeni baxış bucağından yanaşmaq məcburiyyətində buraxır. Yəni, indi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması daha böyük əhəmiyyət daşıyır. Və bu məsələdə ABŞ-Avropa Birliyi hətta Ermənistana müəyyən təzyiqlər göstərməyə də hazır görünür.
Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın geopolitik əhəmiyyətinin getdikcə artmaqda olduğunun artıq fərqindədir. Üstəlik, rəsmi Bakı ABŞ və Qərbin hədəfləri qarşısında olan geopolitik faktorların Azərbaycanın əlində cəmləşdiyini də tam dəqiqliyi ilə bilir. Yəni, rəsmi Bakı yekun sülh sazişi və Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın şərtləri mütləq diqtə imkanlarına sahib olduğunu maksimum səviyyədə ön planda tutur. Və indi Cənubi Qafqaza can atan dünya nəhəngləri istənilən halda, Azərbaycanın maraqlarına uyğun davranmalı olacaqlar.
Hələlik isə mövcud situasiyada Qafqaz sülh masasının dünya nəhəngləri arasında kəskin ziddiyyətlər yaratmağa başladığı müşahidə olunur. Hər halda, ABŞ-Avropa Birliyi cütlüyü əvvəlcə Rusiya və Fransanın əngəlləyici müqavimətini qırmaq barədə düşünməlidir. Yalnız bundan sonra Azərbaycanla anlaşaraq, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarını vahid geoiqtisadi xətt üzərində ümumi geopolitik məkana çevirmək ssenarilərini reallaşdırmaq şansı qazana bilərlər. Və bu baxımdan, Azərbaycan hazırda eyni vaxtda üç önəmli regionda geopolitik iradə mərkəzinə çevrilmək üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu