Azərbaycan turistlər üçün “artan risk” ölkələri qrupunda -Qərbin növbəti QƏRƏZİ

Deputat: “Azərbaycanın turizm baxımından riskli ölkələr sırasına daxil edilməsi birbaşa qərəzli mövqedir”



Mövcud qlobal təhdidlərin hərtərəfli icmalını təqdim etməklə tanınan veb əsaslı risk, məlumat və səyahətlərin idarə edilməsi sistemi  Azərbaycanı “artan risk” ölkələr qrupuna daxil edib.

Belə ki, "A3M" beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risk Xəritəsi” yayımlayıb. "çox yüksək risk”, “yüksək risk”, “artan risk”, “kiçik risk” və “çox aşağı riskli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risk xəritəsində Azərbaycan “artan risk” ölkələri arasında göstərilib.

Bu kateqoriyada Türkiyə də daxil olmaqla, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi bir çox ölkələr daxil edilib.

Azərbaycanın yerləşdiyi kateqoriyaya aid ölkələr üçün qeyd edilib ki, “Səyahətçilər artan risklərlə üzləşirlər, lakin ölkəyə/regiona səyahət edərkən əlavə tədbir görməyə ehtiyac yoxdur. Geniş yayılmış zorakı cinayətlər səbəbindən təhlükəsizlik vəziyyəti gərgin ola bilər və/və ya əhəmiyyətli sağlamlıq riskləri, təbii təhlükələr və ya digər xüsusi risklər ola bilər. Uzunmüddətli, şiddətli etirazlar mümkündür.
"Səyahətçilər daha çox diqqətli olmalı və təyinatla bağlı risklər və tövsiyələr haqqında öyrənmək üçün yola düşməzdən əvvəl ölkə məlumat bazasına (vəziyyət hesabatları və təlimatlar təqdim edən) müraciət etməlidirlər", deyə qeyd olunur.

Rusiya Federasiyası, Koreya Xalq Demokratik Respublikası, Əlcəzair, Pakistan, Venesuela, Kolumbiya və Misirin bəzi hissələri, Ukrayna,  İran, İraq, Suriya, İsrail, Liviya və Venesuelanın bəzi hissələri yüksək riskli ölkələr olaraq göstərilib.

Avropa ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Yaponiya, Kuba və Cənubi Koreya siyahıda təhlükəsizdir; Finlandiya, Norveç, Kanada, İslandiya və İsveçrə “çox təhlükəsiz ölkələr” kimi göstərilib.

Maraqlıdır ki, “riskli” və ya “artan risk” kimi göstərilən ölkələr ABŞ və Avropa İttifaqı ölkələrinin birbaşa və ya dolayısı ilə gərginlik yaşadığı ölkələrdir.

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı Musavat.com  danışıb. Deputat qeyd edib ki, Qərb təşkilatları zaman-zaman Azərbaycana qarşı bu cür qərəzli hesabatlar hazırlayır: “Son vaxtlar Azərbaycan barəsində bir neçə beynəlxalq təşkilatlar tərəfindən bu cür qərəzli hesabatların hazırlanması və təqdim olunması müşahidə olunur. Xüsusən də Azərbaycanın əldə etdiyi Zəfərdən sonra bəzi qurumlar ikili standartlarını daha da genişləndirərək, ölkəmiz ilə bağlı qərəzli, həqiqətə uyğun olmayan saxta hesabatlar hazırlayır, təqdim edirlər”.

Vüqar Bayramov xatırladıb ki, Azərbaycan turizm potensialı yüksək olan ölkələrdən biridir: “2023-cü ildə ölkəyə gələn turistlərin sayında 30 faizə yaxın artım qeydə alındı və hazırda artım tendensiyası davam edir. 2024-cü il üçün də turizmdən gözləntilər kifayət qədər böyükdür. Xüsusən də yeni dissinasiyalardan Azərbaycana gələn turistlərin sayı artır. Ona görə də Azərbaycanın turizm baxımından riskli ölkələr sırasına daxil edilməsi birbaşa qərəzli mövqedir. Statistika da göstərir ki, Azərbaycan məhz stabilliyin yüksək olduğu, eləcə də cinayətlərin sayının az olduğu ölkələrdəndir. Qeyd edim ki, Qarabağ da kifayət qədər turizm potensialı olan bölgələrimizdən biridir. Qarabağ hazırda bərpa olunur, yenidən qurulur. Ümumiyyətlə, belə hesabatların yayılması bir sıra hallarda heç də təəccüb doğurmur. Amma bütün hallarda gözlənilir ki, 2024-cü ildə Azərbaycan turizm imkanlarını daha da genişləndirəcək”.

Turizm eksperti Ceyhun Aşurov da qeyd edib ki, bu kimi hesabatlar əksər hallarda subyektiv xarakter daşıyır: “Əlbəttə ki, hazırda dünyada bir çox coğrafiyalarda müharibələr gedir, təhdidlər var. Bunlar açıq problemlərdir, yəni bütün dünyaya bəllidir. Amma digər ölkələri də nisbətən riskli ölkələr kimi göstərmək əslində hansısa şəxs və ya qrup şəxslərin mövqeyini ifadə edə bilər. Bununla əlaqədar dövlətlər də təhlükəsiz, risksiz ölkə olduğunu müəyyən platformalarda  təqdim etməyi bacarmalıdır. 2023-cü ilin yekunlarına görə dünyada turizm bazarının təxminən 90 faiz bərpa olunub və 2024-cü il əslində turizmin tam bərpa ili olmalıdır. Hətta gözlənilir ki, bununla bağlı göstəricilər 2019-cu ili də üstələmiş olsun. Risklər hər zaman ola bilər. Regionlarda müharibə, iqtisadi, təbii böhranlar təhlükəsi yaşansa da bu heç bir halda turizmin qarşısını ala bilməz və insanlar öz səyahətlərini ediblər. edəcəklər də. Hətta səyahətçilər gedəcəkləri yerdə risk yarandıqda marşrutlarını dəyişirlər. Beləliklə, ötən il turizm aktivliyi müşahidə olunub və bu 2024-cü ildə daha da artacağı gözlənilir”.


Xalidə GƏRAY
Musavat.com

 

 

11.01.2024 17:35
1480