Yaxın illərdə ölkəmizin hətta ixraca da başlaması mümkündür
Azərbaycandan Rusiyaya ötən ilin dekabrından başlanan süfrə yumurtası ixracı davam edir. “Rosselxoznadzor”un saytında yerləşdirilən məlumata görə, yanvarın 25-də Azərbaycandan Rusiyaya süfrə yumurtasının 612 min ədəddən ibarət daha iki partiyası ixrac olunub. İndiyədək ümumilikdə Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta çatdırılıb.
Məlumatda qeyd olunur ki, 36 ton (612 min ədəd) həcmində iki partiya yumurta Yaraq-Qazmalar sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyaya ixrac olunub. Agentliyin məlumatına görə, yanvarın 25-də Rosselxoznadzorun rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında telefon danışıqları olub. Dankvert Rusiyaya süfrə yumurtası tədarükünü artırdığına görə Qoşqar Təhməzliyə minnətdarlığını bildirib, həm Azərbaycan, həm də Rusiya istehsalçılarının ixracını artırmaq üçün stimul olduğunu qeyd edib: “Ölkələr arasında iqtisadi əlaqələr durmadan inkişaf edir. Rusiya və Azərbaycan ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin gələcək artımı üçün böyük perspektivlər görürlər”.
Məlumat üçün bildirək ki, Rusiya hökuməti ölkədə yumurtanın bahalaşmasının qarşısını almaq üçün iyun ayına qədər onun idxalını bütün rüsumlardan azad edib. Azərbaycan sahibkarları bu fürsətdən yararlanmağa çalışırlar.
Qeyd edək ki, Azərbaycandan yalnız Rusiyaya deyil, Körfəz ölkələrinə də süfrə yumurtası ixrac olunur. Bu proses artıq iki ildir başlayıb və getdikcə də ixrac həcmlərində artım qeydə alınır. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, Azərbaycanda süfrə yumurtası istehsalı ümumi tələbatın 130 faizi həcmindədir. Belə ki, Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır.
Mürvət Həsənli
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin dediyinə görə, quşçuluq təsərrüfatları son illərdə dövlətin verdiyi dəstəkdən uğurla bəhrələniblər: “Hazırda Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına çoxsaylı dəstək mexanizmləri tətbiq olunur. Quşçuluq təsərrüfatları da bu mexanizmlərdən bəhrələnirlər. Belə ki, quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalı və satışı ƏDV-dən azad olunub. Onlar həmçinin gömrük rüsumundan da azaddır. Süfrə yumurtası istehsalçılarının istifadə etdiyi avadanlıqlar dövlət subsidiyası ilə alınır. Bundan əlavə, quşçuluqda yem kimi istifadə olunan buğda, arpa, qarğıdalı əkinləri subsidiyalaşdırılır. Nəhayət, dövlətimiz Azərbaycana toyuq əti və yumurta idxalına əlavə rüsumlar tətbiq etməklə yerli istehsalçılar üçün daha əlverişli şərtlər formalaşdırıb. Bütün bunların sayəsində son illərdə süfrə yumurtası ilə özünütələbat 130 faizə yüksəlib”.
M.Həsənli onu da qeyd edir ki, Azərbaycan quşçuluq təsərrüfatları yalnlız süfrə yumurtası deyil, damazlıq yumurtasının da idxalına başlayıblar: “Bu, Azəraycan tarixində bir ilkdir. Yanvar ayından etibarən ”Giləzi Quşçuluğ"un istehsal etdiyi damazlıq yumurtanın Körfəz ölkələrinə ixracına başlanıb. Biz yaxın illərdə toyuq ətinin də ixracına nail olmaq niyyətindəyik. Hazırda toyuq əti ilə özünütəminat 90 faizə yaxındır. Biz sahibkarların istehsalı artırmaq üçün zəruri olan addımlar barədə təkliflərini hökumətə təqdim etmişik. Əgər təkliflərimiz qəbul olunarsa, yaxın bir neçə il ərzində toyuq əti ilə özünütəminat səviyyəsini 100 faizə çatdırmaq, daha sonra isə ixraca başlamaq niyyətindəyik".
Onu da bildirək ki, Rusiyaya yumurta ixracı başlanan zaman Azərbaycanda bu məhsulun bahalaşacağına dair məlumatlar yayıldı. Hətta bəzi ticarət şəbəkələrində qiymət artımına belə gedildi. Lakin Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası açıqlama ilə çıxış edərək, nəinki son günlərdə, hətta son aylarda Birliyikdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilmədiyi bildirildi: “Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur”.
M.Həsənli bildirir ki, artıq Rusiyaya ixracla bağlı yaranan yalançı ajiotaj arxada qalıb: “Biz artıq əksər ticarət şəbəkələrində yumurta qiymətlərində azalmanı belə müşahidə edə bilirik. Qarşıdan gələn həftələrdə mövsümi şərtlərlə bağlı istehsal həcmləri daha da artacaq və qiymətlərin artması gündəmdən tamamilə çıxacaq”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il ərzində Azərbaycanda 2 milyard 188,1 milyon ədəd yumurta ( bütün növ ev quşlarından alınmış yumurtalar daxil olmaqla) istehsal edilib. Yumurta istehsalı 2022-ci illə müqayisədə 8.4 faiz və ya 170 milyon ədəd artıb.
Hesabat dövründə quşçuluq müəssələrində 1 milyard 53,5 milyon ədəd toyuq yumurtası istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 19.7 faiz və ya 173.5 milyon ədəd çoxdur.
Ötən il quşçuluq müəssələrində yumurtlayan toyuqların sayı 4 milyon 422.1 min baş təşkil edib və hər yumurtlayan toyuqdan orta hesabla 244 ədəd yumurta alınıb.
Qeyd edək ki, bu dövrdə ən çox yumurta Hacıqabul (414 milyon ədəd), Xızı (407,8 milyon ədəd) və Sabirabad (215,7 milyon ədəd) rayonlarında istehsal edilib.
Yazını hazırladı: Dünya SAKİT