Azərbaycan tarixinin konseptual məsələlərinə dair gərgin müzakirələr

Beynəlxalq Qarabağ Təşkilatının (BQT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” adlı XXIII elmi-praktiki konfrans keçirilib.

Musavat.com bu barədə Beynəlxalq Qarabağ Təşkilatının mətbuat xidmətinə istinadən bildirir.

Azərbaycan Dövlət Pedoqoji Universitetin akt zalında keçirilən konfransda elm adamları, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib. Tədbirin təşkilatçıları ənənəvi konfransa təqdim olunan müxtəlif səpkili məqalə və tezisləri qeyd edib, əsas mövzu olaraq isə Azərbaycan tarixinin dövrləşdirilməsi və digər konseptual məsələləri müzakirə üçün təqdim edib.

Konfransın aparıcısı Firdovsiyyə Əhmədova, Beynəlxalq Qarabağ Təşkilatının koordinatorları Akif Nağı, Şamil Mehdi tədbirin məqsədi, müzakirə istiqamətləri, 23 il ərzində həyata keçirilən işlərlə bağlı məlumat veriblər.

Sonra tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bir il əvvəl özünün, həmçinin Akif Nağı, Rizvan Hüseynov, Ramin Əlizadə və Şamil Mehdinin təşəbbüsü ilə “Tarixi İrsi Araşdırmalar Qrupu”nun yaradıldığını, bu qrupun uzun müzakirələrdən sonra Azərbaycan tarixinin dövrləşdirilməsinə dair sənəd layihəsini hazırladığını bildirib, həmin sənəd layihəsini tədbir iştirakçılarının müzakirəsinə təqdim edib.

F.Əhmədova bildirib ki, dövrləşmə və digər konseptual məsələlər həllini tezliklə tapmalıdır: “Konsepsiyaya yeni baxış vacibdir. Bu, təftişçilik deyil, saxtakarlıqların, təhriflərin aradan qaldırılması cəhdidir. Tariximizin obyektiv yanaşma ilə yazılması günün tələbidir. “Sovet dövrü”ndə tariximiz saxtalaşdırılıb. Biz yeni yanaşmada əsas prinsip olaraq dövlətçilik prinsipini təklif edirik”.

Qrupun təqdim etdiyi sənəd layihəsində Azərbaycan tarixinin dövrləşdirilməsi təklif olunur:

Azərbaycan tarixinin dövrləşdirilməsinə dair təklif aşağıdakı kimidir:

1. Azərbaycan ərazisində dövlətə qədərki mərhələ (ilk çağdan e.ə. III minilliyədək)

2. Erkən dövlətçilik dövrü (e.ə. III minillik - e.ə. IV əsr)

3. Antik dövlətçilik dövrü (e.ə. IV əsr - y.e. VI əsrin sonunadək)

4. Erkən orta çağ dövlətçiliyi dövrü ( VII - XI əsrlər)

5. Klassik orta çağ Azərbaycan dövlətçiliyi ( XII - XV əsrlər)

6. Son orta çağ Azərbaycan dövlətçiliyi ( XVI əsr - XVIII əsrin I yarısı)

7. Yeni çağ Azərbaycan dövlətçiliyi (XVIII əsrin II yarısı – XX əsrin əvvəlləri)

8. Çağdaş Azərbaycan dövlətçiliyi (1918-ci il - hazırkı dövr)

Konfrans iştirakçıları təqdim edilən sənəd, mövzu ətrafında fikirlərini bildiriblər. Tarix üzrə fəlsəfə doktoru Akif Nağı əsas fikirlərinin sənəd layihəsində əks olunduğunu vurğulayıb və əlavə olaraq bildirib: “Azərbaycan tarixinin yeni konsepsiyası hazırlanmalı, burada işıqlı, azad, müstəqil dövlətçilik tariximiz əks olunmalı, ləngimədən ümumi mövqe formalaşdırılmalı, vahid dərslik hazırlanmalı, bütün orta, ali və digər təhsil ocaqlarında eyni konsepsiyaya uyğun dərslik tədris olunmalıdır. Bu işin mərkəzində AMEA Tarix institutu dayanmalıdır. Beş min illik dövlətçilik tarixinə malik olan millətin həqiqi tarixi bütün saxtakarlıqlardan təmizlənərək yazılmalıdır”. Yerlərdən Tarix İnstitutunun bu dərsliyi yazmaq üçün potensialının olmadığına dair replikalara cavab olaraq, A.Nağı cavab verib: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq vaxtilə müharibə yolunu təklif edəndə bir çoxları sual edirdi ki, ordumuz buna hazırdımı? Biz cavab verirdik ki, ordumuz hazır olmalıdır, hazır deyilsə… İndi həmin cavaba uyğun olaraq deyirik ki, Tarix İnstitutu bu dərsliyi yazmaq imkanında olmalıdır, deyilsə, özlərini buraxıb getsinlər”.

Tarix üzrə fəlsəfə doktoru Rizvan Hüseynov müzakirələrə qoşularaq bildirib: “Konsepsiya ilə bağlı vahid mövqe olmalıdır, dövlət də həmin mövqeni rəsmi qaydada qəbul etməlidir. Ən vacib məsələ elmi, metodoloji yanaşmadı. Tarix ideoloji alətdi, düsturdu. Milli ideya mərkəzdə dayanmalıdır. Rus-sovet konsepsiyasından xilas olmalıyıq. Köçəri və oturaq xalq anlayışlarını yaxşı mənada uyğunlaşdırmalı, köçərilik mədəniyyəti, sivilizasiyanın həqiqi mahiyyətini ortaya qoymalı, konsepsiyamızı buna söykəməliyik. Konsepsiyanın mərkəzində arxeoloji materiallar dayanmalıdır. Dövlətçilik prinsipi əsas götürülməlidir. Çoxlarından fərqli olaraq bizim tarixin mərkəzində dövlət dayanıb, bu nöqtədən çıxış etməliyik. Ən qədimdən dövlətimiz olub”.

F.Əhmədova əlavə olaraq qeyd edib ki, işğaldan azad olunan ərazilərdə bərpa işləri ilə parallel olaraq arxeoloji qazıntılar aparılmalı, artefaktların məhv edilməsinə imkan verilməməlidir.

Fəlsəfə elmləri doktoru Əli Abasov daha çox metodoloji aspektləri diqqətə çatdırıb: “Bütün tədqiqatlarda metodologiya əsas götürülməlidir. Konsepsiya hazırlanarkən bir sıra müasir məsələlər, məsələn, qloballaşma və sair nəzərə alınmalıdır.Tarixin əsasında insan və zaman kateqoriyaları dayanır. Təəssüf ki, hər ikisi bu gün arxa plana keçib. Genetik tədqiqatlara ciddi yanaşılmalıdır. Bu sahədə çoxlarından, həmçinin qonşularımızdan geri qalırıq. Bu tədqiqatlarla qədim dövrdən ərazilərimizdə yaşayanların etnik mənusbiyyəti müəyyənləşdirilməli, tarix bunların əsasında yazılmalıdır”.

Tarix elmləri doktoru Fərda Əsgərov çıxışına sualla başlayıb: “Tarixi şüurla gələcəyi necə əlaqələndirməli? Tarixi olduğu kimi təsvir etməliyik. Tarixi evolyusiyaya süni şəkildə müdaxilə, bu günün tələbləri baxımından müdaxilə edib, yazmaq olmaz. Biz Qaraqoyunlu, Ağqoyunlu və ya Səfəvi imperiyalarını bu günümüzə daşımalıyıqmı? Gələcək qloballaşan dünyadı, bunu nəzərə almalıyıq. Tarixin dövrləşdirilməsində təsərrüfat üsullarının bir-birini əvəz etməsi əsas götürülməlidir. Köçəri və oturaq həyat tərzlərinin əlaqələri aydınlaşdırılmalıdır. Azərbaycanda bu iki həyat formasının sintezi olub. Köçərilik özünəməxsus sivilizasiya forması olub. Bunu gerilik yox, bəşəriyyətin əsas inkişaf göstəricisi kimi götürməliyik. Azərbaycan dövlətçiliyin, köçəri və oturaq sivilizasiyaların qovşaq nöqtəsi olub. Burda deyilən genetik araşdırma məsələsinə bir qədər ehtiyatla yanaşmalıyıq. Bu yanaşma ilə obyektiv tarix yaza bilmərik, bəlkə də irqçilik və sair neqativ nöqsanlara yol verərik. Genetik araşdırma insanı bioloji varlıq kimi ortaya gətirir, lakin insan bioloji varlıqdan daha çox ictimai varlıqdır. Bu məsələ diqqətə alınmalıdır. Təqdim olunan sənədlə bağlı deyə bilərəm ki, kifayət qədər məntiqli dövrləşdirmədir. Amma sivilizasiyalar prinsipi nəzərə alınmayıb”.

F.Əhmədova müdaxilə edərək bildirib ki, işçi qrup dövlətçilik və sivilizasiya prinsiplərini uzlaşdırmaq üçün çox çalışdı, amma bunu etmək mümkün olmadı. F.Əsgərov deyilən fikirlə razılaşıb.

Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı çıxışını təqdim olunan sənədə münasibətlə başlayıb: “Burada dövrləşdirmə əsasən dünya tarixinin konsepsiyasına uyğundur, yenilik yoxdur. Dövrləşdirilmə ilə bağlı antik dövrün VI əsrə qədər gətirib çıxarılması məntiqli deyil. Bu dövr III əsrlə bitirilməlidir. Orta əsr və yeni dövrlə bağlı yanaşmanı da qəbul etmək olmaz. Bizim mövqeyimiz belədir ki, orta əsrlər 1501-ci ildə bitir, yeni tarix dövrü başlayır. Yeni tarix dövrünün təqdim olunan sənəddə Xanlıqlar dövrü ilə başlanması məntiqli deyil. Biz xanlıqlara separatçılıq təzahürü kimi baxırıq”.

F.Əhmədova yeni tarix dövrünün 1501-ci ildə başlanmasına dair təklifin əsasının olmadığını qeyd edib: “Həmin vaxt hakimiyyət dəyişikliyindən başqa hər hansı keyfiyyət hadisəsi baş verməyib. Ona görə də məsələnin qoyuluşu başa düşülən deyil”. A.Nağı yeni tarixin xanlıqlarla başlanmasına dair təklifin tarixçi Ramin Əlizadə tərəfindən irəli sürüldüyünü bildirib və bunları əlavə edib: “Avropada yeni tarix yeni dövlətçilik ideyaları, onlara uyğun inqilablarla başladı. Bizdə də Hürufilik təlimindən başlayaraq yeni dövlət quruluşu, idarəetmə qaydaları təbliğ olunurdu. Xanlıqlar yeni idarəetmə, ənənəvi şahlıq üsullarından imtina tələbləri ilə meydana gəlmişdi. Ona görə də yeni tarix həmin vaxtdan başlayır və AXC-nin yaranması ilə başa çatır”.

Genetik araşdırmalar üzrə mütəxəssis Afiq Axundzadə genetik tədqiqatlarla bağlı fərqli fikirlərə münasibət bildirərək, bu araşdırmaların nəticələrinin müəyyən çərçivələr daxilində istifadə olunmasının vacibliyini qeyd edib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə arxeoloji işlərin aparılmasına dair öz müşahidələrini bölüşüb. Tarix elmləri doktoru Nigar Gözəlova sənəddə dövlətçilik prinsipinin əsas götürülməsini məqbul hesab etdi: “Bununla yanaşı tarixi ərazi, ərazi-coğrafi prinsip də nəzərə alınmalıdır. Azərbaycanın cənub, şimal və digər ərazilərinə bir tam kimi yanaşılmalıdır”.

Gərgin və konstruktiv formada keçən müzakirələrin sonunda qərara alınıb ki, digər mütəxəssislərin də dəvət olunması ilə davamlı seminarlar keçirilsin, AMEA-nın Tarix İnstitutu ilə əlaqəli şəkildə optimal konsepsiya hazırlansın və dövlət rəhbərliyinə, həmçinin ictimaiyyətə təqdim edilsin.

Musavat.com

22.05.2024 17:48
1111