Azərbaycan tarixində ilk: qaz neft ixracını üstələdi

Ekspert: “Bu, real vəziyyətdən deyil, gömrüyün uçot qaydasından qaynaqlanır”

Azərbaycanın qazdan əldə etdiyi gəlirlər sürətlə artır. Artıq bu gəlirlər ənənəvi neft gəlirlərini üstələməyə başlayıb. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 16 milyard 194 milyon 606 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac olunub.

Altı ayda 7 milyard 803 milyon 144 min dollarlıq xam neft, 8 milyard 29  milyon 188 min dollarlıq təbii qaz ixrac edilib. Bu ilin ilk yarısında ümumi ixracın 43,4 faizi xam neftin, 44,7 faizi isə qazın payına düşüb.

Neft gəlirlərinin azalmasında əsas rolu hasilatın və ixrac həcmlərinin azalması oynayır. Son 10 ildə ölkədə neft hasilatı 25 faiz azalıb. Xam neftin ixracdakı payı 84,4 faizdən 51,1 faizə düşüb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 17 milyard 21 milyon 596 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 9 milyard 361 milyon 250 min dollarlıq xam neft, 7 milyard 440 milyon 434 min dollarlıq təbii qaz ixrac edilmişdi. Bu isə o deməkdir ki, neft gəlirləri ötən illə müqayisədə 1 milyard 558,106 milyon dollar azalıb, qaz gəlirləri isə 588,754 milyon dollar artıb.

Bu azalma Azərbaycanın əsas neft yatağı olan “Azəri-Çıraq-Günəşli”də baş verir. Belə ki, rəsmi statistikaya əsasən, 2023-cü ilin birinci yarısında Azərbaycanda 15, 2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir. Yəni altı aydakı.

Xatırladaq ki, 2022-ci ildə SOCAR müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft hasil edib. Bu, 2021-ci illə müqayisədə 100 min ton azalma deməkdir.

Neft gəlirlərinin azalmasına gətirən daha bir amil dünya bazarındakı qiymət konyukturunun dəyişməsidir. Belə ki, ötən il Azərbaycan neftinin orta qiyməti 104 dollar təşkil edib. SOCAR-dan verilən məlumata görə, bu ilin birinci yarısında isə bu göstərici 24,75 faiz aşağı düşərək 82.84 dollara bərabər olub.

Ötən ilin iyulunda Avropa Komissiyası ilə enerji sahəsində əməkdaşlığa dair saziş imzalayan Azərbaycan həmin sazişə uyğun olaraq Avropaya qaz ixracını artırır. Rəsmi statistikaya əsasən, bu ilin altı ayında ölkədə 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründəkindən 3,2 faiz çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ölkə qaz ixracını 7,5 faiz artıraraq 12 milyard kubmetrə çatdırıb. Bu dövrdə Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. Bu isə 39 faiz artım deməkdir.

2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Lakin Avropada yaradılmağa başlanan interkonnektor şəbəkəsi sayəsində yaxın illərdə Azərbaycan qazının avropalı mustərilərinin sayı daha da artacaq.

Ölkə Avropanın artan qaz tələbatını nəzərə alaraq hasilatı artırır. İyul ayında qaz ehtiyatlarının həcminə görə ikinci olan “Abşeron” yatağından hasilat başlanıb. Yataqdan ilkin mərhələdə ildə1,5 milyard kubmetr, ikinci mərhələdə isə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Hazırda yataqdan gündə 12 min barel kondensat da hasil olunur. Dünya qaz bazarındakı qiymət konyukturu yatağın işlənməsinin ikinci mərhələsinə mümkün qədər tez başlanması üçün əlverişli şərtlər formalaşdırır.

Artıq bu il üçün Azərbaycan Avropaya ixracı 12 milyard kubmetrə çatdırmağa nail olacaq. Gələn il üçün “Abşeron” yatağından hasil edilən qazı daxili istehlaka yönəltməklə bu həcmin ən azı 1 milyard kubmetr artırılması tam realdır.

Qaz ixracı və ondan daxil olan gəlirlər dövlət büdcəsində də neft gəlirlərindən çox olub. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 milyard 648,7 milyon manat təşkil edib. Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulandan 2 milyard 979,0 milyon manat az vəsait transfert olunub. Nəticədə, büdcənin neft-qaz gəlirləri proqnozla müqayisədə 1 milyard 629,2 milyon manat və ya 19,7 faiz az, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 100,1 milyon manat və ya 1,5 faiz az olub.

2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,0 faizini və ya 3 milyard 987,7 milyon manatını vergi daxilolmaları, 40,0 faizini və ya 2 milyard 661,0 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib. Neft-qaz sektorundan vergi daxilolmalarının 66,0 faizi  və 2 milyard 630,4 milyon manatını “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatını “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə mənfəət vergisi təşkil edib. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmaları qaz daxilolmalarından 7 dəfədən də az olub.

Maraqlıdır ki, qaz ixracından gəlirlərin neft gəlirlərini üstələməsi büdcə daxilolmalarında hiss olunsa da, Neft Fondunun gəlirlərində tam fərqli mənzərədir. Fonddan verilən açıqlamaya əsasən, AÇG yatağından altı ayda quruma 3 milyard 348 milyon ABŞ dolları, “Şahdəniz” yatağından 1 milyard 2 milyon ABŞ dolları daxil olub. “Şahdəniz” yatağından daxilolmanın 210,851 milyon ABŞ dolları kondensat satışından əldə edilib.

İlham Şaban: "Azərbaycan üzərindən neft daşınması artır" » Reyting.az

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, altı aylıq ixracdakı hal tarixi hadisə hesab oluna bilər: “Əgər gömrük statistikası belə rəqəmlər ortaya qoyubsa, bu hadisəni xüsusi qeyd etmək olardı... Reallıqda isə tamam fərqli vəziyyətdir. Çünki qaz gəlirləri neft gəlirlərini üstələməyib. Mən ötən ildən gömrük statistikasında real ixrac həcmlərinin əksini tapmaması məsələsinə diqqət yetirmişdim. Ötən ilin noyabr-dekabr aylarında ay ərzində gömrük statistikası 2 milyard kubmetr qazı bəyan etməmişdi. Ümumilikdə isə 2022-ci ildə 3 milyard kubmetr qaz bəyan olunmamışdı. İndi həmin həcmlər gəlir builki ixracın üzərinə. Ona görə də belə mənzərə yaranır.

Ötən il qazın min kubmetri 1400 dollar idi, indi 350 dollara düşüb. Necə olar bilər ki, qaz ixracından gəlirləri neft gəlirlərini bu qədər üstələsin? Düşünürəm ki, mühasibat uçotundakı fərqlər üzündən qaz gəlirləri neft gəlirlərindən bu qədər çox görünür".

Ekspert qeyd edir ki, əvvəl gömrük statistikası daha detallı idi: “Əvvəllər gömrük statistikasında faktiki və bəyan edilmiş dəyər ayrılıqda, hətta neftin nə qədərinin dəmir yolu ilə, nə qədərinin boru xətti ilə ixrac edildiyi də açıqlanırdı. Üstəlik, real ixracla bəyan edilən arasında 10 faizdən yuxarı fərq olmurdu. İndi məlumatlar daha məhduddur”.

İ.Şabanın sözlərinə görə, hazırda elektrik enerjisi ixracı ilə bağlı da eyni vəziyyət yaranıb: “Guya altı ayda 300 milyon dollarlıq elektrik enerjisi ixrac olunub. Bu, reallıqdan uzaq bir şeydir. İxrac həcminə böldükdə, Avropadakı qiymətdən də yüksək qiymət alınır. Halbuki heç yerdə belə qiymət yoxdur. Gömrük statistikasında niyə belə yüksək qiymət alınır, açıqlayan da yoxdur. Ötən il 3 milyard 8 milyon kVt/saat ixracın 1,7 milyardı bəyan olunmuşdu”.

Büdcədə qaz gəlirlərinin yüksək, Neft Fondunda isə əksinə, az olmasının səbəbini isə ekspert belə izah edir: "AÇG-də mənfəətin 75 faizi dövlətin, 25 faizi isə şirkətlərin payıdır. Buna görə də büdcəyə ödəmələrdə bu yataqdan vergi azdır. “Şahdəniz”də isə mənfəətin 60 faizi şirkətlərin, 40 faizi isə dövlətindir. Buna görə də “Şahdəniz”dən vergi ödəmələri belə çoxdur. Elə bu fərqə görə də Neft Fondunun AÇG-dən gəliri çox, “Şahdəniz”dən isə azdır. Bir neçə ilə “Şahdəniz”də pay nisbəti dəyişəcək və gəlirlər də artacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

21.07.2023 10:04
2042