Azərbaycan “sükut”da - tanınmışlar öz dairələrinin namizədini tanıyırmı...

Novella Cəfəroğlu: “Əksəriyyəti bilir ki, seçilməyəcək, lakin buna baxmayaraq, mübarizəni sona qədər aparırlar, bu yaxşı haldır”

Avqustun 30-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin 3 həftəlik təbliğat-təşviqat kampaniyası mərhələsi başa çatdı. Bu gün artıq “sükut günü”dür. Seçki Məcəlləsinə və Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatına əsasən seçkidən bir gün əvvəl heç bir təbliğat-təşviqat aparıla bilməz. Əgər belə hal müşahidə olunursa, qanunsuzluq kimi qeydə alınacaq.

Sabah sentyabrın 1-i artıq səsvermə günüdür. Səsvermə saat 08:00-da bütün respublika ərazisində başlayacaq,  axşam saat 19:00-da isə məntəqə seçki dairələrində səsvermə dayandırılacaq. Bundan sonra səslərin sayılması prosesi başlayacaq.

MSK sədri Məzahir Pənahov açıqlama verib ki, ilkin nəticələri mümkün qədər tez elan etməyə çalışacaqlar. Sentyabrın 1-i gecəsi, yəni seçkilərdən bir neçə saat sonra nəticələr elan olunacaq.

“Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu, ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”, - deyə MSK sədri qeyd edib.

Xatırladaq ki, ölkədə 125 dairə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsi var. İşğaldan azad edilən ərazilərdə isə 55 məntəqədə seçki olacaq.

Onu da qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, parlament seçkiləri respublikanın bütün ərazilərində keçirilir.

Ölkənin siyasi partiyaları da demək olar ki, seçkidə aktiv iştirak edirlər. Belə ki, ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 23-ü namizədləri ilə seçkidə iştirak edir.

Əgər bundan əvvəl 1052 nəfərin namizədliyinin qeydə alınması bildirilirdisə, son məlumata görə, seçkidə mübarizə aparan namizədlərin sayı 990 nəfərdir.

MSK sədrinin sözlərinə görə, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Bəs tanınmış simalardan kimlər səsverməyə gedəcək? Onlar özyaşadığı yerlərdəki namizədlərini tanıyırlarmı?

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi, “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bəli, yaşadığım ərazidəki namizədləri tanıyıram. Hətta seçicilərlə söhbətləşəndə böyük əksəriyyəti bir adamın adını çəkir, ona səs verəcəklərini deyirlər. Təbii ki, qaydalara əsasən həmin namizədin adını deyə bilmərəm. Lakin onu da qeyd edim ki, ölkədə  vətəndaşlarımızın əksəriyyəti öz namizədlərini heç tanımır. Bununla belə, bu il seçki məntəqələrində çox yaxşı mübarizə getdi. Apardığımız monitorinqlərə əsasən deyə bilərəm ki, namizədlərin əksəriyyəti seçicilərlə görüşməyə çalışdı. Bəziləri qapı-qapı gəzdilər ki, bu da böyük əlamətdir. Həmçinin  ölkədə olan siyasi partiyalar bu seçkidə iştirak edir, aktivdirlər. Bəli, əksəriyyəti bilir ki, seçilməyəcək, lakin buna baxmayaraq, mübarizəni sona qədər aparırlar. Bu da çox sevindirici haldır. Budəfəki seçkidə namizədlər həm də sosial şəbəkələrdə xeyli aktiv oldular. Yəni sosial şəbəkələrin imkanlarından istifadə edərək, özlərini tanıtdırmağa, təbliğat və təşviqatlarını aparmağa çalışdılar. Hesab edirəm ki, bu amil gələcək seçkilərə də öz müsbət təsirini göstərəcək. MSK-nın da işini müsbət dəyərləndirirəm. Sənədləri qaydasında olan bütün şəxslər qeydiyyatdan keçib, namizəd oldular. Bir sözlə, deyə bilərəm ki, getdikcə hər şey düzəlir".

Sərdar Cəlaloğlu: “Əsli erməni qızıdır” Pravda.az

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, yaşadığı ərazidən olan namizədləri tanımır: “Müşahidələrimdən onu qeyd edə bilərəm ki, namizədlər yalnız internet televiziyalarında çıxış etdilər, müəyyən kiçik tədbirlər keçirdilər. Yəni klassik mənada seçki rəqabəti deyilən bir şey yoxdur. Ümumiyyətlə, namizədlərin əksəriyyəti formal olaraq namizəddir. Onların bir çoxu hətta hansı səbəbdən bu prosesə getdiklərini dərk edə bilmir. Beləliklə, formal olduğuna görə də bizim bildiyimiz klassik seçki rəqabəti getmir. Bütün dünyada seçki siyasi qüvvələr arasında gedir. Amma bizim ölkədə seçki hakim partiya ilə sadə vətəndaşlar  arasında gedir. Yəni siyasi müxalifət demək olar ki, seçkidə iştirak etmir. O ki qaldı səsvermədə iştirak edib-etməyəcəyimə, bu haqda danışmaq istəmirəm".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə sorğumuza bu cür cavab verdi: “Yay ayları başlayandan bağa köçmüşəm. Bu baxımdan şəhərdə təbliğat-təşviqatın necə aparılmasından məlumatsızam. Həmçinin namizədlər haqqında da kifayət qədər məlumatım yoxdur. İnternetdəki məlumatlar əsasında apardığım müşahidələrə görə deyə bilərəm ki, namizədlər daha çox sosial şəbəkələrdə aktiv oldular. Bölgələrə gəldikdə, orada yaşayan dost-tanışla əlaqə saxlayanda təbliğat-təşviqatın aktiv aparıldığı barədə fikir bildirməyiblər. Məsələn, böyük görüşlər çox nadir hallarda keçirilib. Doğrudur, bəzi namizədlər ev-ev gəzməyə üstünlük veriblər və deyim ki, bu cür fəaliyyəti aparmaq olduqca çətindir. Yəni 30-40 min seçici varsa, fiziki baxımdan onların hamısının evinə gedib görüş keçirmək mümkün deyil. Düşünürdüm ki, MSK namizədlər üçün böyük zallar ayıracaq və o zallarda möhtəşəm görüşlər keçiriləcək. Lakin bir-iki istisna ilə biz bunu görmədik. Namizədlərimi tanımadığıma görə səsvermədə iştirak etməyəcəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

31.08.2024 10:41
487