Azərbaycan qazının satış qiyməti neçə olacaq?

2025-ci ilin dövlət büdcəsində təbii qazın min kubmetrinin ixrac qiyməti 242 ABŞ dolları göstərilir, Milli Bank hökumətdən daha nikbindir: 290 dollar...

Azərbaycanın 2025-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam edir. Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, hökumət 2025-ci ilin dövlət büdcəsində təbii qazın 1 min kubmetrinin ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.

O bildirib ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb.

Azərbaycan Mərkəzi Bankı isə neftin orta qiymətini 2024-cü il üzrə 81,4 dollar (may proqnozunda 85,7 dollar), 2025-ci il üzrə 79,2 dollar (83,5 dollar), təbii qazın orta qiymətini bu il üzrə 290 dollar (281 dollar), 2025-ci il üzrə 340 dollar (299) proqnozlaşdırıb. Mərkəzi Bank bu ilin sonuna iqtisadi artım proqnozunu 3,9 faiz, 2025-ci il üzrə 3,3 faiz müəyyən edib. Tənzimləyici həmçinin bu ilin yekununda qeyri-neft sektorunda 6,5 faiz, 2025-ci ildə isə 5,1 faiz iqtisadi artım gözləyir.

Göründüyü kimi, iqtisadi artım, neft və qaz qiymətləri üzrə AMB hökumətdən daha nikbin proqnozlara malikdir.

Dövlət büdcəsi layihəsindən aydın olur ki, 2025-ci il üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39,8 milyard dollar proqnozlaşdırılıb. Bunun 22,47 milyard dolları ixracın, 17,4 milyard dolları isə idxalın payına düşəcək. Başqa sözlə, xarici ticarət dövriyyəsinin müsbət saldosu üzrə proqznoz 5,11 milyard dollar təşkil edəcək.

Layihədə 2026-2028-ci illərdə ixracın həcmi 20-22 milyard dollar, idxalın həcmi isə 18-20 milyard dollar civarında proqnozlaşdırılıb.

Proqnoza əsasən, xarici ticarət dövriyyəsinin müsbət saldosu 2026-cı ildə 2,9 milyard dollar, 2027-ci ildə 2,9 milyard dollar, 2028-ci ildə isə 1,89 milyard dollar olacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabrında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39 milyard 378 milyon 678.59 min dollar təşkil edib. Bunun 22 milyard 742 milyon 283.66 min dolları ixracın, 16 milyard 636 milyon 394.94 min dolları idxalın payına düşür. On ayda xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 milyard 105 milyon 888.72 min dollar təşkil edib. Bu, 2023-cü ilin eyni dövründəki göstəricidən 2 dəfəyə yaxın azdır. 

Azərbaycan hökumətinin xarici ticarət həcminə dair proqnozu əsas ixrac məhsulumuz olan neftin 70 dollarlıq dünya bazar qiyməti ilə hesablanıb. Halbuki əksər beynəlxalq analitik mərkəzlər 2025-ci ildə neftin  orta bazar qiymətini 80 dollar civarında proqnozlaşdırır ki, bu da Azərbaycan büdcəsində götürülən qiymətdən 10 dollar yuxarıdır. 

Bu baxımdan, 2025-ci ildə Azərbaycanın ixracının azalması daha çox ixrac olunan neftin həcminin azalmasından qaynaqlanacaq. Gömrük statistikasına əsasən, bu ilin on ayında ixrac həcmində illik ifadədə 1 milyon 696 min 827,59 ton azalma qeydə alınıb: 22 268 796.30 tondan 20 571 968.71 tona qədər.

Maliyyə nazirinin dediyinə görə, ixrac həcminin azalması şəraitində 70 dollarlıq qiymət nəzərə alınmaqla, 2025-ci ildə büdcənin neft-qaz gəlirlərində 750 milyon manat azalma olacaq: “Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə də Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb. Bildiyimiz kimi, neft qiymətlərinin proqnozunda üç ssenari var: optimist, baza və pessimist. Bizim büdcə proqnozları baza ssenarisi üzərində qurulub. Və baza ssenaridə neftin qiyməti 70 dollar götürülüb. Pessimistdə isə bu qiymət 60 dollar səviyyəsində götürülür.

Neftin qiyməti enərsə, büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır. Bu bizi o qədər də sarsıdan fakt ola bilməz. Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir. Cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik. Növbəti il bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, bu mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var. 2025-ci ildə nəzərdə tutulan qiymət proqnozları əsasında büdcə gəlirlərimiz neft-qaz sektorunda 750 milyon manat məbləğində azalacaq. Bu, 2023-cü illə müqayisədə daha təsirli rəqəmdir. Gəlirlərin azalması neft yataqlarının tükənməsi ilə əlaqədardır. Çünki illərlə onlar istismar olunmaqdadır".

Nazir deyib ki, bununla əlaqədar hökumət digər addımlar atmaqdadır: “Qeyri-neft sektorunda müsbət dəyişikliklər baş verməkdədir. Biz istədiyimiz həcmə nail olmamışıq. Qeyri-neft sektorundan proqnozlardan 960 milyon manat daxilolamalarımız var. Neft Fondunun transfertini bütün bu gəlirlərdən çıxdığımız təqdirdə gəlirlərimiz ötən illə müqayisədə 200 milyondan çox artıb”.

Azərbaycan Hesablama Palatasının 2025-ci ildə dövlət büdcəsi layihəsinə hazırladığı rəydən aydın olur ki, gələn ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur. Onu da qeyd edək ki, Hesablama Palatası hökumətin daxili borclanmanı artırmasını dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratması baxımından doğru addım hesab etmir. 

Maliyyə naziri bu borclanmanın xarici borcun azaldılması, ölkənin qiymətli kağızlar bazarının inkişafı baxımından müsbət addım olduğunu bildirir: “Xarici borclanmanı azaltmaqla, biz daxili maliyyə bazarlarımızı inkişaf etdiririk. Daxili dövlət borcunun artımını Maliyyə Nazirliyi təmin edib. Bizim xarici dövlət borcumuz mütənasib şəkildə azalıb. Bununla da Prezident tərəfindən təsdiq edilmiş strategiyanın tələblərini yerinə yetiririk. Xarici dövlət borcuna xidmət xərcləri növbəti ildə 1 milyard 442 milyon manat təşkil edəcək”.

Hesablama Palatası isə 2025-ci il dövlət büdcəsi layihəsinə rəyində qeyd edir ki,  daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 2025-ci il üçün 958 milyon manat (136,8 milyon manat əsas borc və 821,2 milyon manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9 faizinə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5 faizinə, dövlət büdcəsi xərclərinin isə 2,3 faizinə bərabərdir. Bu məbləğ 2024-cü ilin ilkin proqnozundan 458 milyon manat, yenidən baxılmış məbləğdən isə 787,7 milyon manat çoxdur.Cari ilin ilkin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üzrə xarici dövlət borcunun faiz xərcləri 22,9 faiz azalsa da, daxili dövlət borcunun faiz xərcləri 64,2 faiz artmışdır (yenidən baxılmış göstərici ilə müqayisədə 4,8 dəfə) ki, bu da Hesablama Palatasının daxili dövlət borcunun faiz yükünün artımı ilə bağlı etdiyi çağırışların reallaşdığını deməyə əsas verir.

Dünya SAKİT,
“Yeni Müsavat”

22.11.2024 11:06
614