Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropaya nəqli

Ekspertin fikrincə, bu məsələ yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm qərarların qəbulunu ehtiva edir...

Avropa İttifaqı rəsmiləri Ukrayna ərazisindən keçən boru kəməri ilə qaz nəqlini davam etdirmək üçün danışıqlar aparır. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa hökumətləri və şirkətlərinin nümayəndələri ukraynalı həmkarları ilə 2025-ci ildə Ukraynanın qaz tranziti infrastrukturu ilə qaz axınının saxlanılması yollarını müzakirə edirlər. Müzakirə olunan variantlardan biri Avropa şirkətlərinin Azərbaycandan qaz alıb Avropaya gedən Rusiya boru kəmərlərinə vurmasıdır. Qeyd olunur ki, belə bir razılaşma Avropaya “Moskvanın gəlirlərini azaltmağa çalışdığı” bir vaxtda Rusiya qazını almadan keçinməyə imkan verəcək.

Ukraynanın “Naftoqaz” dövlət şirkətinin baş icraçı direktoru Aleksey Çernışov Rusiyaya məxsus qaz həcmlərinin ölkə üzərindən nəqlinin davam etdirilməsini qeyri-mümkün hesab etdiyini deyib. Eyni zamanda Ukraynanın qaz nəqli sisteminin boş qalmaması üçün əlindən gələni etdiyini bildirib: “Hər zaman yadda saxlamalı olduğumuz iki amil var. Bunlardan biri odur ki, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var və Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki bu, çoxlu üstünlüklər verir.

“Naftoqaz” rəhbəri hesab edir ki, Azərbaycandan qaz tədarükü variantının “müəyyən gələcəyi ola bilər”.

“Bloomberg” qeyd edir ki, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropaya nəqli məsələsi üzrə danışıqlar ilkin mərhələdədir və ilin sonuna, “Qazprom” ilə tranzit müqaviləsinin müddəti başa çatana və Avropa qışı başlayana qədər qərarlar qəbul olunmaya bilər. Danışıqlara döyüş meydanındakı hadisələr də təsir edə bilər. Bir çox detallar hələ razılaşdırılmayıb və müqavilənin bağlanacağına əminlik yoxdur.
Xatırladaq ki, Ukraynanın “Naftoqaz” şirkəti ilə “Qazprom” arasında müqavilə 2019-cu il dekabrın 30-da imzalanıb. Müqavilə 2024-cü il dekabrın 31-də başa çatır. Müqavilə 225 milyard kubmetr qazın nəqlini nəzərdə tuturdu: 2020-ci ildə 65 milyard kubmetr və növbəti dörd il ərzində hər il 40 milyard kubmetr. Müqavilənin şərtlərinə görə, Qazprom tranzit üçün ildə təxminən 1,25 milyard dollar ödəməlidir. “Naftoqaz”ın İdarə Heyətinin sədri Aleksey Çernışov 2023-cü ilin oktyabr ayının sonunda müqaviləni yeniləmək planının olmadığını bildirib. Eyni zamanda Avropa İttifaqı da bu məsələdə Ukraynaya hər hansı təsirin olmayacağını, artıq Rusiya qazının nəqlinin tam dayanmasına hazır olduqlarını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropa nəqli məsələsinin müzakirə olunduğunu mayın 7-də Azərbaycanda olarkən Slovakiyanın baş naziri Roberto Fitso açıqlayıb. O, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya, oradan isə digər Avropa ölkələrinə nəqlini təklif edib: “Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq. 

Ukrayna-Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna-Azərbaycan-Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir”.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, may ayında Slovakiyanın baş nazirinin açıqlamaları göstərirdi ki, məsələ rəsmi Brüsselin gündəmindədir: “Bir aydan sonra Bloomberg daha detallı məlumat açıqlayıb. Aydın olur ki, Avropa İttifaqı özünün enerji təhlükəsizliyi təmin etmək üçün belə bir variantı müzakirə edir. “Bloomberg” bir sıra şirkətlərin də adlarını çəkir, o cümlədən Almaniyanın Uniper şirkətinin. Diqqətəlayiq haldır ki, Uniper Bakı Enerji Həftəsində vitse-prezident səviyyəsində təmsil olunmuşdu, həmçinin tədbirin gümüş sponsoru idi. Texniki baxımdan tələb olunan həcmləri vermək mümkündür. Doğrudur, bu həcmlər Rusiyanın hazırda Ukrayna üzərindən nəql etdiyi qədər olmayacaq, çünki bu, ildə 15 milyard kubmetr deməkdir. Azərbaycandan Rusiyaya qaz nəqli infrastrukturu isə ildə maksimum 5 milyard kubmetr ötürücülük gücündədir. Hazırda o infrastruktur işlək vəziyyətdədir, ara-sıra ondan istifadə edirik: gah biz Rusiyadan alırıq, gah onlar bizdən. Ötən il onunla Dağıstana 356 milyon kubmetr qaz çatdırmışıq”.
Avropada qeyd olunan marşrutla Azərbaycan qazını ala biləcək ölkələr Avstriya, Slovakiya və Macarıstandır: “Ukrayna üzərindən Rusiyadan qaz alan bu ölkələrdir. Bizim qazımız artıq Macarıstana Bolqarıstan və Rumıniya üzərindən çatdırılmağa başlanıb. Bunu Macarıstanın xarici işlər naziri Petro Siyarto da bəyan edib. Bir sözlə, Azərbaycan qazını Rusiya və Ukrayna üzərindən Avropaya çatdırmaq texniki baxımdan mümkündür. Qalır iqtisadi baxımdan dəyərləndirilməsi. Çünki bizim artıq Cənub Qaz Dəhlizimiz var, oradan Şərqi Avropaya qaz nəqli üçün infrastrukturun yaradılmasına da başlanıb.

Düşünürəm ki, burada ən əsas məsələ Avropanın Azərbaycana nə qədər böyük önəm verməsidir. Avropa İttifaqı rəsmiləri bir neçə dəfə vurğulayıblar ki, Azərbaycan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. İstər neft, istər qaz sahəsində olsun, Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır”.

İ.Şabanın fikrincə, qaldırılan məsələ yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm qərarların qəbulunu ehtiva edir: “Ukraynanın çox böyük, dünyada tayı-bərabəri olmayan qaz tranziti infrastrukturu var. Buna görə də həm Avropa, həm də Ukrayna onun işlək vəziyyətdə qalmasına çalışır. Əgər ilin sonunadək bir yolu tapılmasa, Rusiya qazının nəqli tamamilə dayandırılsa, Rusiya qazına qarşı gözlənilən sanksiya qəbul edilsə, onda Moskva Ukraynanın qaz nəqli və tranziti infrastrukturunu – boruları, nasos stansiyalarını - bombalaya bilər. Bu infrastrukturun dəyəri on milyardlarla dollardır. Onun məhvi Ukrayna üçün böyük zərbə ola bilər. Əgər Rusiya ilə Azərbaycan qazının nəqlinə dair razılaşma olarsa, onda bombalanma olmayacaq. Bu baxımdan, Azərbaycan hazırda Avropa İttifaqı üçün həlledici ölkələrdən birinə çevrilib. Düşünürəm ki, ölkəmiz bu reallıqdan kifayət qədər böyük fayda götürə bilər”.

Məlumdur ki, Türkmənistandan da Rusiya və Ukrayna üzərindən Avropaya qaz nəqlinin təmin olunması mümkündür, hazır infrastruktur da var. Bu halda, Avropa niyə yalnız Azərbaycana üstünlük verir? İ.Şabanın fikrincə, bu, Aşqabadın qapalılığından irəli gəlir: “Türkmənistan dünyanın nə yasına, nə də xeyrinə qarışmır. Özünü dünyadan təcrid edən ölkəyə böyük bazarın marağı da olmur axı.. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində sözünü demiş, özünü təsdiqləmiş və ən əsası istər region, istərsə də uzaq ölkələrlə dayanıqlı iqtisadi-siyasi əlaqələrə malik ölkə kimi qəbul edilir”.
Qeyd edək ki, Azərbaycanla Rusiya qaz infrastrukturunu birləşdirən Mozdok- Şirvanovka-Hacıqabul boru kəməri var. Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən, Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib.
2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib. 

İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom" şirkətidir.

Onu da qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi üzərində işləyir. Artır dəhlizin bir seqmenti olan TANAP kəmərinin genişləndirilməsi üçün müzakirələr başlanıb. Eyni zamanda dəhlizin Avropadakı hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün  artırılması da gündəmdədir. Azərbaycanın 2022-ci ildə Avropa İttifaqı ilə imzaladığı enerji sahəsində əməkdaşlığa dair memoranduma əsasən 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən 2 ildə CQD-nin genişləndirilməsi istiqamətində ciddi addımların atılması müşahidə olunmur. Avropa İttifaqı genişlənmə planının maliyyələşməsi üçün zəruri olan uzunmüddətli alqı-satqı müqavilələrinin imzalanmasına maraq göstərmir. Bu baxımdan, Azərbaycan qazının ən azı CQD-nin genişlənməsi işləri bitənədək Rusiya və Ukrayna üzərindən Avropaya nəqli mümkün görünür.

Azərbaycan Energetika Nazirliyinin rəsmi məlumatına əsasən, 2024-cü ilin yanvar - may aylarıda ölkədə 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.

5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

Dünya SAKİT,
“Yeni Müsavat”

12.06.2024 10:05
818