Azərbaycan qaz üçün Aralıq dənizinə çıxır: SOCAR nə əldə edəcək?

İlham Şaban: “Bir kəşfiyyat quyusunun qazılması təxminən 100 milyon dollara başa gəlir”

İsrail Energetika Nazirliyi ölkənin Aralıq dənizi sahillərində təbii qaz axtarışları üçün 6 şirkətə 2 lisenziya verib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bu ilin yayında elan edilən tenderin nəticəsi olaraq lisenziyalardan biri İtaliyanın “Eni”, “Dana Petroleum” və İsrailin “Ratio Energies” şirkətlərindən ibarət qrupa təqdim olunub. Bu qrup böyük “Leviafan” yatağının qərb hissəsində işləyəcək.

İkinci qrupa isə Azərbaycanın SOCAR, Britaniyanın BP və İsrailin “NewMed” şirkətləri daxildir. İsrailin enerji naziri İsrael Kats deyib ki, sözügedən şirkətlər qarşıdan gələn üç ildə qaz kəşfiyyatı sahəsində misilsiz investisiyalar yatırmaq öhdəliyi götürüblər.

Lisenziyalar ilkin müddət olaraq üç il üçün verilib. Lisenziyaların müddəti daha sonra nəticələrdən asılı olaraq 7 ilədək uzadıla bilər. Nazirliyin məlumatında deyilir ki, lisenziyaları almış şirkətlər əvvəlcə onlara tapşırılmış sahələri yoxlayacaq, daha sonra isə yatağın inkişaf etdirilməsinə dair qərar qəbul edəcəklər.

"Reuters" yazır ki, BP-nin sözçüsü SOCAR-ın başçılıq etdiyi konsorsiuma lisenziya verilməsini təsdiq edib. BP, SOCAR və “NewMed” iyulda keçirilən tenderdə birgə iştirak edirdilər. “NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 faizdən çox paya sahibdir.

Qeyd edək ki, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində “Heredo” adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Bu bölgənin neft-qazla zəngin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilsə də ilk nəticələr 2009-cu ildə əldə olunub - İsrail öz sahillərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağını kəşf edib. Daha sonra yenə İsrail tərəfindən 620 milyadr kubmetrlik ethiyatı olan “Leviafan” yatağı açılıb. 2011-ci ildə isə Kipr yaxınlığında “Afrodita” yatağı  (200 milyard kubmetr ehtiyatla) aşkarlanıb.

2015-ci ildə İtaliyanın “Eni” şirkəti dənizin Misirə aid hissəsində “Zöhr” yatağını kəşf edib - 850 milyard kubmetrə qədər ehtiyatla. 2018-ci ildə onunla eyni həcmdə daha bir yataq açılıb. İsrail, Misir, Kiprdən əlavə, Aralıq dənizinin Suriya, Livan, Fələstin və Yunanıstan hissələrində də böyük ehtiyatların olduğu güman edilir. Buna görə də böyük qüvvələrin bölgəyə marağı getdikcə artır. ABŞ, Fransa, İtaliya şirkətləri kəşfiyyat işləri üçün müxtəlif ölkələrdən lisenziyalar alırlar.

İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir  ki..." » Reyting.az

İlham Şaban

Azərbaycanın milli neft-qaz şirkətinin bu yarışa qoşulması kifayət qədər ciddi uğur hesab oluna bilər. Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, SOCAR-ın dənizdə kəşfiyyat quyularının qazılmasında kifayət qədər böyük təcrübəsi var: “Bu layihədə SOCAR-ın əsas işi qazma olacaq yəqin ki. Çünki "Caspian Drilling Company Limited" (CDC) MMC bundan əvvəl də Aralıq dənizində kəşfiyyat quyusu qazıb. Bir belə quyunun qazılması 100 milyon dollara başa gəlir. SOCAR işi konsorsium çərçivəsində həyata keçirəcək deyə yəqin ki, investisiyalar da 3 şirkət tərəfindən yatırılacaq. Kəşfiyyat işləri Aralıq dənizinin İsrailə məxsus sularında işlənməkdə olan “Kariş” yatağının yaxınlığında aparılacaq. Əgər kəşfiyyat işləri uğurla nəticələnib, qaz ehtiyatları aşkarlanarsa, SOCAR həm yüksək gəlir əldə edəcək, həm də dənizdə kəşfiyyat işləri sahəsində qlobal miqyasda nüfuzunu ciddi şəkildə artıracaq. Qaz aşkarlanarsa, 7 illik müddətdə yatağın işlənməsinə dair yeni müqavilə imzalanacaq".

Ekspert bildirir ki, əslində yayda elan olunan tenderin nəticələri noyabrda açıqlanmalı idi: “İsrail hökumətinin nəticələri indi açıqlaması, bir növ, siyasi məqsəd daşıyır: mənim layihələrimdə dünyanın ən böyük şirkətləri yer alır mesajı verilir”.

SOCAR-a məxsus CDC MMC-nin internet saytında verilən məlumata əsasən, şirkət Xəzər dənizində ilk müştərək müəssisə kimi, regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə 1996-cı ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak etməkdir.

CDC Xəzərin Azərbaycan sektorunda mövcud 16 Hasilatın Pay Bölgüsü Sazişlərinin kəşfiyyat qazması üzrə əsas icraçısıdır. Şirkətin “İstiqlal” və “Dədə Qorqud” üzən qazma qurğuları vasitəsilə “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, Şahdəniz", “Naxçıvan”, “Abşeron”, “İnam”, “Kürdaşı” və “Araz” dəniz strukturlarında, ümumilikdə, 14 geoloji strukturda 100 dərin kəşfiyyat quyusu, “Şərqi Azəri”, “Qərbi Azəri” və “Mərkəzi Azəri”də 114 əyri və horizontal quyu qazılıb. Qazma fəaliyyəti nəticəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilib.

CDC “İstiqlal” və “Dədə Qorqud” yarımdalma qazma qurğularının modernləşdirilməsini həyata keçirməklə yanaşı, Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusunun da inşasına rəhbərlik edib, onunla “Abşeron” qaz yatağında qazma işləri aparıb. Heydər Əliyev adına yarımdalma qurğusu ilə hazırda “Şəfəq-Asiman” yatağında da qazma işləri aparılır. Bundan əlavə, CDC Aralıq dənizində İzrail dövləti üçün 2 kəşfiyyat quyusu qazıb, Türkiyədə isə 6-cı nəsil “Fatih” qazma gəmisinin reaktivasiyasını həyata keçirib, onunla ilk qazma xidmətini icra edib.

Onu da bildirək ki, Avropanın Rusiya qazından asılılıqdan qurtarmaq planlarında İsrail mühüm yer tutur. 2022-ci ildə İsrailin qaz hasilatı rekord həcmə - 21,9 milyard kubmetrə çatıb. Bu həcmin 12,7 milyard kubmetri 3 faizlik artım nümayiş etdirən daxili tələbatın ödənməsinə, 9,2 milyard kubmetri isə 29 faiz artım qeydə alınan ixraca yönəldilib. İsrailin 2022-ci ilin oktyabrında Aralıq dənizində yerləşən “Kariş” və “Kana” yataqları ilə bağlı Livanla razılığa gəlməsindən sonra ölkənin ixrac potensialı illik 45 milyard kubmetrə qədər artacaq. Bu ilin iyununda İsraildə yeni qaz yatağı kəşf edilib. Yeni yataq hasilat aparılan “Kariş” və “Tanin” yataqları arasında yerləşir. Onun çıxarılabilən qaz ehtiyatları 68 milyard kubmetr həcmində hesablanır. “Katlan” adlandırılan yataqda hasilat işləri üçün “Kariş”dəki infrastrukturdan istifadə olunacaq.

Ölkə Misir və İordaniyaya da qaz satır, lakin bu həcmlər də ixrac potensialını tam reallaşdırmaq üçün yetərli deyil. İsrail qaz ixracını mümkün qədər artırmağa çalışır. Bu zaman əsas alıcı qismində, əlbəttə ki, Avropa İttifaqı çıxış edir. 2022-ci ilin iyununda Avropa Komissiyası Qahirədə İsrail və Misirlə qaz idxalına dair razılaşma imzalayıb. Razılaşmaya əsasən İsrail qazı Misirdəki zavodlarda sıxılacaq, daha sonra maye şəklində tankerlərlə Avropaya ixrac olunacaq. Əvəzində Avropa İttifaqı İsrailə hasilatı artırmaq üçün kəşfiyyat və hasilat işlərində, Misirə isə sıxılmış qaz istehsalı infrastrukturunu genişləndirmək üçün kömək edəcək.

Hazırda İsrail hasil ediləcək qazın ixrac marşrutları üzərində işləyir. 2020-ci ildə İsrail, Yunanıstan və Cənubi Kipr İsrailin “Leviafan”, Yunan Kiprinin “Afrodita” yataqlarının qazını Avropaya çatdıracaq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi haqqında saziş imzalayıblar. Ötən müddət ərzində hər 3 tərəf sazişi ratifikasiya edib, layihənin texniki-iqtisadi əsaslandırılması işlərinə başlanıb. Avropa İttifaqı layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 34,5 milyon avro ayırıb, onu özü üçün maraq dairəsində olan layihə elan edib. Bu isə o deməkdir ki, çəkiləcək kəmər Avropa Komissiyasının 3-cü enerji pasketinin təsir dairəsinə düşməyəcək. Bundan əlavə, ABŞ da layihəni dəstəkləyib. Hətta Afinadakı imzalanma mərasiminə ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeo da qatılmışdı.

Uzunluğu 1900 kilometr olan qaz kəmərinin 1300 kilometri dənizin altından, 600 km-i isə qurudan keçməlidir. Layihənin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər. 2025-2026-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulan kəmərin illik layihə ötürücülük gücü cəmi 10 milyard kubmetr nəzərdə tutulur. Lakin Türkiyənin Kiprə məxsus sərvətlərdən Şimali Kiprin də bəhrələnmək hüququnun olduğunu bəyan edərək, sazişdə bu hüququn təsbit olunmadığına görə ona qarşı çıxması layihənin icrasında durğunluğa səbəb olub. 2022-ci ildə Liviya ilə Türkiyə arasında əldə  edilən razılaşmaya əsasən, kəmərin keçəcəyi ərazinin bir hissəsi - Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Artıq ABŞ-ın layihəyə verdiyi dəstəyi geri çəkdiyi və bunu məhz Türkiyənin etirazlarına görə etdiyinə dair məlumat da yayılıb.

İsrail qazını Avropaya çatdıracaq mümkün variantlar arasında ən səmərəlisi Türkiyə üzərindən çəkilməsi gözlənilən kəmər hesab olunur. Bu qaz kəmərinin uzunluğu 500-550 kilometr, ötürücülük gücü 32 milyard kubmetr, dəyəri isə 1,5 milyard avro həcmində hesablanır. İlkin dəyəri 7 milyard dollar hesablanan “EastMed” 10 milyard kubmetrlik ötürücülük gücü ilə onunla rəqabət aparmaq imkanında deyil.

SOCAR-ın İsrail sahillərində qaz kəşfiyyatı və işlənməsində iştirakı ixrac marşrutunun seçilməsi zamanı Türkiyə variantının üzərində dayanılması üçün əlavə müsbət faktor ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

01.11.2023 08:40
1829