“Azərbaycan antiterror əməliyyatlarla tam suverenliyini bərpa etmiş oldu. Bununla da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində növbəti maneə aradan qaldırıldı”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Xankəndi və ətrafında tam humanitar qaydalara əməl edərək prosesi yüksək səviyyədə aparır:
“Məhz bunu Ermənistan rəhbərliyi də aydın şəkildə qeyd edir. Qarabağdan gedənlər isə Ermənistan vətəndaşlarıdır və bir çoxu da Azərbaycan vətəndaşlığını qəbul etməyənlərdir. Azərbaycan onların da gedişini yüksək səviyyədə təşkil edir və yardımlar edir. Həmçinin Azərbaycan reinteqrasiya siyasətini uğurla həyata keçirir”.
Politoloq rəsmi Vaşinqtonun mövqeyindən bəhs edərkən bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi də artıq bunun fərqindədir:
“ABŞ-ın Qarabağda nəzarət missiyasını təşkil etmək planı regionda güclənməyə xidmət edir. Halbuki, bu, Azərbaycanın daxili işidir. ABŞ bununla yanlış siyasət ortaya qoyur. Azərbaycan qəti şəkildə buna icazə verməyəcək”.
M.Əsədullazadə vurğulayıb ki, biz Qarabağa beynəlxalq təşkilatların və dövlətlərin daxil olmasına imkan verə bilmərik:
“Burada Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələri var. Digər dövlətlər gəlib burada böhran yaradacaqlar. Xüsusilə ABŞ erməni lobbisinin təsiri ilə beynəlxalq missiya adı altında gəlib hər hansı bir müstəsna hüquqa malik olduğunu ortaya atacaq. O halda Azərbaycanın suverenliyinə qarşı proses başlaya bilər. Arzuolunandır ki, ABŞ vasitəçi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına səmimi şəkildə dəstək versin. ABŞ-ın Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyi strateji cəhətdən yanlışdır və bu, Vaşinqtonun region siyasətinin zəifləməsinə gətirə bilər. Amerika Azərbaycanla Cənubi Qafqaz siyasətində ortaq çalışarsa, regionda mövqeyini gücləndirə bilər. Amma Azərbaycan əleyhinə, rəsmi Bakının iradəsinə zidd siyasət aparmaq Vaşinqtonun yeni nizamda siyasətini fiaskoya uğradacaq”.
Elşad,
Musavat.com