Azərbaycan prezidentinin Çinə son səfərindən sonra bu istiqamətlərdə razılıq əldə olundu  

 

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə doğum günü münasibətilə məktub ünvanlayıb. Məktubda yazılıb:

Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.

Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram.

Göründüyü kimi, Çin Xalq Respublikası Azərbaycanla əlaqələrə önəm verir. Bu əlaqələr ildən-ilə inkişaf etməkdədir. Diqqətçəkən məqam bir çox sahələrdə tərəfdaşlığın güclənməsidir. 

Millət vəkili Vüqar Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, Çin və Azərbaycan iqtisadiyyatın bir çox sahəsində sıx əməkdaşlıq edir: "Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Son illər həm ticari, həm də iqtisadi sahədə əməkdaşlığın güclənməsi müşahidə olunur. Azərbaycan prezidentinin Çinə son səfərindən sonra iki ölkə arasında 10-dan çox istiqamətdə sərmayə qoyuluşlarının həyata keçirilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıqlar əldə olundu. Bu, aqrar, sənaye və digər sahələrdə sərmayənin cəlb edilməsi deməkdir".

Millət vəkili vurğuladı ki, Çin Azərbaycan üçün həm də turizm və ixrac baxımından önəm kəsb edir: "Azərbaycana gələn Çinli turistlərin sayında ciddi artım var. Bu ilin 11 ayı ərzində Çindən gələn turistlərin sayında 7 dəfə artım qeydə alınıb. Bu da o deməkdir ki, iki ölkə arasında əməkdaşlıq təkcə, idxal və ixracda deyil, eyni zamanda iqtisadiyyatın fərqli sahələrində müşahidə olunur. Sözsüz ki, biz növbəti mərhələlərdə əməkdaşlığın daha da dərinləşməsini müşahidə edəcəyik. 

 

Nigar HƏSƏNLİ,
Müsavat.com

23.12.2023 15:23
856