Azərbaycan Prezidentindən Qərb və havadarlarına MÜHÜM MESAJLAR  

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı xalqa müraciətində Azərbaycanın qələbəsini həzm etməyən qüvvələrin Ermənistanda revanşizmi alovlandırdığını və onu yeni müharibəyə hazırladıqlarını vurğulayıb.  Ermənistanın silahlanmasının arxasında bilavasitə Fransanın dayandığını, bu məsələdə Fransanın ABŞ və Bayden administrasiyası ilə birlikdə addım atdığını açıqlayıb.

 Bildirib ki, 5 aprel görüşünün mahiyyəti o oldu ki, onlar Ermənistanla birlikdə hərbi pakt yaratdılar. Ermənistanla Azərbaycan arasında sülhə çağırış edənlər 30 illik işğalı, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini, Azərbaycan xalqının maddi-mədəni sərvətlərinin talan edilməsini nəzərə almamaqla yanaşı bunu ümumiyyətlə unutdurmağa çalışırlar.

Prezident deyib ki, 30 illik işğal, habelə öz gücü ilə torpaqların işğaldan azad edilməsi faktları unudulmamalı və nəzərə alınmalıdır. Buna görə də sülhyaratma prosesi birtərəfli olmamalı, bütün komponentlər nəzərə alınmalıdır:

“Süni şəkildə Ermənistanı sülh tərəfdarı, Paşinyanı demokrat kimi beynəlxalq ictimai rəydə təqdim etmək istəyirlər. Köçəryan, Sərkisyan, Paşinyan və ya digər şəxslər olmasından asılı olmayaraq mahiyyət dəyişmir, bu işi aparanlar öz çirkin niyyətlərindən əl çəkmirlər. Ermənistanı silahlandıran ölkələr sırasında Hindistan həm də BMT TŞ üzvü olmaq istəyir.  Militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları alovlandıran daha bir ölkə bu cür mühüm bir qurumda təmsil olunmamalıdır”. 

Prezident vurğulayıb ki, artıq tarixdə qalan, qondarma erməni soyqırımını tanıyan,  ədalətsiz 907-ci düzəlişi bərpa edən Bayden administrasiyası ABŞ-ın antiazərbaycan siyasətini ən pik həddə çatdırmışdı:

“Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub.  Dünyanı qan içində boğmağa, bütün bölgələrdə yeni-yeni münaqişə ocaqları alovlandırmağa çalışan Bayden administrasiyası ölkə daxilində də yarıtmaz siyasəti ilə yadda qaldı. Nə əhalinin sosial durumu yaxşılaşdı, nə iqtisadiyyat irəlilədi, üstəlik, Amerikanın dövlət borcu astronomik həddə yüksəldi. Məhz Bayden administrasiyası Amerikanın ictimai-siyasi həyatının bütün eybəcərliklərini açıb dünyaya nümayiş etdirdi. Onlar Trampa qarşı inzibati resurslardan istifadə etməkdən tutmuş siyasi və fiziki terrora qədər istifadə etdilər, amma öz məqsədlərinə nail ola bilmədilər. Bayden administrasiyası Amerika tarixinə ən riyakar, nankor və səbatsız bir administrasiya kimi düşdü. Ancaq baydenlər, makronlar və onların  təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, Azərbaycanı təzyiq yolu ilə heç nəyə məcbur edə bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də Ermənistana layiqli cavab verməyə və bütün oyunları pozmağa hazırdır.

News 365

“Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın regional müdafiə və təhlükəsizlik siyasətində güc vasitəsilə sülh yanaşmasına qayıda biləcəyini nümayiş etdirir” - Musavat.com xəbər verir ki, bu fikirləri siyasi təhlilçi Aqşin Kərimov Prezident İlham Əliyevin Zəfər günündə çıxışına münasibət bildirərkən deyib.

O əlavə edib ki, Azərbaycana qarşı Ermənistan cəbhəsində getdikcə artan aqressivlik İrəvanla müttəfiqlik və tərəfdaşlıq fonunda qabarıq görünür: “Hazırda Ermənistan səbəblərdən asılı olmayaraq regional təhlükənin mərkəz nöqtəsidir. Bu, ona gətirib çıxarır ki, Ermənistan daha çox təxribatların, hətta potensial olaraq regional eskalasiyanın başlanğıcı rolu ilə yüklənir. İlham Əliyev Ermənistana və onu mənəvi, siyasi və hərbi himayəsinə götürmək istəyən qüvvələrə regional qarşıdurmalarla məşğul olmağın İrəvan üçün yarada biləcəyi nəticələri anons edir”.

Siyasi təhlilçi deyib ki, Azərbaycan regionda Ermənistandan ibarət monolit maraqlar formalaşdırıb, sonrakı mərhələdə geosiyasi cəbhə xətlərini alovlandırmaq istəyən Hindistan, Fransanın tarazlığını pozmaq hüququna malikdir: “Çünki Ermənistanın silahlandırılması Azərbaycana qarşı təzyiq kampaniyasının maksimum nöqtəyə gəlib çıxmasına hesablanıb. İlham Əliyev buna imkan verilməyəcəyini dəfələrlə bəyan edib və bundan sonra yarana biləcək hər hansı hərbi qarşıdurmaya görə Ermənistanla yanaşı onun havadarlarının məsuliyyət daşıyacağına birbaşa eyham vurur. Deməli, Azərbaycanın Ermənistanla sülh gündəmində yarana biləcək provokasiya xətlərini dağıtmaqdan ötrü intensiv strategiya hazırladığı görünməkdədir. Bu, Azərbaycanın postmüharibə dövrünün riskləri üçün əvvəllər qəbul ediləndən daha geniş və fərqli kurs təyin etdiyini bəyan edir”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanla tərəfdaşlıq münasibətlərini saxlamaq istəyən ABŞ-yə gəlincə, o, Ermənistanla mümkün sövdələşmələrdən qaçmalı, ikibaşlı siyasətdən əl çəkməlidir: “Çünki Azərbaycanın geosiyasi və geoiqtisadi potensialını artırması, hərbi qüdrəti Ermənistanın mövcud regional situasiyanı geri oxutmasını mümkünsüz edir. Bu baxımdan Azərbaycana, onun strateji müttəfiqi Türkiyəyə qarşı rəqabət qabiliyyətini Ermənistan üzərindən aparmaq sadəcə olaraq Azərbaycanın potensiallarına təsir etməyəcək əlavə xərclərdir”.

Siyasi təhlilçi bildirib ki, ABŞ bunları və Mərkəzi Asiya üzrə strategiyasının Azərbaycanla, Türkiyə ilə  koordinasiyasını nəzərə alıb regionda qeyri-müəyyənlik yaratmaqdansa, Bakı-Ankara strateji müttəfiqliyini önə çıxaran strategiya yürüdə bilər:

“ABŞ buna məcbur qala bilər. Çünki Azərbaycanın Qərbdə Böyük Britaniya, şimalda Rusiya, Şərqdə Çin kimi tərəfdaşları var və Vaşinqton da Bakının irəliləyən strateji sərhədlərində özünə yer etməyi düşünə bilər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

09.11.2024 14:57
523