Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
Musavat.com xəbər verir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.
Dövlətimizin başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı.
Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır.
Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.