Azərbaycan-Özbəkistan müttəfiqliyi- Gələcək planda bunlar var

 

Azərbaycan daha bir türk dövləti ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Söhbət Mərkəzi Asiyanın ən böyük və ən sürətlə inkişaf edən ölkələrindən biri olan Özbəkistandan gedir. Azərbaycanla Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq edirlər. Bu təşkilatın fəaliyyəti Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra sürətlə aktivləşib. Məhz bu qələbədən sonra iki türk dövləti olan Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin verdiyi üstünlük digər türk dövlətlərini də qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə stimullaşdırdı. Bu baxımdan, Özbəkistan xüsusilə seçilir. Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə açıq mətnlə ilk təbrik edənlərdən biri Özbəkistan prezidenti Şavkat Mirziyoyev oldu. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətləri şəxsi dostluq müstəvisinə qədər yüksəlib.

Özbəkistan Azərbaycanı qələbə münasibətilə təbrik etməklə kifayətlənməyib, Füzuli şəhərində 960 yerlik orta məktəb inşa etməklə qardaşlıq sevgisini açıq nümayiş etdirib. İki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə avqustun 22-23-də Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə nümayəndə heyətilə Özbəkistana səfəri zamanı rəsmiləşdirildi.

Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu. Sənədlərdən birincisi isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” idi.

d8adec93-6cdb-3658-b662-320ab9d8.jpg (140 KB)

İki qardaş ölkə arasında imzalanan sənədlərdən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı” (“Yol xəritəsi”) və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” mühüm yer tutur.

Azərbaycan və Özbəkistan qarşılıqlı sərmayə qoyuluşunu artırmaq üçün yaratdıqları İnvestisiya Fondunun həcmini 500 milyon dollardan  1 milyard dollara qədər artıra bilər. Daşkənddəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Fondun daha böyük vəsaitlərlə işləməsinin gərəkdiyini vurğulayıb. Səfər çərçivəsində Daşkənddə Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofis Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşir.

Son illərdə Azərbaycanın Özbəkistana investisiyalarında sürətli artım qeydə alınır. Belə ki, 2021-ci ildə Azərbaycandan Özbəkistan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 8,6 milyon dollar, 2022-ci ildə 23,9, 2023-cü ildə 23,2 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə investisiyaların həcmi 15,4 milyon dollara çatıb.

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Yaradılan İnvestisiya Fondunun strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir. Birgə sərmayəyə əsaslanan şirkətin fəaliyyəti qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-dək layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparan şirkətin gələcəkdə ikitərəfli strateji investisiyaların genişləndirilməsi, özəl sektorun dəstəklənməsi və sahibkarlığın stimullaşdırılması istiqamətində fəaliyyəti artacaq. Uğurlu investisiyalar yeni səmərəli layihələr və iş yerləri yaradacaq, ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.

Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Ötən il iki ölkə arasında  ticarət dövriyyəsi 178 milyon 771 min ABŞ dolları həcmində olub. O cümlədən ixracın həcmi 47 milyon 115.58  min, idxalın həcmi isə 131 milyon 656.15  min ABŞ dolları təşkil edib. Bu ilin 7 ayında qarşılıqlı ticarət 118 milyon 281,19 min dollara yüksəlib. O cümlədən ixrac 18 milyon 604.47 min dollar, idxal isə 99 milyon 676.72 min dollar təşkil edib.  Azərbaycan Özbəkistandan əsasən pambıq, kətan parçalar, paltarlar, örtüklər, paltaryuyan maşınlar, kondisionerlər, meyvə qurusu, çərəzlər idxal edir. Bu ölkəyə satışımızın mühüm hissəsi neft məhsullarıdır. Hər iki ölkə rəhbərliyinin qəti mövqeyi qarşılıqlı ticarətin sürətlə artırılmasıdır.

Daşkənddə əldə olunan razılığa əsasən növbəti il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan ediləcək, qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə 20 əsas istiqamət üzrə proqram qəbul olunacaq.  

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyət istiqamətlərindən biri də üçüncü ölkələrə investisiyalar olacaq. Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyətini genişləndirmək imkanı var. Belə ki, avqust ayında Azərbaycan və Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfəri birgə fəaliyyət üçün potensial və perspektivli istiqamətdir. Aydın məsələdir ki, iki ölkənin birgə çalışmaq potensialı Əfqanıstanla məhdudlaşmır.

Özbəkistan və Azərbaycan Bakıda, Şuşada, Daşkənddə və Səmərqənddə ticarət evləri və sərgi salonları açmağı planlaşdırır. Rəsmi Daşkənd Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib. Eyni zamanda  Özbəkistan Azərbaycanda faydalı qazıntıların işlənməsinə və emalına, habelə tikinti materiallarının istehsalını təşkil etməyə və onlardan Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərində istifadə etməyə hazırdır.

Hazırda Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir ki, onlardan 62-si müştərək, 174-ü isə 100 faiz xarici kapitallı müəssisədir. Açıqlanan rəsmi məlumatlara əsasən Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Azərbaycanın Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.

Məlumdur ki, Özbəkistan son illərdə ölkəyə xarici investisiyaların cəlbi sahəsində çox böyük nailiyyətlər əldə edib. Ölkədə biznes mühiti investorlar üçün cəlbedici hala gətirilib ki, bu da Özbəkistanın investisiya cənnəti imicinin formalaşmasına gətirib çıxarıb. Daşkənd ölkəyə investisiya yatıran xarici sahibkarlar, şirkətlər üçün çox əlverişli şərtlər təklif edir. Nəticədə, xüsusilə Körfəz ölkələrindən, Avropa İttifaqından çoxsaylı investorlar Özbəkistana axmağa başlayıb. 2022-ci ildə ölkə iqtisadiyyatına yatırılan xarici birbaşa investisiyaların həcmi 2,5 milyard dollar, 2023-cü ildə isə 7,2 milyard dollar təşkil edib.

Azərbaycanla Özbəkistan arasında iqtisadi münasibətlərin bir istiqamətini də Transxəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsi təşkil edir. Asiyadan Avropaya və əksinə yükdaşımaların Rusiyadan və ənənəvi dəniz yolundan kənarda ən əlverişli yolu olan Transxəzər marşrutunun inkişafı üçün hər iki ölkə maksimum səy göstərir.

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək

Bundan əlavə, Azərbaycan Özbəkistanın Qara dəniz Yaşıl Enerji Dəhlizi-Elektrik kabeli layihəsində iştirakını dəstəkləyir. Avropa İttifaqının dəstəyi ilə icra olunan layihə Azərbaycandan Avropaya bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan və Özbəkistan bu layihənin iştirakçısına çevrilmək üzrədir. May ayında 3 ölkə alternativ mənbələrdən əldə edilən enerjinin Xəzər dənizi və digər ölkələrin ərazisi ilə Avropaya çatdırılması sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar. Bu layihədə Xəzərin o tayından Azərbaycana elektrik enerjisi ötürmək potensialı daha çox Özbəkistandadır. Belə ki, son 4 ildə bu ölkə 10,1 milyard dollar dəyərində 25 müasir elektrik stansiyasının tikintisinə dair müqavilələr bağlayıb və onlar 2026-cı ilin sonunadək istifadəyə veriləcək. Ümumi gücü 11,9 min MVt olan 25 elektrik stansiyasından doqquzu istilik, doqquzu günəş, yeddisi isə külək enerjisi ilə işləyəcək. Onların istismara verilməsi Özbəkistanın enerji sisteminin mövcud gücünün 60 faiz artmasına səbəb olacaq.

Özbəkistanın inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilə qədər ümumi generasiya gücü 2,4 dəfə artırılaraq 44,9 GVt-a çatdırılacaq. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin payı 40 %-ə qədər artırılacaq və bu məqsədlə ümumi gücü 18,8 GVt (8,6 GVt – günəş, 10,2 GVt – külək) olan günəş və külək enerjisi istehsalı ilə bağlı layihələr həyata keçiriləcək. Beləliklə, ortamüddətli dövrdə Özbəkistan Azərbaycanla əməkdaşlıq şəraitində yaşıl enerji ixracatçısına çevriləcək.

 

Musavat.com

26.08.2024 09:36
1761